O rus turist Azərbaycandan həmişə yaxşı danışacaq
Cəmiyyətdə yaxşıları nümayiş etdirməyi bacarmalıyıq ki, insanlarda ümid hissi ölməsin
Hər bir sahədə olan məmurun üzərinə düşən məsuliyyətlə yanaşı, həmin peşənin etik qaydaları da olur. Bu etik qaydalara əməl edənlər də var, etməyənlər də. Hüquq-mühafizə sistemində vicdanla çalışan, millətinə, cəmiyyətinə sözün həqiqi mənasında xidmət edən polislərlə yanaşı, bəzən tutduğu vəzifəsindən sui-istifadə edənlər, bu vəzifənin məsuliyyətini dərk etməyən və polis adına xələl gətirənlər də tapılır. Azərbaycan polisinə güvənmək həqiqətən gözəl hissdir. Bu gün asayişimizi vicdanla qoruyan polis əməkdaşlarımız var ki, ayrı-ayrı vaxtlarda, fərqli hadisələrdə onların əməlləri yalnız təqdirəlayiq hal kimi qiymətləndirilir.
Elə bu günlərdə ölkəmizə gələn turistlərdən birinin köməyinə çatan polisin əməli istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə müzakirələrə səbəb oldu. Belə ki, ötən gün gecə saatlarında Bakı metrosunun "Avtovağzal” stansiyasında baş verən hadisə dediklərimizin bir daha bariz nümunəsidir. Əcnəbi vətəndaşın Azərbaycan polisinə müraciəti qısa müddət ərzində həllini tapıb. Pul kisəsini itirən rusiyalı turist Nikita Runkovski gecə saatlarında çarəsiz vəziyyətdə küçədə qalıb. Polis əməkdaşımız onun problemini həll etməyə çalışıb və əcnəbi vətəndaşa kömək edərək onu hotelə yerləşdirib. Əcnəbi vətəndaşın müraciətinə əsasən də itirdiyi pul kisəsinin tapılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. Hər halda Azərbaycan polisinin gecə yarısı pulsuz qalan turisti insanlıq edərək otelə yerləşdirməsinin özü təqdirəlayiq bir hadisədir.
Hadisə ilə bağlı sosioloq Lalə Mehralıyla həmsöhbət olduq. Azərbaycan polisinin əməlini təqdirəlayiq hal kimi dəyərləndirən sosioloq ölkəmizə gələn hər bir turistə göstərilən xüsusi diqqətin vacibliyini vurğulayıb:
"Səmimi danışsaq, bu kimi hallar zaman-zaman baş versə də, nə mətbuatda, nə ictimaiyyətdə bu barədə danışmağa ehtiyac duymuruq. Bəlkə də bu, psixoloji bir məqamdır. Biz cəmiyyətdə olan pisləri göstərməyə daha çox meyilliyik. Əgər polis kimisə söysəydi, döysəydi, paylaşımların sayı qat-qat çox olardı. Nümunəvi bir haldan danışmağa isə maraqlı deyilik. Biz öyrəşmişik ki, polisin qəddarlığından, etinasızlığından danışıb sosial şəbəkələrdə onlara təhqirlər yağdıraq. Halbuki asayişmizin keşiyində duran yüzlərlə vicdanlı, millətinə şərəflə xidmət edən polis əməkdaşlarımız var. Bu gün polis sisteminə düzgün nəzarət olunmasa, polis ictimaiyyətin asayişini qorumasa, inanın ki, cinayətlərin də sayı çoxalar, cinayətkarların da. Ona görə də polis sistemində çalışan insanların nümunəvi hərəkətini təbliğ etmək vacibdir. Bu yolla onlara qarşı psixoloji yönələn bu aqressiyya təcridən aradan qalxar".
Hər sahədə peşəkarlarla yanaşı, qeyri-peşəkarların da fəaliyyət göstərdiyinin istisna olmadığını qeyd edən Lalə Mehralı məsələyə fərqli tərəfdən yanaşmağın vacibliyini vurğuladı. "Hər sahədə vicdanla fəaliyyət göstərən insanlar olduğu kimi təsadüflər, qeyri-peşəkarlar da var. Məgər bizim sahədə, jurnalistikada bunlara azmı rast gəlirik? Azərbaycan jurnalistikasının nüfuzuna, Azərbaycan junalistlərinə ləkə gətirən azmı reket fəaliyyəti ilə məşğul olanlar var? Əslində onlara həmkar demək də doğru olmaz. Amma onlar özlərini jurnalist kimi təqdim edirlər. Əgər bir jurnalist rüşvət alırsa, jurnalist adına ləkə gətiririrsə, bu o demək deyil ki, Azərbaycan mətbuatı başdan-ayağa rüşvətxordu, burada çalışanların hamısı vicdanını unudub.
