Dilavər Əzimli: “Bu gün o qədər ittihamlar irəli sürə bilərəm ki... Məsələn, Mikayıl Gözəlov icra başçısını niyə öldürdü ? Ramiz Qənbərovu kim aradan götürdü ? !”
Bu gün Şuşa şəhərinin işğal olunmasından 27 il ötür. 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri əlil, qalanlar da didərgin olub. Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatıb.
Şuşadakı prosesləri mütəmadi olaraq izlədiyini deyən tarixçi-alim Dilavər Əzimli "Sherg.az”a bildirib ki, baş verənlərin hər biri onun gözlərinin önündə olub:
"Hər zaman deyirəm ki,biz Rusiya-Erməni ittifaqının nəticəsində uduzduq. Açığı Şuşanı saxlamağa gücümüz çatmadı. Hesab edirəm ki, o dövrdə ölkədə milli qüvvələr hələ o dərəcədə inkişaf etməmişdi, milli özünüdərk hələ yavaş gedirdi. İstər xaricdən, istər daxildən birləşən qüvvələr qarşısında gücümüz yetmədi. Bu gün o qədər ittihamlar irəli sürə bilərəm ki. Məsələn, Mikayıl Gözəlov icra başçısını niyə öldürdü ? Ramiz Qənbərovu kim aradan götürdü ?
Niyə o 4 min texnika Şuşaya göndərilmədi ?Ermənilərin arxasında Avropa, Rusiya dayanmasa, o qorxaqlar qaçıb aradan çıxacaq. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri təbliğ etmək lazımdır. Daxili xəyanət nəticəsinə ərazilərimiz getdi. Biz təklənmişdik, hər tərəfdən üstümüzə yeriyirdilər, indiki dövrdəki qüdrətimiz yox idi.
Hesab edirəm ki, təbliğatlar bu mövzular üzrə getməlidir. Biz xalqımızı milli birliyə, bütövlüyə çağırmalıyıq. Atam II dünya müharibəsi haqqında danışanda deyirdi ki, Krımı təhvil verdilər və heç kəs döyüşmədi. Amma daha sonra Krımı geri aldılar. Bəs, bunu necə əldə etdilər? Təbii ki, vətənpərvərliklə, bir olmaqla, milli idealogiya ilə.
Zaman dəyişir, müəyyən proseslər gedir. Tam əminəm ki, torpaqlarımız geri qaytarılacaq. Gənclərimizi milli ruhda yetişdirməliyik, onlara qəhrəmanlıq tariximizi təqdim etmək lazımdır. 3-4 nəfərin xəyanəti nəticəsində bütün əsgərlərə, zabitlərə xəyanətkar demək olmaz.
Müharibə tarixində hər zaman xəyanətlər olub. Amma bunları aradan qaldırmaq lazımdır. Görün, aprel döyüşlərində ordumuz 3 gündə nələr etdi. Bu xalqa Mübariz İbrahimovlar yetişdirmək lazımdır. Mübariz nə qədər ermənini məhv etdi. Bu cür təbliğatlar aparılmalıyıq. Onda torpaqlarımızı geri ala bilərik”.
Yeganə Bayramova