“Əvvəl-axır onlar ayağa qalxıb, haqlarını tələb edəcəklər”
Nemtsovun qətlində müsəlman izi ola bilməz
Rusiyada avtoritarizmin olmasından bütün xalqlar əziyyət çəkir
“Əvvəl-axır onlar ayağa qalxıb, haqlarını tələb edəcəklər”
“Əvvəl-axır onlar ayağa qalxıb, haqlarını tələb edəcəklər”
Fevralın 27-də Moskvada, Kremlin beş addımlığında rusiyalı müxalif siyasətçi Boris Nemtsovun güllələnməsi ölkədə əməlli-başlı ajiotaja səbəb oldu. Hakimiyyət müxalifət liderinin ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürsə də, çoxları buna inanmadı və qətldə Rusiya dövlətinin rəhbərliyindən şübhələndi. Nemtsovun öldürülməsinə etiraz edən minlərlə rusiyalı küçələrə axışaraq hökumət əleyhinə şüarlar səsləndirdi. Rəsmi Moskvanın Nemtsovun qətl edilməsi ilə bağlı indiyə qədər ortaya atdığı iddialar qəbul olunmadığına görə hakim dairələr cinayəti Qafqaz mənşəli şəxslərin, yəni müsəlmanların üzərinə atdılar.
Hələ qətlin ertəsi günü rusiyalı ekspertlərdən biri sui-qəsdin müsəlmanların üstünə atılacağını deyirdi. Artıq Nemtsovun qətlini öz üzərinə götürən çeçen əsilli iki adam saxlanılıb, onlardan biri özünü qumbara ilə partladıb, üçü isə axtarılır. Çeçenistanın hər bir vətəndaşına total nəzarət həyata keçirən, az qala bütün döyüşçüləri tanıyan Ramzan Kadırov qətldən dərhal sonra əminliklə deyirdi ki, Nemtsovun ölümü Qərbin Kremlə, Putinə qarşı təxribatıdır və bu qətli qərbli killerlər törədib. Ancaq indi məlum oldu ki, cinayəti törədənlər məhz Kadırovun rəhbərlik etdiyi diyarın sakinləridir. Amerika vətəndaş cəmiyyətinin sədri Şeron Tennison da deyib ki, Rusiya müxalifətçisi ya şəxsi qisas zəminində, ya da hansısa millətçi tərəfindən qətlə yetirilib. Tennisonun sözlərinə görə, rusiyalı müxalifətçi Boris Nemtsov Rusiyanı ləkələmək üçün də qətlə yetirilmiş ola bilər: "Rusiyalı müxalifətçinin qətli Putinə qətiyyən maraqlı deyildi. Əgər Putin bilsəydi ki, Nemtsov təhlükədədir, o zaman onu qoruyardı. Çünki Putin bilirdi ki, qətli onun üzərinə atacaqlar. Nemtsov istər rusiyalılar, istərsə də Putin üçün heç kim idi. Borisin tənqid etdiklərini ona qədər min dəfə tənqid ediblər. Bəlkə, Nemtsov Ukrayna məsələsində nəyisə ifşa edəcəkdi, amma bu da qeyri-realdır”. Ancaq iddianı şərh edən ekspertlərin fikrincə, çeçenlər növbəti bir avantüranın içinə çəkilir. Ekspertlərin fikrincə, hakimiyyət qətli ört-basdır etmək üçün Nemtsovun islam əleyhinə çıxışlarını və müsəlmanları aşağıladığı üçün qətlə yetirildiyi versiyasını irəli sürür. Məqsəd isə hakimiyyətə təhlükə hesab edilən müxalifətçi siyasətçiləri "yumşaltmaqdır”.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə ortaya atılan "islam versiyasını” inandırıcı saymadığını deyib: "Dünya bu versiyanı qəbul etmir. Niyə? Çünki Rusiyada Nemtsovdan daha radikal anti-islamçılar var. Elə götürək Jirinovskini və digər siyasətçiləri. Nemtsov çeçen müsəlmanlar haqqında elə bir söz deməyib. Onu hətta çeçenlər öldürmüş olsalar belə, bunu siyasi sifarişlə edə bilərdilər. Rusiya killerlə doludur. Pulunu ver, istənilən adamı aradan götürsünlər. Nemtsovu müxalifətin möhtəşəm mitinqinə az qalmış, Kremlin dibində öldürüblər. Hamı da bilirdi ki, əsl qatillər, sifarişçilər tapılmayacaq. Nemtsovun qızı bildirdi ki, atasını dini baxışlarına görə deyil, siyasi mövqeyinə görə öldürüblər. Nemtsovun yoldaşı tatar, anası yəhudi idi. Yəni burada müxtəlif tərəflərin maraqları olar bilər. Əsas məsuliyyət Putin hakimiyyətinin üzərinə düşür”.
V.Quluzadə bildirib ki, Rusiyada çirkin işlərin çeçenlərin, müsəlmanların üzərinə atılması tendensiyası yeni deyil: "Tarixdə bir çox ölkələrdə siyasi qətllərin izini azdırmaq üçün "kənar qüvvə”, "dini sekta” və s. qüvvələrdən yararlanmaq halları olub. Gərək çeçenlər belə şeylərdə ehtiyatlı olsunlar. Ramzan Kadırov bütün fəaliyyətini Putinin təbliğinə yönəldəndə və kriminal xarakterli açıqlamalar verəndə bilməli idi ki, gələcəkdə onun vətəndaşlarından qurban kimi istifadə olunacaq. Rusiyada avtoritarizmin olmasından bütün xalqlar əziyyət çəkir. Şovinizm siyasəti Rusiyadakı kiçik xalqları əzir. Əvvəl-axır onlar ayağa qalxıb, haqlarını tələb edəcəklər”.
Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti, siyasi icmalçı Arzu Nağıyev də düşünür ki, bu cür versiyaların ortaya atılması əsil sifarişçinin izini itirmək məqsədi daşıyır: "Nemtsov Rusiyada anti-müsəlman mövqeli müxalifətçi kimi tanınmayıb. İstintaqın qətlin islam düşmənçiliyi səbəbilə törədilməsi versiyasını ictimaiyyətə "sızdırması” həqiqi qatilləri gizlətməyə yönəlib. Hansısa islam təəssübkeşinin Nemtsovu qətlə yetirməsi inandırıcı versiya ola bilməz. Çeçenlər tərəfindən öldürülməsi isə ümumiyyətlə, mümkün deyil. Nemtsovun qatilləri başqa ünvanda axtarılmalıdır. Birmənalı olaraq demək olar ki, icraçılara necə təlimat verilibsə, o cür də danışacaqlar”.
İsmayıl