Təbii ki, Azərbaycan mətbuatına vicdanla xidmət edən insanlarımız da var. Eləcə də istər polis, istərsə də digər sahələrdə vicdanına qulluq edənlər də var, vicdanını satanlar da. Hər hansı bir polisin mövqeyindən sui-istifadə edərək kobud davranışını, vətəndaşa qarşı aqressiv hərəkətini bütünlükdə hüquq-mühafizə orqanlarının ayağına yazmaq haqsızlıq olar. Bir məqama diqqət yetirək, Azərbaycan polisinə müraciət edən əcnəbinin problemi həll olunub. Gecəyarısı otelə yerləşdirlib, ona mənəvi kömək göstərilib. Deməli, psixoloji olaraq həmin turistin Azərbaycan xalqı, dövləti, polisi haqqında müsbət fikirləri formalaşdı. Bu onun yaddaşından yəqin ki, silinməz. Çünki başqa bir ölkədə pulsuz-parasız, gecəyarı çarəsiz qalmağı artıq o turistə gərgin anlar yaşadıb. Belə məqamda ona uzadılan əl, dəstək, təbii ki, unudula bilməz. Təsadüfən Azərbaycan haqqında həmin turistin yanında danışılanda ümid edək ki, bu xatirələr yadına düşəcək. Həm də xoş xatirələr.
Biz bu kimi addımlardan nəticə çıxarmağı bacarmalıyıq. Hər bir vətəndaş özünü millətin bir parçası hesab etdiyi üçün məsuliyyətini də dərk etməlidir. Bizə yaxınlaşan turistlərə, əcnəbi qonaqlara qarşı diqqətli olmalı, köməyə ehtiyacları varsa, onlara yardım göstərməyə özümüzü mənəvi borclu hesab etməliyik. Əgər biz işğala məruz bir ölkəyiksə və dünyaya səs salırıq ki, sülhsevərik, deməli, bunu əməlimizlə də sübut etməliyik. Humanistliyimizi, insanlığımızı, millət olaraq qonaqpərvərliyimizi ölkəmizə gələn turistlərin hər birinə hiss etdirməliyik. Bu, hər bir vətəndaşın üzərinə düşən mənəvi məsuliyyətdir. Mən həmişə tərəfdarı olmuşam ki, həkimlər müvəffəqiyyətli bir əməliyyat edəndə, polis uğurlu əməliyyat keçirəndə, jurnalistlərimiz hardasa uğur qazananda, müəllimilərimiz beynəlxalq bir mükafata layiq görüləndə onu ictimailəşdirmək lazımdır. Yəni cəmiyyətdə yaxşıları nümayiş etdirməyi bacarmalıyıq ki, insanlarda ümid hissi ölməsin. Yaxşıların hər zaman var olduğuna ümid etsinlər. Çünki ümid sonuncu ölən hissdir. Ümidimizi itirməyək, ümidli olaq".
Sabiq polis rəisi Mahmud Hacıyev isə baş verən hadisəyə bir qədər də peşəkar yanaşmağa üstünlük verdi. Keçmiş polis rəisi bu addımı yüksək qiymətləndirməklə yanaşı, hər bir polisin vəzifə borcu kimi də dəyərləndirdi:
"Bilirsiz, insanlıq, humanistlik, qonaqpərvərlik, bunlar hər bir xalqın psixologiyasında fərqli şəkildə formalaşır. Azərbaycan xalqı qonaqpərvərliyi, qonağa göstərdiyi diqqəti ilə onsuz da seçilir. Bu bizim psixologiyamızda var. Qaldı məsələnin digər tərəfinə, konkret olaraq polisin fəaliyyətinə, bir peşəkar keçmiş polis zabiti olaraq bu məsələyə münasibət bildirmək istərdim. Hər bir ölkənin polisi onun asayişinin keşiyində durmalıdır. Bu onun vəzifə borcudur. Qanun çərçivəsində polis sistemində çalışan hər bir məmur üzərinə düşən vəzifə borcunu yerinə yetirməyə məcburdur. Bunu minnət kimi də təqdim etmək doğru deyil. Hüquq-mühafizə orqanlarında çalışan hər bir polis əməkdaşı bilməlidir ki, ona müraciət edib yaxınlaşan hər bir vətəndaşa kömək etməlidir. Bu, əcnəbi vətəndaş da ola bilər, bu dövlətin sakini də. Əslində əcnəbi qonağın sabah hardasa bu hadisəni dilə gətirib-gətirməməsi də vacib deyil. Vacib olan odur ki, hər bir polis əməkdaşı asayişin keşiyində durmalıdır".
İlahə Əhmədqızı