Ceffri Hinton: Güclü süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər

Güclü süni intellekt (Sİ) sistemlərinin hazırlanması bəşəriyyətin yox olmasına səbəb ola bilər.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, bunu britaniyalı-kanadalı alim və fizika üzrə Nobel mükafatı laureatı Ceffri Hinton bildirib.

O, superintellektin təhlükəsiz yaradılması və nəzarətli istifadəsinin mümkünlüyü ilə bağlı elmi razılıq əldə olunana qədər onun hazırlanmasını təxirə salmağa çağırıb.

"Onun təhlükəsiz şəkildə hazırlanması və nəzarət altında istifadəsi imkanlarına dair elmi konsensusun olmadığı bir şəraitdə hazırda superintellektin hazırlanması son dərəcə ağılsızlıq olardı", - alim deyib.

Hintonun sözlərinə görə, intellektinə görə insanı üstələyən Sİ üzərində nəzarətin itirilməsi fəlakətli nəticələrə səbəb ola və hətta bəşəriyyətin yox olmasına gətirib çıxara bilər.

Hinton bu xəbərdarlıqla ölkədə superintellektin yaradılmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin Böyük Britaniya parlamentinə təqdim edilməsi ərəfəsində çıxış edib. Təşəbbüsü "Control AI" qeyri-kommersiya təşkilatı hazırlayıb.

Qanun layihəsini müxtəlif partiyalardan 130-dan çox parlamentari dəstəkləyir, lakin Britaniya hökuməti hələ bu təklifi dəstəkləyərək çıxış etməyib. Təşəbbüs həm də Nazirlər Kabinetindən deyil, hakim Leyboristlər Partiyasının deputatı Aleks Sobeldən gəlib.