Neft Akademiyasında yeyinti var, bir dekan işdən çıxarılıb

Ali məktəbin rəhbərliyi də Milli Məclisdəki müzakirələri gözləyir




Hesablama Palatası tərəfindən Dövlət Neft Akademiyasında büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar aşkarlanması cəmiyyətdə ciddi rezonans doğurub.

Hətta KİV-də bununla bağlı 13 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görüldüyü, 1 dekanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.

Yayılan məlumatlara aydınlıq gətirən Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlı "Şərq”ə açıqlamasında bildirib ki, Hesablama Palatasının gəldiyi qənaət budur və məsələnin Milli Məclisdə müzakirəsi gözlənilir”.

T.Qafarlı işçilərə töhmət verilməsinə və işdən çıxarılmasına da münasibət bildirib: "Qeyd olunan sayda əməkdaşların çıxarılmasında, göstərilən rəqəm şişirdilib. Yoxlamalara əsasən yalnız bir dekan, Hazırlıq fakültəsinin dekanı Rafiq Kazımov vəzifəsindən uzaqlaşdırılıb. Hazırlıq fakültəsinin dekanlığı Əcnəbi tələbələrlə iş üzrə dekanlıqla birləşdirilib”.

Qeyd edək ki, Hesablama Palatası ADNA-da apardığı auditin nəticələrini müzakirə edərək, aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair qərar qəbul edib. Həmin qərar icra üçün Təhsil Nazirliyinə və Dövlət Neft Akademiyasına göndərilib. Nəzarət tədbirlərinin nəticələri üzrə Milli Məclisə məlumat verilib. Aprelin 14-də isə MM-də nəticələr müzakirə olunacaq.

Vüqar Şahinoğlu