"Orduda yeni birləşmələrin yaradılmasına ehtiyac yoxdur" - Polkovnik







"Orduda yeni birləşmələr yaranmır, Azərbaycanda struktur cəhətdən birləşmələrin tərkibi müəyyənləşdirilib”.

Bu barədə "Sherg.az”a yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 1.0.3 maddəsini izah edərkən ehtiyyatda olan polkovnik Şair Ramaldanov bildirib. 

Onun sözlərinə görə, yeni birləşmələr müharibə, döyüşlər zamanı ehtiyac olduqda yarana bilər:

"Həmçinin səfərbərliklə əlaqədar yeni birləşmələr təsis edilə bilər. Təklif edilən yeni qanunda Silahlı Qüvvələr nədir, bunun yeri, vəzifələri, növləri və s. haqqında bəhs olunur. Vəzifələr səlahiyyətlər konkretləşdirilib.

Lakin hazırkı qanunda konkret olaraq yeni birləşmənin yaradılması öz əksini tapmayıb. Yenə də qanun hələlik müzakirə mərhələsindədir. Təsdiq olunarsa, mahiyyətini biləcəyik. Ümumiyyətlə isə hazırda Silahlı Qüvvələrdə yeni birləşmələrin yaradılmasına ehtiyac yoxdur.

Qeyd edək ki, yeni maddəyə görə, "Azərbaycan Respublikasının başqa silahlı birləşmələri – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları, yaxud onların strukturlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir". Qanun layihəsi dekabrın 1-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Aysel Aslan