Gəmi qəzasında 100-dən çox miqrant, o cümlədən 15 uşaq boğularaq ölüb - BMT

Cibuti sahillərində baş verən gəmi qəzası nəticəsində azı 109 miqrant, o cümlədən 15 uşaq həlak olub. Daha 116-dan çox insan itkin düşmüş hesab olunur.

Sherg.az xəbər verir ki, bu barədə BMT sisteminə daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Təşkilatın məlumatına görə, aşan gəminin göyərtəsində 305 nəfər olub. Cibutidən Yəmənə doğru hərəkət edən qayıq oktyabrın 9-na keçən gecə Obok şəhərinin şimalında, Quhere ərazisində qəzaya uğrayıb.

Həlak olanlar arasında 52 kişi, 42 qadın və 15 uşaq var. Sərnişinlərdən 80-dən çoxu xilas edilib. Onların hamısı Efiopiya vətəndaşıdır. Cibuti hakimiyyəti axtarış-xilasetmə əməliyyatını davam etdirir.

BMqT qeyd edib ki, Afrika Buynuzu regionundakı ölkələrin on minlərlə sakini hər il Cibuti ərazisindən və Babül-Məndəb boğazından keçərək Yəmən vasitəsilə Fars körfəzi ölkələrinə üz tutur. Miqrasiyanın əsas səbəbləri arasında təhlükəsizlik vəziyyətinin qeyri-sabitliyi və iqlim dəyişikliyinin getdikcə ağırlaşan nəticələri göstərilir.

BMqT-nin monitorinq sisteminin məlumatlarına əsasən, sentyabrın 10-dan etibarən Efiopiyadan Cibutiyə 20 mindən çox miqrant gəlib.

2025-ci ildə bu marşrut üzrə 900-dən çox insan həlak olub və ya itkin düşüb. Eyni zamanda, həmin yolu seçən miqrantların sayı 18 faiz artıb. 2026-cı ilin martında baş verən daha bir gəmi qəzası nəticəsində 9 nəfər həyatını itirib, 45 nəfər isə itkin düşüb.