Ola bilsin İŞİD ilin sonuna qədər dağılsın

Ancaq bir müddət sonra hardasa və hansısa formada yenidən dirçələcək






"İlin sonuna kimi İŞİD-in varlığına son qoyulacaq”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Brayan Xuk deyib. O bildirib ki, terrorçu qruplaşma ən uzağı ilin sonunadək öz varlığını sürdürəcək: "Amerikanın dövlət katibi Reks Tillerson İŞİD-i məhv etmək üçün daim diplomatik yollar axtarır. Ancaq buna ehtiyac yoxdur, çünki il bitməmiş terror təşkilatı bitəcək”.

Xatırladaq ki, ABŞ rəsmiləri dəfələrlə İŞİD-in tutduqları ərazilərin 95 faizini itirdiklərini iddia ediblər. Onların fikrincə, yaxın müddətdə artıq bu adda terrorçu təşkilatdan söhbət getməyəcək. 

Məsələni "Şərq”ə dəyərləndirən keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, təkcə Qərb dövlətləri yox, elə Rusiyanın özü də yeri gələndə İŞİD-dən istifadə edib. İstifadə etməsələr belə ən azından terrorçulara silah satıblar: "Onsuz da çoxları gözləyirdi ki, İŞİD tədricən zəifləyib sıradan çıxacaq. Amma indiki halda terrorçu təşkilatın zəifləməsi, güc itirməsi o demək deyil ki, qruplaşma tamamən sıradan çıxacaq. Bu, mümkün deyil. Təşkilat çox asanlıqla başqa ad altında öz fəaliyyətini davam etdirə bilər. Yadınızdadırsa, bir müddət əvvəl gündəmdə olan terrorçu təşkilat "Əl-Qaida” idi. "Əl-Qaida” üzvləri 2001-c ildə ABŞ-da iki binanı partlatdılar. Daha sonra terrorçularla mübazirə aparıldı və başçıları Bin Ladin öldürüldü. Amma ondan sonra İŞİD ortaya çıxdı. Ola bilər ki, əməliyyatlardan sonra İŞİD dağılsın, səpələnsin, gücləri bölünsün. Lakin bir müddət sonra hardasa və hansısa formada yenidən dirçələcək. Şərt deyil ki, adı mütləq "islam dövləti” olsun. Terrorçular istənilən ad altında fəaliyyət göstərə bilərlər. Ad dəyişəcək, mahiyyət isə olduğu kimi qalacaq. "Əl-Qaida”nı da ABŞ yaratmışdı, amma sonradan özlərinin baş ağrısına çevrildi. İndi həmin proses təkrarlanır. Qərb dövlətləri İŞİD-i yaratdılar, amma bir müddət sonra bu təşkilat öz başlarına bəla oldu”.
İsmayıl