Ölkədə ciddi jurnalist ordusu yetişib, amma...

...Bu sahədə kollektiv şəkildə uğur yoxdur
Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən
mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Bəlkə də elə bu səbəbdən ölkə mətbuatının bugünkü durumu heç də qənaətbəxş hesab olunmur. Xüsusən də, reklam bazarının olmaması, oxucuların yazılı mətbuata bir o qədər də maraq göstərməməsi, qəzetlərin faktiki olaraq kimlərinsə maliyyə dəstəyi müqabilində nəşri yazılı mətbuatın ağır durumunu şərtləndirən əsas faktorlardandır. Mətbuatda yaşanan bu problemləri ölkənin ictimai-siyasi xadimləri, yazarları da təsdiqləyir.
... Əvvəli ötən sayımızda
Daimi olaraq mətbuatı izləyən və jurnalistlərin tez- tez şərh almaq üçün müraciət etdiyi politoloq Ərəstun Oruclu isə mətbuatımızın ürəkaçan durumda olmadığı qənaətindədir: "Zahirən Azərbaycanda mətbuat azadlığı təmin olunsa da, problemlər "n” qədərdir. Xüsusən də, mətbuatda çap olunan yazıların keyfiyyəti, fərqliliyi baxımından peşəkarlıq qənaətbəxş deyil. Ən böyük problemlərdən biri də mətbuatın iqtisadi baxımdan asılı olmasıdır. Mətbuatda reklam bazarı və rəqabət mühiti yox dərəcəsindədir. Məhz elə bu səbəbdən də qəzetlər öz müstəqilliyini təmin edə bilmir. Maliyyə çatışmazlığı səbəbindən dərc olunan yazıların da keyfiyyət göstəriciləri aşağı olur”. Ə.Oruclunun sözlərinə görə, hər şeydən əlavə bəzi jurnalistlərin peşəkarlıq göstəriciləri də çox zəifdir: "Bəzən olur ki, hansısa mətbuat orqanına açıqlama verirsən və sonradan özün öz açıqlamanı oxuyanda təəccüblənirsən. Çünki jurnalistlər yolverilməz səhvlər edirlər. Təbii ki, burada söhbət hansısa texniki səhvdən, cümlə quruluşundan və ya ixtisardan və ya fikir dəyişikliyindən getmir. Problem ölkələrin, təşkilatların adının qeyd olunmasındadır. Təsəvvür edin ki, İranla bağlı hansısa xəbəri şərh edən zaman bir yerdə İran, növbəti dəfə rəsmi Tehran işlədirsən, amma yazını oxuyanda İran və Tehran deyə təqdim edildiyinin şahidi olursan. Bu da birmənalı olaraq savadsızlıq və qeyri-peşəkarlığın göstəricisidir”.
Mətbuatın ictimai-siyasi hadisələrə təsir imkanlarına gəldikdə isə politoloq deyib ki, mətbuat ölkədə yetərincə ictimai rəy formalaşdıra bilir: "Mətbuatın təsir imkanları kifayət qədərdir. Mətbuatda öz əksini tapan mövzular nəinki sadəcə ictimai-siyasi proseslərə təsir göstərir, hətta bəzi hallarda hakimiyyətin qərarlarına da təsir edir”.
Millət vəkili Fazil Mustafa da Azərbaycan mətbuatının bugünkü vəziyyətindən razı olmadığını deyib. Onun sözlərinə görə, bu onunla bağlıdır ki, mətbuatın iqtisadi müstəqilliyi qaneedici səviyyədə deyil. Onun sözlərinə görə, bu gün Azərbaycanda müstəqil mətbuat yoxdur: "Bu da ona gətirib çıxarır ki, hadisələrin obyektiv işıqlandırılması, cəmiyyət hadisələrinin daha dolğun ifadə olunması müəyyən problemlərlə qarşılaşır. Ümid edirəm ki, bu proseslər daha fərqli bir istiqamətə keçəcək, daha çox iqtisadi müstəqillik qazanan mətbuat Azərbaycan cəmiyyətinə daha çox fayda verəcək. Amma bugünkü şəraitdə bunları söyləmək çətindir”.
