"Onların işi jurnalistika deyil, sırf cinayətdir" - Baş YAZAR





"Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun saxlanılması "reket” jurnalistikası ilə mübarizə məsələsini yenidən gündəmə gətirib. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, İ. Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. 

İ.Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.

Məsələyə münasibət bildirən "Teleqraf Holdinq”in rəhbəri  Aynur Camalqızı"Sherg.az”a açıqlamasında bildirib ki, bu kimi olaylar jurnalistika sahəsində xoşagəlməz, utancverici hətta biabırçı haldır:

"Təəssüflər olsun ki, uzun illərdir "reket” jurnalistikasından əziyyət çəkirik. Bu kimi arzuolunmaz işlə məşğul olan "jurnalistlər" həqiqi jurnalistlərin əməyini hörmətdən salır. Biz həyatımızı, özümüzu bu sahəyə həsr etmişik. Bu yolda hətta ölməyə belə hazırkən bu cür şəxslər jurnalist adı ilə insanları şantaj edib, onların şəxsi həyatına aid olan özəl məlumatları, saxta informasiyaları cəmiyyətdə yaymaqla hədəyərək külli miqdarda pul tələb edirlər. Bir çox hallarda imkanlı şəxslər öz imiclərini qorumaq üçün onların toruna düşürlər. Həqiqətən bu, çox xoşagəlməz haldır".

Baş yazar diqqətə çatdırıb ki, uzun illərdir, Mətbuat Şurası (MŞ) "reket” jurnalistlərlə mübarizə aparır:

"Peşəkar jurnalistlər olaraq var gücümüzlə onları sıradan çıxarmağa çalışırıq. Lakin bunu bacarmaq həddindən artıq çətindir. MŞ-nın əlində o qədər böyük səlahiyyətlər yoxdur. "Reket” jurnalistlərə ən ağır cəza olaraq onların saytlarını, qəzetlərini "qara siyahı"ya sala bilirik. Amma bu da çıxış yolu deyil. Çünki onlar bir yox, onlarla sayt, qəzet adı qeydiyyatdan keçiriblər. Onların birini məhv edən də digərləri ilə öz mənfi fəaliyyətlərini davam etdirirlər. Bununla da "qəhrəman"ların qarşısını almaq mümkün olmur. "Realliq.info” saytının baş redaktoru İ.Rəhimovun arzuolunmaz fəaliyyətindən xəbərdaram. Bir sıra sosial media, internet resursları ilə bəzi şəxslər haqqında saxta məlumatlar yayırdı. Hətta xeyli müddət bundan əvvəl İ.Rəhimov mənim əleyhimə bir yazı verib, məni rusiyapərəst adlandırdı. Təbii ki, bu məlumat absurddur. 

Həmin xəbəri gülüşlə qarşıladım. Amma insanların şəxsi həyatını, ailəsini hədəfə alanda bunun üzərindən sükutla keçmək olmur. Həmin vaxt gərək onları ya məhkəməyə verib, polisə şikayət edəsən, ya da tələb etdikləri məbləği ödəyəsən. İ.Rəhimovun DTX tərəfindən saxlanılması sevindirici haldır. İnanıram ki, Azərbaycan məhkəmələri onun haqqında ədalətli qərar çıxaracaq. Beləliklə də İ.Rəhimovun həbsi onun digər "tərəfdaş"larına, reketçiliklə məşğul olanlara bir görk olacaq. Çünki onlar çox hallarda özlərini güclü hesab edib, fəaliyyətlərinin qarşısının alına bilməyəcəyini düşünürlər. Ona görə də, onların saxta məlumatlarının ardı-arası kəsilmir. Düşünürəm ki, bu işlərlə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onların işi jurnalistika deyil, sırf cinayətdir. Bu mənada həmin şəxslər məsuliyyətə cəlb olunmalı, onlar haqqında ədalətli hökm çıxarılmalıdır. Bu da digərlərinə sözün əsl mənasına dərs olacaq”.

Holdinq rəhbəri onu da əlavə edib ki, "reket” jurnalistlərə qarşı ictimai qınaq da olmalıdır:
"Hazırda xoşagəlməz fəaliyyətlə məşğul olan jurnalistlərin sayı həqiqi jurnalistika ilə məşğul olanlardan azdır. Lakin bir çox hallarda öz işləri ilə məşğul olan peşəkarlar onlara baş qoşmamağa, əhəmiyyət verməməyə çalışır. Amma belə etməklə də onlara geniş meydan vermiş oluruq. Bu baxımdan da ictimai qınaq çoxalmalıdır. Hər bir jurnalist istər sosial şəbəkələrdə, istərsə də çalışdığı media quruluşlarında onlara qarşı çıxmalıdır. Ümumiyyətlə, belə insanlar cəmiyyətdən çıxdaş olunmalıdır. "Reket” jurnalistlərə qarşı geniş müzkirələr aparıb, dəyirmi masalar təşkil olunmalıdır. Həmin insanlara salam da verilməli deyil".

A.Camalqızının sözlərinə görə, bir çox hallarda dezinformasiya yayan şəxslərin qurbanına çevrilən insanlar onların gərçək jurnalist olub-olmamasından xəbərsizdir:

"Ona görə də, bu kimi mənfi halların sayı artmağa davam edir. Fikirləşirəm ki, bütövlükdə cəmiyyət içərisində maarifləndirici vasitələr hazırlanmalı, o yöndə olan yazıların sayı artırılmalıdır. Bununla da insanlar biləcək ki, bu adamlar həqiqi jurnalist deyil. Onlar sadəcə cinayətlə məşğuldurlar”

Kənan Eynuroğlu