“Təəssüf ki, nə sovet təhsil sistemindən çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsədik”
Olanı da vurub, dağıtdıq
Təhsil radikallığı, sıçrayış yolunu qəbul etmir
“Təəssüf ki, nə sovet təhsil sistemindən çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsədik”
“Təəssüf ki, nə sovet təhsil sistemindən çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsədik”
Ötən il ölkə üzrə keçirilən buraxılış imtahanlarının statistik göstəriciləri açıqlanıb. 9-cu sinif üzrə buraxılış imtahanlarında bölgələr arasında ən yüksək nəticə Sumqayıt, Mingəçevir, Naxçıvan şəhərləri, Qax və Qubadlı rayonlarında qeydə alınıb. Ən aşağı göstəricilər isə Sabirabad, Daşkəsən, İmişli və Cəlilabad rayonlarında aşkar edilib.
11-ci sinif şagirdlərinin buraxılış imtahanında ən yüksək nəticəni Naxçıvan şəhəri, Şahbuz rayonu, Sumqayıt və Mingəçevir şəhərləri, Qax rayonu, Bakı şəhəri və Qubadlı rayonunun şagirdləri əldə edib. Ən aşağı nəticələr isə Kürdəmir, Hacıqabul, İmişli, Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə məxsusdur. 9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri göstərib. 2016-cı ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən məzunların 20, 97 faizi ana dili, 7,71 faizi rus dilindən, 37,99 faizi riyaziyyatdan "2” qiyməti alıb. 11-ci sinif şagirdlərinin paylanması 9-cu sinif şagirdlərinin paylanmasına oxşardır. "2” qiyməti alanların nisbi sayı Azərbaycan dili fənni üzrə 19,64 faizi, riyaziyyat fənni üzrə 18,98 faiz, rus dili fənni üzrə 3,58 faiz, xarici dil/kimya fənni üzrə 23,74 faiz olub.
Qeyd edək ki, buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmaması məlum olub.
Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında qeyd olunub ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub.
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bu gün Azərbaycanda yazmağı-oxumağı bacarmayan, ana dilindən "2” qiyməti alan şagirdlərin olması təhsil ictimaiyyəti üçün ciddi mesaj olmalıdır:
"Bu, hər kəsi dərindən düşündürməli olan bir problemdir. Əlbəttə, bu rəqəmlər kiməsə yeni və təəccüblü görünsə də, bununla belə illərdən bəri təkrarlanan və getdikcə dərinləşməkdə olan təzahürün nəticəsidir. Pessimist proqnoz olsa da, razılaşmalı və qəbul etməliyik ki, bu proses hələ daha bir müddət davam edəcək və bir qədər də dərinləşəcək. Çünki təhsil radikallığı, sıçrayış yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyil ki, hələ 1999-cu ildə qəbul edilmiş təhsil sahəsində İslahat Proqramında təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın. Biz nə etdik? Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə, beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Yəni, biz 70 il ərzində topladığımız təhsil potensialını nəinki saxladıq, hətta vurub-dağıtdıq. Qərb təhsilinə meyl adı ilə sıçrayış yolunu seçdilər. Biz təhsildə yeniliyə hazır deyilik. Qərb sisteminə birdən-birə keçməyə də hazır deyildik. Hesab edirəm ki, bu proses hələ neçə illər davam edəcək”.
Ekspertin fikrincə, kurikulumların tətbiqi də təhsilimizdə müəyyən çətinliklərə səbəb olub:
"Kurikulumların tətbiqi ilə milli təhsil konsepsiyası elan edildi. İndi biz həmin kurikulumların acı nəticəsini görürük. Ona görə də bu gün məktəblərimizdə oxuyub-yazmağı bacarmayan şagirdlərimiz var”.
Məktəblərdə şagirdlərin biliklərinin qiymətləndirilməsində müəyyən problemlərin olduğunu vurğulayan yarımillik qiymətləndirmə prosesinin yanlış addım olduğunu deyib:
"Sovet təhsil sistemində rüblük qiymətləndirmə var idi. İndi rüblük qiymətləndirməni ləğv edib, yarımillik qiymətləndirmə tətbiq edilir. Buna heç bir əsas yox idi. Əvvəllər şagirdlər 4 dəfə məsuliyyət daşıyırdılarsa, indi cəmi iki dəfə məsuliyyət daşıyırlar. Digər tərəfdən, əvvəllər aralıq imtahanları var idi. Bütün sinif pillələrinə keçid bu imtahanlarla aparılırdı. İndi isə həmin imtahanlar ləğv edilib, yeganə buraxılış imtahanı yaradıldı. Birdən-birə səkkiz fənni həmin buraxılış imtahanına daxil etdilər. Şagirdlər 10 il imtahan vermirlər, birdən-birə imtahan verirlər. Belə demək mümkündürsə, indi bizim məktəblərdə şagirdlərə yalnız ixtisas üzrə hazırlıq keçirilir. Yəni uşaqlar orta məktəbdə yalnız gələcəkdə seçəcəkləri ixtisasları üzrə təhsil alırlar. Onlara ümumi bilik-bacarıq vərdişləri aşılanmır. Bu da indiki vəziyyətin ortaya çıxmasına şərait yaradır”.
Şəymən