Həkim-terapevt deyir ki, nəinki çay, həm də qidanın isti formada qəbul edilməsi ağır xəstəliklərə səbəb olur
Fəal sosial şəbəkə istifadəçisi İlkin Əliyev maraqlı status paylaşıb. İş yoldaşının yaxın adamının mədə əməliyyatı keçirdiyini yazan istifadəçi onun içkidən və siqaretdən istifadə etmədiyini bildirib. "Təsəvvür edin, adamın mədəsinin bir hissəsini kəsib götürüblər”. Əməliyyata səbəb isə qaynar çaydır.
Yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə süfrələrimizin ilk bəzəyi çay olur. Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Ancaq çayın bilmədiyimiz ziyanlı tərəfləri də mövcuddur. Mütəxəssislər qaynar içilən çayın orqanizmə faydadan çox ziyan verdiyini söyləyiblər. Üstəlik, əgər həmin qaynar çay tünddürsə, onun zərəri ikiqat artır.
Alimlərin gəldiyi nəticəyə görə, 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur. Çayın çox isti içilməsi zamanı yemək borusunda xərçəng riskinin yüksək olduğu da bildirilib.
Tünd çay içmək həvəsindən də imtina etmək lazımdır. Çünki tünd çayın tərkibində kofein və tanin daha çox olduğuna görə bu, baş ağrılarına və yuxusuzluğa səbəb ola bilər.
Bir neçə saat əvvəl dəmlənmiş çayın da tərkibində orqanizmə fayda verəcək heç nə yoxdur. Əksinə, köhnə çayın tərkibində sağlamlıq üçün təhlükə yaradan maddələr əmələ gəlir.
Bəzilərinin tərgidə bilmədiyi adətlərdən biri isə yeməkdən dərhal sonra çay içməkdir. Nəzərə almaq lazımdır ki, yeməkdən sonra çay mədə şirəsinin ifrazını kəskin şəkildə azaldır və bunun nəticəsində həzm prosesi çətinləşir. Ən azı yeməkdən 20-30 dəqiqə sonra çay içmək məsləhət görülür.
Məsələ ilə bağlı "Şərq”ə danışan həkim-terapevt Şəmsiyyə Namazlı bildirdi ki, nəinki çay, həm də qidanın isti formada qəbul edilməsi mədənin selikli qişasının qıcıqlanmasına səbəb olur.
Nəticədə selikli qişada iltihab yaranır ki, bu da qastrit adlanır: "Qastritlərin ilk yaranma səbəblərindən biri isti çay və yaxud yemək olur. Həmçinin isti çayın üzərindən soyuq su və ya dondurma yeyilməsi də qastritin yaranması üçün əsas amildir. Digər tərəfdən çayın tərkibində kalsinin sorulmasına və parçalanmasına səbəb olan maddələr də var.
Təbii ki, yeni dəmlənmiş çay daha məqsədəuyğundur. Çayın sinir sisteminin sakitləşdirilməsində və yorğunluğun aradan qaldırılmasında müəyyən qədər müsbət təsiri olur. Çox içdiyimiz, həm də tərkibində kofein tərkibli maddələr olan çaylar ürəkdə gərginləşmənin də artmasına səbəb olur. Eyni zamanda mədə turşuluğunun dəyişilməsinə, hepatit qastritlərinin yaranmasına gətirib çıxarır. Milli xüsusiyyətlərimizdən asılı olaraq digər millətlərə nisbətən çaydan daha çox istifadə olunur. Hətta elə olur ki, boş vaxtını da çay içməklə keçirmək istəyənlər var. Lakin uzun müddətli isti çaydan istifadə olunması mədə əzələlərinin zədələnməsinə, şişin əmələ gəlməsi üçün şərait yaradır. Amma yenə də çay hər zaman lazımlıdır, süfrələrimizin bəzəyidir. Lakin həm su, həm də çay normaya uyğun olaraq içilməlidir. Xüsusilə əvvəlcədən dəmlənmiş çay mədə əzələsinə mənfi təsir göstərir. Yarım saat müddətində dəmlənmiş çayla 3 saat əvvəl dəmlənmiş çay arasında çox fərqlər olur. Bilirsiz ki, indi çayların tərkibində dəyişikliklər var. Bir sıra kimyəvi və əlavə qatqılar çayın tərkibini dəyişir və orqanizmə ziyanlı təsirlərini göstərir”.
Yeganə Bayramova