“Nurəddin Mehdixanlı mənim üçün bitib”

Bəsti Cəfərova: “38 illik əməyim var bu teatrda. Mənim tamaşamla mövsüm bağlana bilməz ki?”
Bu gün də 16 sm “kabluk”da səhnəyə çıxıram. Mən gözəlliyə önəm verirəm




(...əvvəli ötən sayımızda)

Xalq artisti, professor Bəsti Cəfərovanın "Şərq”ə müsahibəsini təqdim edirik.

- Mən ancaq böyük rollar oynayıram. Çünki öz gücümə əminəm. Bilirsiz, elə aktyorlar var ki, ona böyük rol versən, öhdəsindən gələ bilməz. Hər aktyor böyük oynamaq istəyir. Amma o rolu axıra qədər o tempdə oynamaq hər adamın işi deyil. Aktyorun diksiyası, səhnə plastikası, potensialı o qədər güclü olmalıdır ki, o, baş rolu sona qədər oynaya bilsin. Səhnəyə çıxmaq başqa, səhnədə obrazı oynamaq başqa. Mən obrazlarım üstündə canımı qoyuram ki, o rol mənimdi, o rol mənim nüfuzumdu. Mən Bəsti Cəfərova olaraq zəif oynamağı özümə yaraşdırmamışam. Şükür ki, zəif obrazım da olmayıb. Heç vaxt rol davası etməmişəm. Amma mənə həvalə olunan rolun da öhdəsindən mükəmməl gəlmişəm. Bu tərif deyil. Olanı deyirəm.
Deyirlər, bəzi aktyorlar formada deyil. Xeyr, o söz mənə aid deyil. Mən səhnədə gözəl görünə bilirəm. Çünki səhnəyə çıxanda məsuliyyət hiss edirəm. Bu gün də 16 sm "kabluk”da səhnəyə çıxıram. Mən gözəlliyə önəm verirəm.

- Yəqin ona görə deyirlər ki, Bəsti Cəfərova öz yaşından daha kiçik obrazların davasını çəkir?

- Bu fikirlə də razı deyiləm. Bəli, mən böyük rolların ifaçısıyam. Səhnədə gözəl görünməyi sevirəm. Amma mənim elə rollarım olub ki, mən qoca qarı obrazını 45 yaşında olanda yaratmışam. Amma onu da elə yaratmışam ki, o qoca qarı obrazı da qəbul olunub. Bu yaşda da çoxlarından gözəl görünə bilərəm. Mən "Xanuma”da hündür "kabluk”da oluram. O tamaşada dinamika çox güclüdür. Əynimdə gürcü milli geyimləri, üst-üstə. Onu daşımaq asan deyil. Mən o tamaşada o qədər gözəl görünürəm ki, hər aktrisa bu yaşda onu bacarmaz. Mən həyatda nə rahatdısa, onu geyinə bilərəm. Amma səhnədə qətiyyən. Gözəllik vurğunuyam. Amma öz yaşımdan artıq obrazları da oynamışam, deyə, o irad da mənə aid deyil.

- Bəlkə gözəlliyinizi qısqanırlar?

- Yox. Niyə ki? Bizim teatrda gözəl aktrisalar var. Ola bilər diksiyaları, səs tembrləri güclü olmaya bilər. Amma gözəldirlər. Bir də hər adam özünü mənimlə müqayisə etməyə çalışmasın. Mən bu yaşda da özümü səhnədə gümrah hiss edirəm.

- Sizcə, bəziləri adınızı çəkməklə özlərini reklam etməyə çalışmırlar?

- Bəli, elə məqsəd odur. Bəziləri gündəmə gəlmək üçün mənim adımdan istifadə edib yada düşməyə çalışırlar. Heç kimə imkan vermərəm ki, mənim adımdan istifadə edib özlərinə piar qursunlar. Bəsti Cəfərova olaraq illərdi teatra sadiq olmuşam. Nə seriala getmişəm, nə kinoya. Gedənlərin Allah canını sağ eləsin. Amma mən teatrda olmaq istəmişəm. Deyirlər, Hökumə Qurbanovanın rollarını bir-bir oynayır. Mənə Hökumə Qurbanovanın vaxtilə oynadığı rolları da elə-belə həvalə etməyiblər. Demək ki, mənim bu rolları oynamağa haqqım var. O rolların heç birini də zəif oynamamışam deyə, çox rahatam. Yenə deyirəm, mən güclü aktrisayam. Kimsə mənim zəif aktrisa olduğumu deyib də gündəmə gəlməyə çalışırsa, Bəsti zəif olmur. Hansı rejissor mənə rol vermirsə, onunla düşmən olmuram. Azərpaşa Nemətovla illərdi dostuq. Amma onun bir tamaşasında da rol almamışam. İndi onunla düşmən olmalıyam ki?

- Teatrda indi durum necədir?

