Britaniyanın ən böyük vergi ödəyicilərindən biri ölkəni tərk etməyə hazırlaşır

Milyarder, "Rokos Capital Management" hedc fondunun təsisçisi Kris Rokos Böyük Britaniyadan Yunanıstana köçməyi planlaşdırır.

Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr bildiriblər.

Qeyd edək ki, sözügedən şirkət təxminən 22 milyard dollar həcmində aktivləri idarə edir.

Rokos "Times" nəşrinin versiyasına görə, illik 330 milyon funt-sterlinq (447 milyon dollar) vergi ödənişi ilə ən böyük vergi ödəyiciləri reytinqində üçüncü yeri tutub.

O, imkanlı əcnəbilər üçün vergi rejiminin dəyişməsi və vergi yükünün artması fonunda Böyük Britaniyanı tərk etmək qərarına gələn sonuncu iri maliyyəçilərdən biridir. "Bloomberg" Rokosun sərvətini təxminən 4 milyard dollar, "Forbes" isə 2,3 milyard dollar dəyərində qiymətləndirir.