Ölkədə 12 nazirlik saxlanılsın

Ekspertlər təklifi dəyərləndirir, ancaq hesab edirlər ki, məsələ dərindən araşdırma tələb edir




İqtisadçı-ekspert Qubad İbadoğlu maraqlı təkliflə çıxış edib. Azərbaycandakı nazirliklərin sayının azaldılmasını təklif edən iqtisadçı bildirib ki, Nazirlər Kabineti Rusiya federal hökumətini təkrarladığından ölkədə "şişman idarəetmə aparatı” yaranıb. Ekspertin fikrincə, Azərbaycanda 12 nazirliyin saxlanılması daha məqsədəuyğundur:

"Hesab edirəm, hökumət parlamentdə hesabat verərkən bu məsələlər üzrə ciddi müzakirələr aparılmalıdır. Büdcə xərcləmələrinin optimallaşdırılması, iş yerlərinin bağlanması və əmək haqqı gəlirlərinin azalmasına yol vermədən dövlətin əlavə məsrəflərinin azaldılması həlli vacib olan əsas məsələlərdən hesab olunur”. Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə, kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 37-yə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə çoxdur.

İqtisadçının təklifini şərh edən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, böhran olanda istər-istəməz diqqət müəyyən sahələrin ixtisar edilməsinə yönəlir. Amma idarəetmədə islahatların aparılması ciddi təhlillər tələb edən məsələdir: "İslahatlar büdcə vəsaitinə qənaət edilməsinə xidmət edir. Dövlət aparatı idarəetmə kimi mühüm bir funksiyanı həyata keçirir. İstənilən yaxşı idarəetmənin əsas prinsipi dövlət aparatının necə təşkil edilməsi ilə bağlıdır. O baxımdan Azərbaycanda nazirliklərin ixtisarı məsələsi ciddi təhlil olunmalıdır. Yəni niyə bir nazirlik digərinə birləşdirilməlidir, birləşmə nəticəsində hansı müsbət elementlər ortaya çıxacaq, bütün bunlar dərindən analiz edilməlidir. Əgər dəyişikliklər maliyyə vəsaitlərinin qənaət olunmasına gətirib çıxarmayacaqsa, onda ixtisarlar heç bir mahiyyət kəsb etməyəcək. Mexaniki olaraq 26 nazirlikdən 12 nazirliyə enmək idarəetmədə ciddi problemlər və xaos yarada bilər. Belə vəziyyət peşəkar kadrların idarəetmədən uzaqlaşmasına da gətirib çıxarar. Fikrimcə, populist çıxışlardan bir qədər uzaq olmaq lazımdır”.

Ayyət Əhməd