Elnur Astanbəyli: “İstənilən halda çox istərdim ki, Seymur məni doğrudan da məhkəməyə versin”
Yazıçı Seymur Baycan şair-jurnalist Elnur Astanbəylini məhkəməyə verir. S.Baycanın iddiasına görə, Elnur Astanbəyli öz yazılarında onun fikirlərini dəfələrlə ya "adını unutduğum müəllif”, ya da başqa adla verib: "Neçə dəfə zəng eləyib demişəm ki, o fikir mənə məxsusdur, vecinə almır. Axırıncı dəfə mənim sözümü Yalçın İslamzadənin adına yazıb.
Zəng elədim ki, o fikri "Yazı mədəniyyəti” adlı yazımda yazmışam. Bu adamda ya yaddaş pozuntusu var, ya da qəsdən belə edir. Sonuncu dəfə xəbərdarlıq elədim. Dedim, bir də belə hal təkrar olunsa, neçə illik münasibətimizə baxmayaraq məhkəməyə verəcəm”.
Seymur Baycan məhkəmədə təzminat kimi 1 manat istəyəcəyini söyləyib. Seymur Baycanın ittihamlarını qəbul etməyən Elnur Astanbəyli isə bunu yazarın növbəti uydurmalarından biri kimi dəyərləndirib: "Yazılarımın birində "adını unutduğum müəllif” ifadəsi işlətdiyimə görə, Seymur Baycan mənə irad bildirmişdi ki, həmin sözü mən demişəm. Amma onun iradı haqlı deyildi. Yaxşı xatırlayırdım ki, həmin ifadə Seymurun yox, tamamilə başqa bir müəllifin idi. Bunu dəqiqləşdirdikdən sonra isə Seymura başa salmaq mümkün olmadı. Görünür, Seymur Baycan nə vaxtsa oxuduğu əsərlərdən oxuduğu ifadələri yaddaşına köçürür və sonradan belə bir fikrə qapılır ki, əslində bu cür qiymətli fikirləri məhz onun özü deyibmiş”.
Bu yaxınlarda Seymur Baycanın "maska”sını çıxaran bir yazı yazmışdım ki, ölkədə çox ciddi problemlər var, amma son vaxtlar Seymur onların heç birinə toxunmayıb. O, 100-200-cü dərəcəli mövzulara toxunub, boş-boş üyüdüb tökməklə məşğuldur: "Yemək necə yeyilməli, ayaqqabı necə geyilməli, qadını necə öpməli, dolmanı necə bişirməli kimi mənasız mövzularla başını girləyir. Mənim bu yazım Seymura çox pis təsir elədiyi üçün öz aləmində uydurma ittihamlarla məndən qisas almaq istəyir. Ya da Seymurun əli çox aşağıdır. "Ədəbiyyat” qəzetində, "Azərbaycan” jurnalında çap olunub qonorar almaq üçün Anarla aranı düzəltmək, özünü ona şirin salmaq istəyir. Amma istənilən halda çox istərdim ki, Seymur məni doğrudan da məhkəməyə versin. O zaman mən bir daha onun maskasını yırtıb, onun üzünə çılpaqlığı ilə bütün həqiqətləri deyərəm. Sözün açığı, belə bir məhkəmənin olmasını çox arzulayıram”.
Şəymən