Belə halları köklü şəkildə həll eləmək üçün məktəb direktorlarının özbaşınalıqlarına son qoymaq lazımdır
Zərdab rayonunun Şahhüseynli kəndində orta məktəb direktoru şagirdinə qarşı əxlaqsızlıqda
ittiham olunur. Direktor Ceyhun Şirəliyev 11-ci sinif şagirdi Abduləliyeva Nərgiz Rəmzi qızı ilə
onun yaşadığı evin həyətində söhbət edərkən görülüb. Şagirdin valideynlərinin şikayəti əsasında
C.Şirəliyev polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, direktor şagirdə təcavüz etməkdə ittiham edilir. A.Nərgiz tibbi müayinədən
keçirildikdən sonra isə heç bir təcavüz halının olmadığı müəyyən edilib. Hazırda iş rayon
Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma davam edir. Təcavüz halının
olmamasına baxmayaraq bu cür halların gündəmdə olması elə də xoşagələn deyil. Bəzən məktəb
direktorlarının atdığı addımlara, qəbul etdiyi qərarlara ictimaiyyət və məktəbin pedaqoji heyəti
qarışa bilmir. Çünki direktorların əksəriyyəti özlərini hakimi-mütləq hesab edirlər.
Məktəb direktorlarının valideynlər tərəfindən seçilməsini məqsədəuyğun sayan təhsil üzrə
ekspert Nabatəli Qulamoğlu bu gün orta məktəblərdə müxtəlif qanunsuzluqların olduğunu
vurğulayıb:
"Məsələ ilə bağlı hüquq orqanları ciddi araşdırma aparmalı və onların gəldiyi
nəticələrə bir ekspert kimi biz də istinad etməliyik. Amma bu, meydanda yoxdu. Biz çalışmalıyıq
ki, belə halların nədən qaynaqlandığını aşkarlayaq və bu səbəbləri aradan qaldıraq. Tutaq ki,
həmin müəllimə cəza verdilər və ona həbs kəsdilər. Lakin əsas məsələ bundan ibarət deyil.
Hesab edirəm ki, belə halları köklü şəkildə həll eləmək üçün məktəb direktorlarının
özbaşınalıqlarına son qoymaq lazımdır. Bu gün bizim məktəblərdə direktorlar qanunsuzluq və
cinayət edə bilir, müəllimdən dərsi gizlədir, dərsi təhsil şöbəsinin işbazları ilə bir yerdə bölür və
onlarla bir yerdə yeyinti apara bilirlər. Bütün bu məsələlərə isə heç bir müəllim müdaxilə edə
bilmir. Halbuki məktəb ali savadlı müəllimlərlə doludur. Lakin onlar başa düşürlər ki,
direktorlara qarşı hər hansı bir məsələni qaldırsalar çətinlik çəkəcəklər. Bu nöqteyi-nəzərdən
hesab edirəm ki, ilk növbədə belə hallar aradan götürülməlidir. Elə etmək lazımdır ki, direktorlar
ictimaiyyətin və pedaqoji fəaliyyətin, valideynlərin səyi ilə seçilsin. Təəssüf ki, bunlar bir
xülyadır. Düşünürəm ki, əgər doğrudan da direktor şagirdi ilə cinsi əlaqədə olubsa, bunu
məktəbdə bilməmiş olmazlar. Buna baxmayaraq heç kim qorxusundan səsini çıxartmayıb.
Bilirlər ki, direktor bütün idarəçiliyi öz üzərinə alıb. Gələcəkdə belə halların təkrarlanmaması
üçün direktorların hakimiyyətçilik ideyasına son qoymaq lazımdır”.
Yeganə Bayramova