Bəli, satıcılar, işbazlar qozu sulandırırlar -AÇIQLAMA

Ağa Salamov: Keyfiyyətli qozun qabığı bərk olmalı, yüngül sıxılma ilə dərhal sınmamalı və ya əyilməməlidir

Marketlərdə təzə qozun qiyməti xeyli ucuzlaşıb – 3-4 manat civarındadır. Bir neçə gün əvvələ kimi pərakəndə satışda 6-7 manata satılan təzə qoz niyə bu qədər ucuzlaşdı? Satışa çıxdığı vaxtdan indiyədək təzə qozun keyfiyyətsiz olmasına dair sosial şəbəkələrdə paylaşımlar edilir. Çəkisi ağır gəlsin deyə qoz kisələrinin siya salındığı, suya salındığı üçün də içinin kifləndiyini söyləyənlər bunu sübut edən fotolar da paylaşırlar. Hətta köhnə qozları təzələrə qatıb müştəriyə satanlar da var. Odur ki əhalidə inamsızlıq yaranıb, təzə qoz almaqdan vaz keçirlər, baha olsa da, qoz ləpəsi almağa üstünlük verirlər, çünki ləpənin köhnəliyini-təzəliyini gözlə ayırd etmək mümkündür, dadına da baxıb almaq olar. Təzə qozun satışında azalma var deyə, qiymətini endirib alıcını bununla şirnikləndirirlər. 

Qida məsələləri üzrə ekspert Ağa Salamov Sherg.az-a açıqlamasında bildirdi ki, təzə qozun tərkibində nəmlik, rütubət daha çox olur, nəinki tam yetişmişinin tərkibində. Təzə qoz yaş olmalıdır, çünki hələ tam yetişməyib. Qoz o zaman tam yetişmiş olur ki, üst qabığı bərkiyir, qabıq bərkidikcə qozun tərkibindəki su da getdikcə azalır, quruyur. Bu halda qoz daha şirin və faydalı olur:

 - Bəli, satıcılar, işbazlar qozu sulandırırlar. Bir müddət suyun içində saxlayıb nəmləndirirlər. Amma bunu inkar edir və sulu görünməsini belə əsaslandırmağa çalışırlar k guya qozu üst qabığından çıxarmaq üçün suya qoymalıdırlar. Əslində isə ceviz ağacda qalıb yetişdikcə üst yaşıl qabığı özü quruyur, çatlayıb tökülür, qoz çırpılanda da, yerə düşəndə də ən üst qabıq parçalanır, tökülür əsasən, ola bilər azacıq üzərində qalmış olsun. Sadəcə, alverçilər təzə qozu bazara tez çıxarmaq istəyir, ona görə də hələ tam yetişməmiş qozu alır, suya qoyur ki qabığı asan çıxsın, həm də suda qalan qozun çəkisi ağırlaşır. Və bunu da bazara çıxarırlar. Satıcıların 70-80 faizi belə edir. Ona görə də satışdakı cevizlər yaşdır. 

A.Salamov bildirdi ki, kiflənmiş qoz zərərlidir, orqanizm üçün təhlükəlidir. Vətəndaşlar təzə qoz alarkən bir neçə məsələyə diqqət etməlidir:

- Əlbəttə ki nəmləndirilmiş qozların içinin, ləpəsinin kiflənəcəyi şübhəsizdir. Qozlar suya salınıb nəmləndirilirsə, uzun müddət kisədə qaldıqda kiflənəcək. Kifli qozları yemək ciddi təhlükədir. Kif göbələkləri zəhərlidir. Təzə və keyfiyyətli qoz seçmək üçün mağazada və ya bazarda yoxlaya biləcəyiniz çox sadə və effektiv üsullar var. Qozun içinin dolu, dadlı və çürük olmadığını bilmək üçün bəzi qaydalara diqqət etsək yaxşıdır. Çəki testi aparmaq olar. Qozu ovucunuza götürün, əgər ölçüsünə görə gözlədiyinizdən daha ağırdırsa, deməli, içi doludur və hələ qurumayıb. Yüngül qozlar adətən içi boş, qurumuş və ya çürük çıxır. Bir neçə qozu qulağınızın yaxınlığında yavaşca yelləyin. Əgər içindən "tıq-tıq" deyə ləpənin qabığa dəymə səsi gəlirsə, deməli, ləpə kiçilib, quruyub və ya içi boşdur. Dolu və təzə qozun içindən demək olar ki, səs çıxmamalıdır. Qabığın rəngi və görünüşü də əsasdır. Qabığı açıq qum rəngində, təmiz və ləkəsiz olanlara üstünlük verin. Üzərində qara ləkələr, kif əlamətləri və ya kiçik dəliklər olan qozların içi çox vaxt xarab olur. Belə qozları almaq məsləhət deyil. Keyfiyyətli qozun qabığı bərk olmalı, yüngül sıxılma ilə dərhal sınmamalı və ya əyilməməlidir. Çox tez sınan qabıqlar çürümə göstəricisi ola bilər. Qozu əlinizə alıb iyləyin, təzə qozun xoş, təbii ətri olur. Acı, kif və ya rütubət qoxusu verən qozları almamaq məsləhətdir.