Neftin qiyməti hələ bahalaşmayacaq

Proseslər ABŞ-ın müdaxiləsi nəticəsində baş verir



"LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov 2015-ci ilin sonuna qədər neftin qiymətinin 60-65 dollar civarında olacağını proqnozlaşdırır.

Belə ki, şirkət prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakı zamanı jurnalistlərə bildirib ki, ilin sonunadək neftin qiymətinin 60-65 dollar arasında dəyişəcəyini güman edir. Qeyd edək ki, bir qədər əvvəl o, yaxın perspektivdə - 3 il ərzində dünya bazarında neftin qiymətinin 60-70 dollar/barel olacağını söyləmişdi.

İqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə açıqlamasında qeyd edib ki, neftin dünya bazarındakı qiyməti iqtisadi faktorlarla yanaşı, siyasi amillərlə də tənzimlənir: "Ehtimal olunurdu ki, getdikcə ABŞ-ın neftə tələbatı yüksəlir. Amma görünən odur ki, neftin qiyməti öz stabilliyini qoruyub saxlamaqdadır. Bu baxımdan növbəti aylarda da praktiki olaraq neftin bahalaşmayacağı gözləniləndir. Ona görə də onun qiyməti ilə bağlı konkret proqnoz vermək çətindir. Çünki bir daha vurğulayıram ki, neftin dünya bazarındakı qiyməti heç də iqtisadi faktorlarla tənzimlənmir. Burada siyasi ambisiyalar da böyük rol oynayır. Əsasən də, proseslər ABŞ-ın müdaxiləsi nəticəsində baş verir. Bütün hallarda neftin qiymətinin ilin sonuna qədər dəyişilməz qalacağı proqnozlaşdırılır”.

Ayyət Əhməd