Səhər avtobusu qarajdan başqası götürür, amma günorta və axşam saatlarında avtobusu başqa adamın idarə etdiyinin şahidi oluruq
Nəqliyyat sahəsindəki özbaşınalıq heç bir sahədə yoxdur
Avtobus sürücülərinin işə qəbul edilməsi ilə bağlı konkret mexanizm yoxdur
Səhər avtobusu qarajdan başqası götürür, amma günorta və axşam saatlarında avtobusu başqa adamın idarə etdiyinin şahidi oluruq
Səhər avtobusu qarajdan başqası götürür, amma günorta və axşam saatlarında avtobusu başqa adamın idarə etdiyinin şahidi oluruq
Avtobus sürücülərinin qaydalara məhəl qoymaması, sərnişinin həyatını düşünməyib avtobusu necə gəldi sürməsi ilə bağlı dəfələrlə sosial şəbəkələrdə, mətbuatda videolar yayılıb. Buna rəğmən avtobus sürücülərinin diqqətsizliyi, qeyri-peşəkarlıqları nəticəsində baş verən qəza hadisələrinin sayı hər gün artır.
Bu yaxınlarla Binə qəsəbəsində qatarla toqquşaraq ölümə səbəb olan 160 saylı avtobus xəttindən indiyə qədər xeyli sayda sərnişin şikayətlənib. Sərnişinlərin dediyinə görə, sözügedən hadisədən sonra da 160 saylı avtobusun sürücüləri demək olar ki, heç bir qaydaya məhəl qoymayıb, nəqliyyat vasitəsini kobud şəkildə idarə edirlər. Avtobus sürücülərinin işə götürülmə prosesi pərakəndə şəkildə aparılır. Şirkət tanıdığı və ucuz qiymətə çalışan sürücünü işə götürür. Əvvəllər vəziyyət bundan da bərbad idi. Sürücüsünü sanki qul kimi, girov kimi işlədirdilər.
Millət vəkili Fəzail Ağamalı da Milli Məclisdə bu məsələyə toxunub. Deputat hesab edir ki, sərnişin daşıması ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır.
Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə konkret əlavələr olunmalıdır.
Yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtobus sürücülərinin işə qəbul edilməsi ilə bağlı konkret mexanizm yoxdur:
"Sahibkarlar sürücünün bütün sənədlərini alıb, ona surətini verirdilər. Biz Dövlət Yol Polisinin keçirdiyi reydlərdə buna dəfələrlə şahid olmuşuq. Sahibkar sürücülərin sənədlərini girov götürdüyü üçün sürücülər texniki pasportunun, sürücülük və şəxsiyyət vəsiqəsinin yalnız surətini göstərirdi. Bu, əslində, çox dəhşətli problemi ortaya qoyur. Sahibkar özü güvənmədiyi, etibar etmədiyi şəxsləri işə götürür və gün ərzində yüzlərlə sərnişinin həyatını ona etibar edirdi. Bu problemlər hələ də davam edir. Nə o vaxt Nəqliyyat Nazirliyi bunu qaydaya sala bildi, nə də BNA bu gün bunun öhdəsindən gələ bilir. Sürücülərlə bağlı bir mexanizm yoxdur ki, onlar yoxlanılsın və nəzarət altında qalsın.
Səhər avtobusu qarajdan başqası götürür, amma günorta və axşam saatlarında avtobusu başqa adamın idarə etdiyinin şahidi oluruq. Bu qədər özbaşınalığın da səbəbi sahibkarın bu işdə maraqlı olmamasıdır. Bəzi avtobuslarımız demək olar ki, heç qaraja aparılmır. Sürücü iş bitdikdən sonra avtobusu evinə aparır. Axı bu avtobuslar hər gün qarajdan texniki cəhətdən yoxlanılıb, dezinfeksiya edilib çıxmalıdır. Sürücünün özü də işə çıxmamışdan qabaq müayinə edilməlidir. Məhkumluq həyatı yaşayanları, narkomanları heç kim işlə təmin etmir. Onlar da avtobus sürücüsü kimi sahibkar tərəfindən az məbləğdə maaşa və ya plan verməklə işə qəbul edilir”.
