Neftin 60 dollara qalxması gözlənilmir- ekspert




OPEK ekspertlərinin görüşündən sonra neftin qiyməti qalxmayacaq

Bunu Sherg.az-a OPEK-in noyabrın 26-28-nə planlaşdırılan görüşünün nəticələri haqda danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Ekspertin sözlərinə görə, həmin təşkilatın noyabrın 30-da keçiriləcək sammitindən sonra vahid razılıq əldə olunmazsa, qeyri-ciddi vəziyyət yaranacaq: 

"Ekspertlərin hesablamalarından sonra artıq sammitin nəticələri haqqında dəqiq məlumat veriləcək. OPEK ölkələrinin müəyyən razılığa gəlməsi gözlənilir, lakin bu bazara minimum təsir göstərəcək. Çünki razılığın əldə olunması çərçivəsində buna nəzarət etmə mexanizmi OPEK daxilində mümkün deyil. Bununla yanaşı təşkilata daxil olan İran, İraq, Nigeriya, Libya kimi ölkələr hasilatı pik həddə çatdırdıqdan sonra dayandırmağı düşünürlər. Neft hasilatının böyük həcmi Səudiyyə Ərəbistanının üzərinə düşdüyündən müəyyən narazılıq yaşana bilər. Ərbistan nefti azaltmağı üzərinə götürüb, problemləri həll edəcək”.

Ekspert əlavə edib ki, OPEK ölkələri keçirilən sammitlərdən sonra hasilatın həcmini pik nöqtəyə çatdırır: 

"Bu il oktyabr ayında neft hasilatı ən pik nöqtəsinə çatıb.Sammitdən sonra neftin qiymətində olacaq dəyişikliyə gəlincə, qiymətlərin hazırki səviyyədə qalacağı gözlənilir. OPEK dövlətlərinin hədəf kimi qoyduğu 60 dollara qədər qiymətlərin qalxması isə reallaşmayacaq. Çünki OPEK-ə daxil olmayan ölkələrdə, o cümlədən Amerikada ciddi hasilat artımı müşahidə olunur. Bu səbəbdən neftin bahalaşacağı gözlənilmir”.

Aysel Aslan