Olland balansı qorumağa çalışır

Fransa prezidenti əvvəl İrəvana, sonra da Bakıya gələcək




Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərinin tarixi və proqramı məlum olub. Olland Bakıya aprelin 24-də, qondarma erməni soyqırımının 100-cü ildönümü tədbirində iştirak etdikdən sonra gələcək. Prezidentin səfəri barədə məlumat verən Fransanın Azərbaycandakı səfiri Paskal Mönyenin sözlərinə görə, Ollandın səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq:

"Fransa prezidenti Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır və hər iki ölkənin prezidentləri ilə görüş keçirib təkliflərini müzakirə etmək istəyir”. Bir sıra ekspertlərin fikrincə, Fransa lideri erməni lobbistləri ilə birgə Ermənistana getməklə bir daha düşmənimizə xüsusi rəğbət bəslədiyini nümayiş etdirmiş olacaq. Bu mənada Ollandın İrəvandan sonra, aprelin 25-də Türkiyəyə deyil, məhz Azərbaycana gəlmək qərarı Qarabağ məsələsinin həllinə rəsmi Parisin verdiyi önəmdən daha çox, neytral vasitəçi imicini qoruyub saxlamaq, İrəvanla yanaşı, Bakının da etimadını itirməmək məqsədi güdür. Eyni zamanda bu qərar saxta "soyqırım” törəninə qatılmağın Bakı və Ankarada yaradacağı qıcığı arxa plana sürüşdürmək, Ermənistan səfərinin siyasi önəmini azaltmaq niyyəti daşıya bilər. Həmçinin, Fransanın Rusiya qarşısında Azərbaycanı yalnız buraxmamaq, bir növ siyasi-mənəvi dəstək vermək, Moskvanın Dağlıq Qarabağ kartından yararlanıb bölgəni qarışdırmaq planlarına mane olmaq məramını da vurğulamaq olar.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Fransa prezidentinin apreldə ölkəmizə gözlənən səfərinin məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdır: "Olland 24 apreldə Ermənistana gələcək və orada qondarma "soyqırım” tədbirlərinə qatılacaq. Azərbaycana gəlişinin səbəbi isə bizim "xətrimizə dəyməmək” istəyi ilə bağlıdır. Olland balansı qorumağa çalışır və buna görə də Rusiya Prezidenti Putindən fərqli siyasət yürüdür. Məncə, bu da düzdür”. Politoloqun sözlərinə görə, hazırkı dönəmdə ən önəmli məsələ böyük dövlətlərin Ermənistana təsir edib, Azərbaycanı Qarabağ ətrafındakı torpaqları boşaltmağa inandıra bilməsidir: "Əgər inandıra bilməsələr, müharibə başlaya bilər. Çünki Azərbaycan getdikcə silahlarını artırır və modernləşdirir. Eyni zamanda mövqeyini sərtləşdirir. Dağlıq Qarabağ ətrafında hərbi təlimlər keçirilməsinə imkan vermir. Dövlət başçısı da belə fikir səsləndirir ki, erməni əsgərinin Ağdamda nə işi var? Müdafiə nazirimiz də deyir ki, Azərbaycan düşmənin 70 faiz qüvvəsini məhv edə bilər. Bu, o deməkdir ki, Ermənistan yaxın müddətdə Qarabağ ətrafında rayonları boşaltmasa, müharibə ehtimalı artacaq. Ona görə də indi Ermənistan qərar verməlidir və əgər böyük dövlətlər bölgədə müharibə istəmirsə, Ermənistanı razı salmalıdır”.
Beynəlxalq münasibətlər üzrə siyasi ekspert Razi Nurullayev isə deyib ki, Fransa ilə Azərbaycan arasında münasibətlər normal, hətta yüksək səviyyədədir. Fransa Prezidentinin regiona səfəri də bu ölkənin Cənubi Qafqaz regionuna, xüsusi ilə Azərbaycana verdiyi önəmdən irəli gəlir: "Azərbaycan tərəfi Fransa ilə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan Ollandın Azərbaycana səfərində fərqli nüanslar axtarmaq doğru olmazdı. Fransa prezidentinin Ermənistanın ardınca dərhal Bakıya səfər etməsi bir daha göstərir ki, Fransa tarixi müttəfiqi Ermənistanla yanaşı, Azərbaycanla müsbət əməkdaşlığı da özü üçün önəmli bilir. Təbii ki, Fransa prezidentinin qondarma erməni soyqırım tədbirində iştirakı Azərbaycan tərəfindən xoş qarşılanmır. Amma vətəndaş cəmiyyətindən və mediadan fərqli olaraq Azərbaycan dövləti Fransa rəhbərinə birbaşa etiraz edə bilməz. Hesab edirəm ki, F.Olland Azərbaycanda xoş qarşılanacaq, xoş da yola salınacaq. Çünki görüşdə tək Dağlıq Qarabağ deyil, eyni zamanda bir sıra mühüm iqtisadi və ticari məsələlərlə bağlı da prezidentlər arasında müzakirələr aparılacaq”.
Siyasi elmlər doktoru, professor Elman Nəsirli bildirib ki, Ollandın hər iki dövlətə getmək haqqında qərar verməsi ümumi regiona səfər kimi təqdim ediləcək: "İrəvanda keçiriləcək tədbirdə yalnız Fransa prezidenti Fransua Olland iştirak edəcək. Lakin onun səfəri Ermənistanda böyük sevinclə qarşılanmır. Çünki o, təkcə Ermənistana deyil, həm də Azərbaycana səfər edəcək. Yəni Fransa prezidenti təkcə Ermənistanda keçiriləcək tədbirlərdə iştirak etmək üçün gəlmir. Bu isə Sarkisyan və onun komandasının maraqlarına uyğun deyil”.
İsmayıl