“Nizami” kinoteatrında BİABIRÇILIQ: "Filmlərin altyazılarında kobud dil səhvləri... "

Qulu Məhərrəmli: "Nizami" kinoteatrının rəhbərliyinə məsləhət görürəm ki, dilçilərə müraciət etsinlər"

"Kinoteatrlarda film nümayişi zamanı verilən altyazılara diqqətlə yanaşmaq lazımdır”.

Bunu Sherg.az-a "Nizami” kinoteatrında təqdim olunan filmlərin Azərbaycan dilindəki altyazılarında orfoqrafik və qrammatik səhvlərin olmasına münasibət bildirərkən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, kinoteatrlar altyazılara birdəfəlik istehsal kimi baxır, film baxışdan çıxarıldıqda həmin dialoqlar da itir:

"Amma arzu olunandır ki, verilən altyazılarda Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydaları qorunsun. Bu tək kinoteatrlara aid deyil. Adi mağazalarda, müəssisələrdə və digər yerlərdə də belə hallar müşahidə olunur. Təəssüf ki, dilin qaydalarına əməl olunmur. Tam əminliklə deyə bilərəm ki, həmin şəxslər dilin qaydalarını bilmirlər. Bilsələr, əməl edərlər.

Mən Dilçilik İnstitutunda monitorinqlər aparanda qaydalara əməl etməyən yerlərdə niyə sözləri səhv yazdıqlarını soruşurdum. Onları başa saldıqda dərhal səhvləri düzəldirdilər, deyirdilər ki, bunu bilmədən belə yazmışıq. Ona görə, əminliklə deyə bilərəm ki, bunu bilərəkdən deyil, bilməyərəkdən edirlər. 

Çünki tamaşalarda cümlə quruluşunun düz olmaması, adi sözdəki hərf səhvləri mənanı təhrif edə bilir. Ekranda gedən yazılarda tamaşaçılar tərəfindən hər şey diqqətlə oxunur. Ona görə, dilin qaydalarına əməl etmək üçün "Nizami" kinoteatrının rəhbərliyinə məsləhət görürəm ki, dilçilərə müraciət etsinlər.

Düşünürəm ki, onlara kömək edəcək peşəkarlar tapılar. Çalışmaq lazımdır ki, işə bir qədər peşəkarlıqla yanaşılsın və belə səhvlər olmasın. Onların gördüyü yüksək dəyərləndirilən işlər bu cür dil qüsurları ilə təəssüratı korlamasın. Hər halda kinoteatr rəhbərliyi gələcəkdə bunu nəzərə alar”.

Aysel Aslan