Neftin bahalaşması büdcəyə müsbət təsir edəcək
“Bu dəfə Mərkəzi Bank və hökumətin kəskin devalvasiyaya gedəcəyini düşünmürəm”
Mart ayının 7-dən etibarən dünya bazarında Brent markalı neftin qiyməti 40 dolları ötüb. Martın 9-da isə İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13 dollar azalaraq 39,52 dollarda qərarlaşıb. Azərbaycan nefti isə bahalaşıb. Belə ki, ötən gün "AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,54 faiz artaraq 40,57 dollar təşkil edib. Bəs görəsən, neftin bahalaşması prosesi nə qədər davam edəcək. Bu proses davam edəcəyi təqdirdə Azərbaycanın dəqiqləşdirilmiş büdcəsinə yenidən baxmağa ehtiyac olacaqmı? Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov neftin qiymətinin bahalaşmasının problemlərin həllində müsbət rol oynayacağını deyib: "Hazırda neftin qiyməti 40 dollara yaxındır. Amma gözləmək lazımdır ki, görək bu qiymətlər uzunmüddətlidir, yoxsa yox... Hər halda prosesi izləmək lazımdır. Çünki danışıqlar gedir. İran nefti dünya bazarlarına yeni çıxıb, martın sonunda toplantı da gözlənilir”. V.Əhmədov neftin qiymətinin artması fonunda büdcəyə yenidən baxılıb-baxılmamasının hər hansı problem yaratmayacağını bildirib: "Neftin qiymətinin artımı əlbəttə, Azərbaycanın dövlət büdcəsinə, Dövlət Neft Fonduna əlavə vəsait toplanmasına gətirib çıxaracaq. Büdcənin 25 dollardan hesablanması, hazırda neftin 40 dollar olmasının yalnız müsbət tərəfləri ola bilər. Mən hesab edirəm ki, neftin qiymətinin qalxması fonunda dövlət büdcəsinə yenidən baxılmaması elə bir problem yaratmaz. Amma izləmək lazımdır. Hazırda proqnoz vermək çox çətindir. Əslində neftin qiymətinin kəskin artımını gözləmirəm, amma hər halda prosesi izləmək lazımdır”.
REAL Hərəkatının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə neftin bahalaşmasının müvəqqəti xarakter daşıdığını düşünür: "Beynəlxalq Energetika Agentliyinə üzv olduğum üçün onların həftəlik və aylıq hesabatlarını əldə etmək və incələmək fürsətim olur. Həmin hesabata əsasən deyə bilərəm ki, neftin ortalama qiymət proqnozu xeyli dərəcədə aşağı götürülüb. Ötən hesabata nisbətən həm Brent markalı, həm də amerikan markalı neftinin qiymətinin 10-15 faiz daha ucuz olması ehtimalı öz əksini tapıb. Zənnimcə, son dövrlərdə neftin qiymətinin qalxmasının yeganə səbəbi bazara sözlü müdaxilələr idi. Tələb və təklifdə fundamental dəyişikliklər yoxdur. Rusiya ilə OPEC arasında danışıqların getməsi bazara psixoloji təsir yaratdı və qiymətlər müəyyən qədər bahalaşdı.
- Bəs, neft hansı həddə qədər bahalaşa bilər?
- Mart ayının 20-də OPEC-lə Rusiya arasında növbəti danışıqlar gözlənilir ki, bu zaman müəyyən qərarların verilməsi ehtimalı var. Əgər o vaxta qədər neftin qiymətindəki oynaqlıq davam etsə belə, bazarın hansı yönə istiqamətlənəcəyini qərardan sonra müəyyən etmək mümkün olacaq. Amma hasilatın azalacağı planının qəbul olunacağını güman etmirəm. Çünki aparıcı OPEC ölkələri və İran bunun əleyhinədir. Hasilatın azalması planı qəbul olunmasa və bazar bu gözləntiləri doğrultmasa, ayın 20-dən sonra neftin qiymətində kəskin enişlərin şahidi ola bilərik.
- Müvəqqəti də olsa, neft bahalaşır, bəs manat niyə günü- gündən dəyərdən düşür?
- Manatın ucuzlaşması birmənalı olaraq rezervlərin kəskin azalması ilə bağlıdır. Mərkəzi Bankın cəmi 4 milyard rezervləri qalıb. Bu isə o deməkdir ki, son günlər MB yox, Neft Fondu bazara neft çıxararaq Bankın rezervlərini qorumağa çalışır. Bu gün (dünən) də Neft Fondu 26 banka 50 min dollar satıb. Görünən odur ki, Mərkəzi Bank rezervlərinin kritik həddən, yəni 4 milyarddan aşağı düşməsini istəmir. Amma ölkə daxilində dollara olan tələbat günü-gündən artır. Ölkənin bir çox sahələrdə idxaldan asılılığı 100 faizə qədərdir. Hansı ki, ölkədə qıtlıq yaranmasın deyə həmin məhsulların idxalı mütləqdir. Buna görə də dollara tələbat artır. Digər səbəb isə büdcə xərcləmələrinin artırılmasıdır. Büdcəyə olan dəyişikliklər təsdiq olunana qədər infrastruktur layihələri və nazirliklərə vəsaitlərin ayrılmasında "xəsislik” edirdilər. Amma təsdiqlənəndən sonra büdcə xərcləmələri artırıldı. Bu isə dollara olan tələbatın artması ilə nəticələndi. Çünki bir çox infrastruktur layihələrinin icrasında xaricdən gətirilən materiallardan istifadə üstünlük təşkil edir. Çox təəssüf ki, bu tendensiyanın davamlı olma ehtimalı çox yüksəkdir. Bu tendensiyanın dayanması üçün neftin qiymətinin ən azı 80-90 dollara qədər yüksəlməsi gərəkdir. Yaxın gələcəkdə isə neftin bu həddə qədər bahalaşması gözlənilən deyil. Deməli, dollara olan tələb artdıqca, manata təzyiqlər də artacaq. Manatın məzənnəsinin yumşaq şəkildə aşağı düşməsi prosesi davam edəcək. Amma bu dəfə Mərkəzi Bank və hökumətin kəskin devalvasiyaya gedəcəyini düşünmürəm. Çünki baş verən 2 kəskin devalvasiya ölkə iqtisadiyyatına çox ciddi zərbə vurdu, hətta iqtisadiyyatımızı şok vəziyyətə saldı desək, daha doğru olar. Faktiki olaraq, iqtisadi münasibətlərdə depressiya vəziyyəti yaranıb.
- İndiki mərhələdə neftin bahalaşmasının büdcəyə müsbət təsirləri varmı?
- Təbii ki, bu artımların dövlət büdcəsinə müəyyən təsirləri olacaq. Hər halda neft nə qədər baha olsa, ölkəyə gələn valyutalar bir o qədər çox olacaq. Amma əsas məsələ ondan ibarətdir ki, indiki artım belə ölkənin valyuta ehtiyatlarına olan tələbatı ödəməyə kifayət etmir. Neftin qiyməti 40 yox, ən azı 60 dollardan yuxarı olmalıdır ki, iqtisadi münasibətlərdə müəyyən stabillik yaransın.
Şəymən