Nəqliyyat eksperti İlqar Hüseynov isə hesab edir ki, sürücülərin yoxlanması yalnız sənəd üzərində, qeydiyyat xatirinə aparılmamalıdır:
"Dünya təcrübəsində sürücülər psixoloji, narkoloji və alkoqolla bağlı testlərdən keçirilir. Söhbət yalnız bu testlərdən də getmir. Eyni zamanda sürücülər bütünlüklə tibbi müayinədən keçirilməlidir. Ürək qüsuru olan şəxsi də işə götürürlər. Bu adam avtobusu sürdüyü yerdə ürəyi tutar, böyük faciəyə səbəb ola bilər. Azərbaycanda sürücülərin işə qəbulu zamanı bu prosedurların heç biri həyata keçirilmir. İşə götürülən sürücülərin yaş göstəricisi də nəzərə alınmalıdır. Azərbaycanda kifayət qədər sürücülük vəsiqəsi olan insanlar var, ancaq onların böyük əksəriyyətinin fiziki, sağlamlıq durumları bu nəqliyyat vasitəsini idarə etməyə imkan vermir. Şirkətlər də öz üzərlərində olan məsuliyyəti dərk etmədən onları işə qəbul edirlər”.
Bakı kəndlərinə işləyən sürücülərin böyük əksəriyyətinin şirkətlər tərəfindən kortəbii surətdə işə qəbul olunduğunu vurğulayan İ.Hüseynli deyib ki, sürücünün dosyesi olmalıdır və onun daha əvvəlki fəaliyyəti, qayda pozuntularına qədər bütün statistik məlumatları orada əks edilməlidir: "Sürücünü işə götürən şirkət də bu bazaya baxıb, öz qərarını verməlidir. Bizdə baxırsan ki, sürücülük vəsiqəsində müvafiq kateqoriyası olmayan insanları belə avtobus sürücüsü kimi işə götürürlər. Bu, faciəvi haldır. Daşımanı həyata keçirən şirkətlərdə vətəndaşlara qarşı eqoist münasibət var. Şirkət rəhbəri oliqarxlara söykənib arxayın şəkildə kimi gəldi sürücü kimi işə götürür. Onun üçün əsas olan həmin marşrut xəttinin işləməsidir”.
BNA-nın işəgötürmə ilə bağlı müəyyən kriteriyalar müəyyənləşdirdiyini xatırladan ekspert əlavə edib ki, buna rəğmən işçiləri işəgötürmə prosesini birbaşa şirkətlərin üzərinə atır:
"Sanki məsuliyyətdən yayınır. Əslində isə fərqli prosedur tətbiq edilməlidir. İşəgötürmə ilə bağlı tender elan edilməli, məsələn, 5 sürücü yerinə rəqabət olmalıdır. Tenderin qalibi olan şəxsi işə qəbul eləmək lazımdır. Tenderin qiymətləndirilməsi prosesində Dövlət Yol Polisinin əməkdaşı da iştirak etməlidir. Burada bir məsələ var ki, sürücülərin əmək haqqı da kifayət qədər aşağıdır. Ona görə də sürücülər tenderlərdə iştirak etməkdə maraqlı olmurlar. Yalnız sürücü olmağa razılaşanlar, işsiz qalıb, son şans kimi bu işə müraciət edənlərdir. Ümumilikdə isə məsələ ilə bağlı problem çox dərindir. Ona görə də burada yeni bir struktur yaradılmalı, bu struktur işəgötürməni həyata keçirməlidir. Çox təəssüf ki, bu kimi qəzalardan sonra irəli sürdüyümüz təkliflərə diqqət ayrılmır. Nəticədə bu cür ciddi qəzalar baş verir”.
Şəymən