Sosioloq bu məsələni bütün rayonlar üçün ciddi problem hesab edir
22 yaşlı Xanım Quliyeva 3 yaşlı oğlu ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Valideynləri bir həftədən çoxdur ki, qızlarından və nəvələrindən xəbər ala bilmirlər. Anasının sözlərinə görə, qızının ailəsi ilə bağlı problemləri olub. Hətta həyat yoldaşı qaçmamışdan bir neçə gün öncə onu atası evinə gətirib və boşanacaqlarını bildirib.
Anasının sözlərinə görə, qızının evləndiyi gündən güzəranı olmayıb, daim söz-söhbətlər, zorakılıq, qızının belə addım atmasına gətirib çıxarıb. Hətta qız evdən çıxarkən pul və artıq paltar da götürməyib. Uşağını bağçaya aparıb, ordan da çıxıb gedib. Qadının sözlərinə görə, qızı heç vaxt tək başına heç yerə getməyib və yaxın rəfiqəsi belə yoxdur.
İndi isə birdən-birə belə yoxa çıxması onları qorxuya salıb. İndi gözüyaşlı atası və anası qızlarının və nəvələrinin yolunu gözləyirlər. Valideynlərinin sözlərinə görə, qızları evə dönsün, ona heç bir təzyiq göstərməyəcəklər və bütün istəklərini yerinə yetirəcəklər. Qeyd edək ki, Xanım Quliyeva və 3 yaşlı oğlunun axtarışları Xəzər rayon polis idarəsində davam edir.
Hadisə ətrafında sosial şəbəkələrdə müzakirə açılıb və əksəriyyət 22 yaşlı qadının evdən qaçmasını erkən nikahların yaratdığı problemlə əlaqələndirib.
Erkən nikahların ölkənin bütün rayonları üçün ciddi problem olduğunu vurğulayan sosioloq Cavid İmamoğlunun sözlərinə görə, respublikanın hər yerində erkən nikah qurbanlarına rast gəlmək olur. Buna səbəb isə Azərbaycanın adət-ənənələri və mentalitet sistemidir:
"Erkən nikahlara qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, əksər valideynlər qızlarının erkən evlənməsinin tərəfdarıdır. Əgər valideynlər başa düşsələr ki, erkən nikah övladları üçün ciddi mənəvi-psixoloji problemlər yaradır, bəlkə də bu addımı atmazlar. Biz ağsaqqalları və ziyalıları prosesə cəlb etməklə valideynlər arasında maarifləndirmə tədbirləri keçirməli və erkən nikahların fəsadları faktlarla onlara izah edilməlidir”.
Psixoloq Azad İsazadə isə erkən nikahların psixoloji baxımdan hansı fəsadlar törədəcəyindən söhbət açıb. Onun sözlərinə görə, insan fizioloji, bioloji daha tez inkişaf edir. Arxasınca isə insanın psixikası, psixologiyası formalaşır:
"İstər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə hələ vaxt lazımdır ki, bir insan kimi tam formalaşaq, böyük adam olaq. Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan "N” qədər fəsadları çıxır. Qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra tam formalaşanda ona sevgi də gələ bilər. Mümkündür ki, bu sevgi həyat yoldaşına qarşı yox, başqasına qarşı olsun. Bu da sabah real böyük problemlərə gətirib çıxarır”.
Bu cür problemlərin ciddi psixi pozğunluğa gətirib çıxara biləcəyini vurğulayan Azad İsazadənin sözlərinə görə, sırf psixoloji cəhətdən ailə qurmaq üçün 30 yaş və bir az çox optimal sayılır.
Şəymən