Novruzda əfv gözlənilir

Səadət Bənənyarlı: “Hər ehtimala qarşı biz ümidliyik”




Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı Novruz bayramı ilə əlaqədar əfv gözlədiklərini bildirib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı imzalanacağı halda siyasi məhbus adlandırılanların azadlığa çıxacağı da istisna deyil:

"İnanırıq ki, martda əfv olacaq. Bizim gözləntilərimiz budur ki, budəfəki əfv daha çox məhbusa şamil edilsin. Mütəmadi olaraq bizə edilən müraciətlərlə bağlı aidiyyəti qurumu məlumatlandırırıq. Düzdür, Əfv Komissiyası bu işlə bağlı müntəzəm olaraq işləyir. Müraciətçilərin özləri də əfvlə əlaqədar müvafiq strukturlara müraciət edirlər. Biz də hüquq müdafiəçisi olaraq, həmin şəxslərin azadlığa buraxılmasını komissiyadan xahiş edirik”.

S.Bənənyarlı əfv çıxarsa, ölkə başçısının siyasi məhbus sayılanları da nəzərə alacağına ümid edir: "Biz də istərdik ki, prezident fərmanı imzalayarkən köhnədən qalan siyasi məhbus adlandırılan şəxslərin də adlarını ora əlavə etsin. Nə qədər çox insan öz azadlığına qovuşsa, bir o qədər də biz sevinəcəyik”.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə prezident tərəfindən imzalanan əfv fərmanının arxasınca Novruz bayramı münasibətilə prezidentin yenidən əfv imzalayacağının nə dərəcədə inandırıcı olduğuna gəldikdə isə S.Bənənyarlı deyib ki, bu məsələ birbaşa prezidentdən asılıdır. Hər ehtimala qarşı biz ümidliyik: "Mənə elə gəlir ki, əfv sərəncamının imzalanması üçün vaxt o qədər də önəmli deyil. Mütəmadi olaraq, Komissiya işləyir və ərizələr araşdırılır. Əvf üçün konkret vaxt məhdudiyyəti yoxdur ki, ildə bir, ya iki dəfə olmalıdır. Əfv üçün əsas istəkdir”.

Şəymən