Neftin qiyməti 55 dollar olacaqsa, Neft Fondunun ehtiyatları yüksələcək”





"Büdcə hesablamalarında neftin qiymətinin 45 dollar götürülməsi ehtiyatlı və doğru yanaşmadır”.

Bunu "Sheg.az”a iqtisadçı - ekspert Natiq Cəfərli deyib. 

O söyləyib ki, neftin qiyməti bundan yüksək olsa, Neft Fonduna əlavə vəsaitlər daxil olacaq:

"Bu ilin büdcəsində də qiymətin aşağı götürülməsi hesabına Neft Fondunun gəlirlərində artım müşahidə olundu. Neftin qiymətləri müxtəlif vaxtlarda yüksək oldu, hətta 60 dolları keçdi. Ona görə, Neft Fondunun ehtiyatları da çox oldu. Həmçinin tədiyyə balansında müsbət saldonun güclənməsini müşahidə etdik. Bu nöqteyi-nəzərdən konservativ yanaşma düzgündür.

Neftin qiyməti ilə bağlı böyük agentliklərin proqnozlarına baxanda görürük ki, ortalama qiymətin 55 dollar olması ehtimalı yüksəkdir. Təbii ki, neft bazarı çox həssasdır. Siyasi və müvəqqəti faktorları kənara qoysaq, gələn il iqtisadi faktorları sırf nəzərə alsaq, bu proqnozlara inanmaq olar. Amma hasilatın azalması ilə bağlı OPEK ölkələrinin öhdəliyi var. Bu öhdəliyin gələn il sona yetəcəyi də proqnozlaşdırılır. 

Sözsüz ki, daim hasilatı azaltmaq mümkün deyil. Bu, gələn il baş tutacaqsa, hasilatın yenidən artması neftin qiymətlərinə mənfi təsir göstərər. OPEK-in verdiyi qərarlardan hələ ki, yararlanan ölkə ABŞ-dır. Gələn il ABŞ-da neftin hasilatı 10 milyonu keçəcək. Bu da neft qiymətlərinə ciddi basqı yarada bilər.

Neftin ortalama qiyməti proqnozlaşdırıldığı kimi 55 dollar olacaqsa, dövlət büdcəsinin aşağı götürülməsi sayəsində Neft Fondunun ehtiyatları yüksələcək”.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barel çoxdur.

Aysel Aslan