"Ölkəmizin görməli yerlərini tanımırlar, amma Dubaya, Antalyaya..."

Hadı Rəcəbli: "Məktəblilərin turist səfərləri ilə bağlı böyük boşluqlar var"


""Səyahət mədəniyyəti” deyilən anlayış var”.

Bunu Sher.az-a Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. 

Onun sözlərinə görə, bütün dini ziyarətlər, Həcc, Kəbə, Kərbala ziyarətləri və s. təkcə dini inanclarla bağlı deyil:

"Həmçinin insanlar bu fikrə əsaslanırdı ki, çox gəzən çox oxuyanandan da yaxşı bilər. Bu da qədimdən Azərbaycanda bir ənənə halını alıb. Sonra Sovet dönəmində də məktəblərdə turist səfərləri var idi, indi də yayılır.
Artıq yay tətilləri başlayıb. Amma baxın, hansı məktəbdə belə turist səfərləri təşkil ediblər? Hazırda problem buradan başlayır. Gənclər üçün oxumaq, bilik almaq vacibdir. Sözsüz ki, istirahət də etməliyik. Səyahətə getdikdə uşaqlar daha mehriban olurlar. 

Bu məsələdə valideynlər də, məktəb də iştirak etməlidir. Məktəblilərin turist səfərləri ilə bağlı böyük boşluqlar var. İnsanlar Azərbaycanın görməli yerlərini tanımırlar, amma Dubaya, Antalyaya gedirlər. Azərbaycanda bu mədəniyyət inkişaf etməli, valideynlər uşaqlarını götürüb gəzməyə getməlidir. Turist şirkətləri ilə bu sahədə əməkdaşlıq etmək lazımdır”.

Ayyət Əhməd