Onların da taleyi Kremldən asılıdır

Politoloqlar girovlarımızın azad edilməsinin yolunu göstərdi




"Dağlıq Qarabağda ermənilər tərəfindən saxlanılan azərbaycanlı girovların azad edilməsi münaqişənin həlli yolunda humanitar jest olardı”. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri
Robert Sekuta azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulmuş qondarma məhkəmə prosesini şərh edərkən deyib. Əslində Sekuta ABŞ-ın dördüncü rəsmisidir ki, girovların azad edilməsi barədə bəyanat verir.

Superdövlətlə yanaşı, digər həmsədr ölkələrin, Rusiyanın hakimiyyət nümayəndələri belə girovların azadlığı ilə bağlı çağırış ediblər. Amma çox təəssüflər olsun ki, ciddi addım atılmadığı, Ermənistana təzyiq göstərilmədiyi üçün edilən çoxsaylı bəyanatların heç bir əhəmiyyəti olmayıb. Son proseslərdən sonra gözləntilər nisbətən başqa cür olsa da, qondarma apelyasiya məhkəməsi bildiyi kimi hərəkət edərək girovlarımıza "kəsilən işi” qüvvədə saxlayıb.

Ölkə ictimaiyyətində də girovların azadlığı ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri hesab edirlər ki, D.Əsgərov və Ş.Quliyev yalnız diplomatik yolla, yəni Ermənistana təzyiq göstərmək yolu ilə azad edilməlidir. Digərləri isə düşünür ki, girovlarımız hərbi əməliyyat keçirməklə və ya ələ keçirilən üç-beş erməni əsirin dəyişdirilməsi ilə geri alınmalıdır. Görəsən, Azərbaycanın tanınmış siyasi ekspertləri bu barədə nə düşünürlər? Dövlətimiz hansı variantdan istifadə edərək girovlarımızı azad etməlidir?

Ermənistana ABŞ-ın bəyanatlarından daha çox Rusiyanın çağırışları təsir göstərə bilər

MTN-in keçmiş nazir müavini Sülhəddin Əkbər bildirib ki, girovların azadlığı ilə bağlı həm diplomatik, həm də hərbi əməliyyat resurslarından istifadə olunmalıdır: "Dövlətin bu istiqamətdə hansı işləri gördüyü, hansı əməliyyatları planlaşdırdığı ictimaiyyətə bəlli deyil. Ona görə də bu barədə fikir söyləmək çətindir. Ancaq düşünürəm ki, siyasi-diplomatik yollarla məsələni həll etmək mümkündür. Çünki girovların azad edilməsi elə də mürəkkəb məsələ deyil. Fikrimcə, Ermənistana ABŞ-ın bəyanatlarından daha çox Rusiyanın çağırışları təsir göstərə bilər və girovlar azad olunar. Yaxud da Azərbaycanın alternativ hərəkət etmək imkanları olmalıdır ki, ermənilər məcbur qalıb girovları azad etsinlər. Heç olmasa, mübadiləyə razılıq versinlər”.

Erməni əsgərlərini ələ keçirib onları girovlarla dəyişmək lazımdır

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə düşünür ki, erməni əsgərlərini ələ keçirib onları girovlarla dəyişmək lazımdır: "Bizim girovlar mülki şəxslər olduğu üçün onların tutulması düzgün deyil. Amma bizim də mülki erməniləri girov götürməyimiz doğru olmaz. Azərbaycan ermənilərin etdiyi hüquq pozuntusunu təkrarlaya bilməz. Zənn edirəm, ölkəmizə keçən erməni diversantlarını tutaraq girovlarımızla dəyişdirmək təklifini irəli sürə bilərik. İndiki vəziyyətdə problemin başqa bir çıxış yolunu görmürəm. Çünki həmsədrlərin məsələyə diqqət çəkməsi və çağırışlar etməsi heç bir nəticə vermədi və verəcəyini də düşünmürəm”.

Ən optimal yol odur ki, Azərbaycan tərəfi girov məsələsi həll olunmayana qədər danışıqlar prosesində iştirakını dayandırsın

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin Ərəstun Oruclu hesab edir ki, girovların qaytarılması üçün Ermənistana təzyiqlərin artırılmasına nail olmalıyıq. Amma bunu hərbi və ya digər zorakı üsullarla etmək səmərəsizdir: "Çünki bu yanaşma tərəflər arasında böyük müharibəyə səbəb ola bilər. Ən optimal yol odur ki, Azərbaycan tərəfi girov məsələsi həll olunmayana qədər danışıqlar prosesində iştirakını dayandırsın. İndiki Rusiya-Ermənistan münasibətləri kontekstində Kremlin İrəvana təsir edib girovları azad edəcəyi bir qədər mümkün görünmür. Amma hər halda Rusiya bu məsələdə daha çox maraqlı olmalıdır, çünki girovlardan biri rus pasportunu daşıyır”.

Rusiya istəsə, bir günə girovlarımızı azad etdirə bilər

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da düşünür ki, bu məsələdə ancaq özümüzə güvənməliyik: "Hərbi qüdrətimizi artırmalıyıq, lazım gələrsə, kəşfiyyatçılarımız Ermənistan tərəfə keçərək bir-iki ermənini girov götürməli və onları azərbaycanlı girovlarla dəyişdirməyi təklif etməlidir. Artıq başqa yol qalmayıb”. Politoloq Rusiyanın çağırışlarını yumşaq qiymətləndirib: "Rusiyanın XİN rəhbəri Sergey Lavrov jurnalistin sualına cavab olaraq xatırlatdı ki, beynəlxalq konvensiyaya uyğun olaraq girovlar qaytarılmalıdır. Ancaq ABŞ konkret mövqe ortaya qoydu və bəyan etdi ki, azərbaycanlı girovlar şərtsiz geri verilməlidir. Bu açıqlamları birbaşa rəsmi Vaşinqtonun mövqeyi kimi dəyərləndirmək olar. İndiyə kimi girovlarımız qaytarılmır, çünki Ermənistana təsir və təzyiq edilmir. Ermənistan isə şıltaqlıq edir. Halbuki Rusiya istəsə, bir günə girovlarımızı azad etdirə bilər. Ancaq görünür, hələlik Rusiya da bunu istəmir”.

İsmayıl