- Yaxşıdı. Hamı işində-gücündə. Bəziləri teatrda üsyan etməyə çalışırdılar. Mən üsyankar deyiləm. İradım olanda gedib bildirirəm. Özümə aid olanı gedib deyirəm. Teatrın rəhbərinin otağına girəndə ondan-bundan danışmıram. Bəzilərinin işi ancaq başqalarının dərdini çəkməkdi. Məni nə isə qane etmirsə, gedib həmin vaxtı deyirəm.

- Teatrda hələ də iki cəbhə var.

- Var. Mən heç bir cəbhəyə aid deyiləm. Öz işimlə məşğulam. Yenə deyirəm, rejissor kimi çalışmağa başlayan gündən bəziləri məni düşmən elan etdi. Məni kimsə maraqlandırmır. Öz yaradıcılığımla məşğulam.

- Nurəddin Mehdixanlı ilə münasibətiniz necədir? Axı vaxtilə yaxın dost olmusuz, tərəf-müqabili olmusuz. İndi cəbhələriniz ayrılıb. Danışmırsız?

- O insan haqqında danışmaq istəmirəm. Mənim üçün o insan, o aktyor bitib. Ona görə də bu barədə sualınızı cavabsız qoyuram. Həyatımda elə insan yoxdu. Həyatımda olmayan insanlar barədə də danışmıram.

Elə insanlar var ki, mənim hansısa işim onları narahat edir. Bilirəm ki, arxamca danışıblar e... Mənim nəslimin nümayəndəsi olan aktyorlardan da söhbət gedir. Bir dəfə məndən danışan adamı bağışlayıram, iki dəfə susuram. Axır mən də insanam da, dilə gəlib sözümü deyirəm. Bəsti Cəfərovanın qızı işə düzəldi, mövsüm onun tamaşası ilə bağlandı, qızının ad günündə mövsüm bağlandı. Bu sözlər nəyə lazımdı axı? Birdəki mən Bəsti Cəfərovayam da... Mənim 38 illik əməyim var bu teatrda. Mənim tamaşamla mövsüm bağlana bilməz ki? Buna haqqım çatmır ki? Pis olsaydı, Bədii Şura var. Bəyənməzdilər də...

- Bəziləri deyir Bəsti xanım teatrın repertuarına diktə edən aktrisadır.

- Mən teatrın repertuarına diktə etmirəm e. Mən işimlə məşğulam. Rejissor məni tamaşada görmək istəyirsə, dəvət edir, görmək istəmirsə, mən onunla dalaşa bilmərəm ki, niyə mənə rol vermədin? Rejissor da çalışır ki, tanıdığı, aktyor texnikasına bələd olduğu aktyorla çalışsın. Səninki o insanla tutmursa, onunla işləyə bilməz. Mərahim Fərzəlibəyovun da, Bəhram Osmanovun da öz baxışı var. Onlar hansı aktyoru uyğun bilirlərsə, onunla da çalışırlar. Adam tanıdığı, güvəndiyi aktyorla çalışmaq istəyir də. Burda qəribə nə var ki? Niyə bunu böyüdürsüz? Hər bir rejissor tanıdığı, dost olduğu aktyorla çalışmaq istəyir. Hər rejissorun öz həmfikirləri var. Mən Azərpaşa Nemətovla dostam, amma tamaşasında rol almamışam. Mənim qızım teatra işə düzələndən sonra məni düşmən elan ediblər. Guya qızı işə düzəldib deyə, onu susdurdular. Yalandı. Teatrda həmişə xəbər aparıb-gətirənlər olub. Onları da tanıyıram. Məni Həsənağa Turabovla düşmən etmişdilər. O kişi dünyasını dəyişəndə də, mənimlə düşmən qaldı. O qədər otağına girib məndən danışmışdılar ki, məni düşmən görürdü. Qınamıram da. İnsana psixoloji o qədər dedilər ki, inandı. Halbuki onunla tərəf-müqabili olmuşam, dost olmuşam. Amma sonralar Turabovla da düşmən etdilər. Amma mən ən yaxşı rollarımı da Turabovun vaxtında oynamışam. Baxmayaraq ki, biz danışmırdıq. Çıxırdı lojaya, görürdü səhnədə mən varam, qapını bərkdən çırpıb gedirdi.

- Ürəyinizdə ona qarşı incikliyiniz qalıb?

- Yox, qalmayıb. İnsandı da, onu da mənə qarşı dolduranlar var idi. Amma nazirlikdən o rollar mənə tapşırılmışdı. Mən də oynamışam. İndi də teatrda bəzilərinin düşməni olmuşam.

- Planlarınız var yəqin?

- Var. Mən indidən açıqlama vermək istəmirəm. Amma Çingiz Aytmatovun əsəri üzərində çalışmaq niyyətimiz var. Başqa rollar da var ki, onları da oynamaq niyyətim var. Amma öncədən məlumat vermək istəməzdim. İnşallah, alınar, gəlib tamaşaları izləyərsiz.

Tahirə Məmmədqızı