Bütün bunlara baxmayaraq ölkəmizdə ciddi jurnalist ordusunun yetişdiyini dilə gətirən millət vəkili bunu sevindirici hal kimi qiymətləndirib. Jurnalistikada əldə olunan uğurları fərdi idman növləri əsasında əldə edilən uğurlarla müqayisə edən F.Mustafa vurğulayıb ki, ölkəmizdə idman sahəsində olduğu kimi jurnalistika sahəsində də kollektiv şəkildə uğur yoxdur. O söyləyib ki, bunun ilk səbəbi iş adamlarının müstəqilliyindən keçir: "Yəni ayrı-ayrı iş adamlarının müstəqilliyi o səviyyədə olmalıdır ki, onlar mətbuata pul qoysunlar. Bu zaman mətbuat həm də kommersiya strukturu kimi də inkişaf edər. Bu olmadıqda, mətbuat özü kommersiya ilə məşğul olmağa başlayır. Amma əslində mətbuat özü birbaşa bu işlə məşğul olmamalıdır. Bu, iş adamlarının üzərinə düşür və onlar bununla məşğul olmalıdırlar”.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda çoxsaylı mətbuat orqanlarının çap olunduğunu və elə həmin illərdə də jurnalistikamızda peşəkarlar ordusunun formalaşdığını vurğulayan millət vəkili Zahid Orucun fikrincə, bu gün inkişafla yanaşı, mətbuatın itkiləri də var, hətta iqtisadi bazasının natamamlığı da mövcuddur: "Digər sahələrdə olduğu kimi mətbuatda günəmuzd məqsədi ilə fəaliyyət göstərənlər var. Sözsüz ki, onlar müasir jurnalistikanın siması ola bilməz. Bütövlükdə götürdükdə, bütün Azərbaycan mediasını daimi olaraq izləyirəm. Onu deyə bilərəm ki, indiki halda elektron media çap mediasını üstələməklə aparıcı qüvvəyə çevrilməkdədir. Son dövrlər yeni kommunikasiyalar, informasiya texnologiyalarının hərəkətlənməsi onların imkanlarını xeyli dərəcədə genişləndirib. Bütün qəzetlərin sosial şəbəkələrdə ayrıca veb-saytları mövcuddur”.
Z.Orucun sözlərinə görə, bütün çatışmazlıqlara rəğmən bugünkü Azərbaycan mətbuatının ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanı var və rəy formalaşdıra bilir. Dövlət orqanları müəyyən mənada media ilə hesablaşmalı olur: "Yalnız onu da unutmayaq ki, mediamız bəzən müxtəlif qara və çirkli əllərin alətinə də çevrilə bilir. Hətta bəzən 4-cü hakimiyyət deyib də jurnalistikanı 1-ci və 2-ci hakimiyyətin səlahiyyətlərini mənimsəmək yönümündə də fəaliyyətinin şahidi oluruq”.
Azərbaycan mediasının gələcəyi ilə bağlı nikbin olduğunu vurğulayan Zahid Orucun sözlərinə görə, sadəcə, mətbuatın iqtisadi bazasının genişləndirilməsi yönündə addımlar atılmasına ehtiyac var. Qəzetlərin eyniləşməsi ilə bağlı səsləndirilən iradlara gəldikdə isə millət vəkili deyib ki, bunun əsas səbəbi Azərbaycanda xəbər məkanının eyni olması ilə bağlıdır: "Ölkəmizdə rəngarəng hadisələrin meydana çıxmasını, ideyaların istehsalını təşkil eləmək lazımdır ki, media da ona adekvat informasiyalar yaysın. Əgər ölkədə fəaliyyət göstərən qəzetlərin manşetləri eynilik təşkil edirsə, bunun əsas səbəbi hadisə qıtlığı ilə bağlıdır. Əslində dünyanın aparıcı media orqanları olan CNN-lə BBS-nin yaydığı xəbər proqramları arasında da elə bir fərq yoxdur. Odur ki, rəngarəngliyin olmamasına görə, Azərbaycan mediasını qınamaq düzgün deyil. Hadisələrin özünün zənginliyini təmin etmək lazımdır ki, bu da bizim siyasi partiyalardan, hərəkatlardan, QHT-lərdən asılıdır. 50 partiya əvəzinə ölkədə 5 partiyanın fəaliyyəti hiss olunursa, mətbuat 50 partiyanın fərqli ideoloji bəyanatlarını necə yaysın?”
Cəmiyyətdə söz və fikir azadlığının gerçəkləşdirilməsində, demokratik idarəçilik formalarının bərqərar olmasında mətbuatın rolunun əvəzedilməz olduğunu vurğulayan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovun sözlərinə görə, qanunvericilik imkanlarının geniş olmasına baxmayaraq, bu gün ölkəmizdə çap mətbuatına oxucu marağı ürəkaçan deyil: "Son illər internet medianın geniş vüsət alması nəticəsində qəzetlərə oxucu tələbatı da azalıb. Ölkənin aparıcı qəzetlərinin satış tirajının on mindən aşağı olması bunu deməyə əsas verir ki, bu gün qəzet oxucularının sayı yetərincə deyil. Hazırda qəzetlərə oxucu marağının zəif olmasının səbəblərinin öyrənilməsi, qəzetlərin satışına bu və ya digər formada təsir edən əsas elementlərin aşkar olunması mətbuat sahəsində əsas problem olaraq qalmaqdadır.
Azərbaycanın uzun illər sovet imperiyası tərkibində olması jurnalistika sahəsinə də təsirsiz ötüşməyib, jurnalistikamızın peşakarlığına və formalaşmasına ciddi təsirlərini buraxıb. Ancaq bu gün hazırkı Azərbaycan mətbuatı daha çox dünya mətbuatının ümumi inkişaf xəttinə uyğun şəkildə inkişaf etməkdədir. Məlumdur ki, sovet jurnalistikasının özünəməxsus ənənələrinin böyük əksəriyyəti dünya jurnalistikası ilə uzlaşmırdı. Bu gün Azərbaycan mətbuatında hiss olunan bəzi qeyri-peşəkar elementlərin böyük əksəriyyəti də məhz bu səbəbdən dolayı ortaya çıxmaqdadır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb