Ortada inkişaf, iş və siyasi iradə var
Qərbin, hər hansı bir xarici təşkilatın mövqeyi Azərbaycanda gündəm olmalı deyil
Qərb mediası və elitası növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməyə başlayıb. Azərbaycanda ən cüzi hadisəyə belə ciddi diqqət ayıran, şişirdilmiş bəyanatlar verən Qərb dünyası, "Freedom House”, "Amnesty İnternational” kimi qərəzli təşkilatlar hər zaman ciddi insan hüquqları pozuntularına göz yumublar. Həmçinin, öz ölkələrində demək olar ki, hər gün yaşanan haqsızlıqları, irqi ayrıseçkiliyi, polis zorakılığını görməyiblər. Qərbin ikili standartları və ədalətsiz iddiaları insan haqları məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada özünü açıq şəkildə büruzə verib. Nə üçün Qərb institutları Ermənistanda insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar? Ancaq gündən-günə sosial iqtisadi sahədə inkişaf edən, şərqdə ilk dəfə ölüm hökmünü ləğv edən, mətbuatdan senzuranı aradan qaldıran Azərbaycan kimi ölkəyə qarşı qərəzli mövqe göstərilir.
Parlamenti güllələnən, prezident və parlament seçkilərindəki seçki saxtakarlıqlarına görə mitinqə çıxan yüzminlərlə erməni nümayişçilərini gülləbaran edən, yüzlərlə siyasi fəalı həbsxanalara dolduran Ermənistana qarşı belə sanksiyalar qəbul olunmur, onlar tənqid edilmirlər. Bu kimi faktları xeyli sadalamaq olar. Xüsusən, qeyd etmək olar ki, "Qızıl gül” inqilabından sonra Qamsaxurdiya və Şevardnadze dövründən qalma siyasi-mədəni elitanın, siyasi rəqiblərin sıxışdırılması ən yüksək həddə çatıb. Həmin şəxslərin mühüm bir hissəsi ölkəni tərk edərək Rusiya, Yunanıstan və Fransaya mühacirət etməyə məcbur olub. Gürcüstanın hazırkı hakimiyyəti isə Saakaşvilinin həbsi ilə bağlı qərar çıxarıb, onun tərəfdarlarını sıxışdırıb, media orqanlarına təzyiq edib. Ukraynanın hazırkı hakimiyyəti də Yanukoviçə yaxın olan siyasətçiləri sıxışdırır, qətllər törədir, qanuni təsisatların fəaliyyətinə xitam verilir, hətta parlamentin buraxılması üçün tədbirlər görülür. Keçmiş hakimiyyətə yaxın olan media ən sərt şəkildə susdurulur.
ATƏT məkanına daxil olan digər ölkələrdə, hətta Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Həmçinin Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələrdə demokratiyadan əsər əlamət olmadığı halda, Qərb təşkilatları onları tənqid etmirlər. Buna səbəb isə onların ABŞ-la yaxın müttəfiq olmasıdır. Bütün bu biabırçılıqlara Qərb göz yumur. Antimilli qüvvələri müdafiə edən Qərb dairələri regionumuzun digər ölkələrində, Avropa dövlətlərində baş verən çoxsaylı hüquq pozuntusu halları ilə bağlı heç nə demirlər. Dağıdıcı müxalifət partiyalarından və xaricdəki bəzi anti-Azərbaycançı təşkilatlardan dəstək alan "hüquq müdafiəçiləri” də Azərbaycanın bütün uğurlarına kölkə salmağa çalışırlar.
Təbii ki, Azərbaycan ictimaiyyəti, ziyalılar, siyasi partiya, QHT rəhbərləri Qərbin bu mövqeyini hiddətlə pisləyir və ikili münasibətin aradan qaldırılmasını tələb edirlər.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib ki, təəssüflər olsun ki, Azərbaycanda həmişə irimiqyaslı tədbirlər həyata keçiriləndə ölkəmizə qarşı çirkin kampaniyalar aparan insanlar üzə çıxır: "Bu cür kampaniyalar nəticəsiz qalacaq. Əbəs yerə onlar "zəhmət” çəkirlər. Bilirsiniz ki, Azərbaycanda "Eurovision” mahnı müsabiqəsi keçiriləndə də ölkəyə qarşı belə qarayaxma kampaniyası başladı. Amma bu, tamamilə iflasa uğradı. Çünki bu qarayaxmanın heç bir əsası yoxdur, sadəcə olaraq Azərbaycanı gözü götürməyən qüvvələrin "işi”dir”. Onun sözlərinə görə, müəyyən beynəlxalq təşkilatlar, insanlar var ki, həmişə olduğu kimi yenə də istəyirlər ki, bu vəziyyətdən istifadə edərək Azərbaycanın artan inkişafına, dünyada artan nüfuzuna, imicinə ləkə yaxsınlar: "Azərbaycan həm iqtisadi, həm siyasi, həm humanitar baxımdan sürətlə inkişaf edən ölkədir və təbii ki, bunu gözügötürməyən insanlar var, beynəlxalq təşkilatlar da var. İstəmirlər ki, Azərbaycan bu sürətlə inkişaf etsin. Bilmirlər ki, neyləsinlər və bu cür tədbirlər keçiriləndə, Azərbaycana qarşı qarayaxma aparmağa çalışırlar. Amma yenə də haqq-ədalət öz yerini tapır, Azərbaycan öz inkişafı ilə gedir”. Z.Əsgərovun sözlərinə görə, Azərbaycan qərəzli çağırışlara hazır olmalıdır: "Ola bilər ki, gələcəkdə bu çağırışların sayı artsın. Çünki bu gün dünyada iqtisadi cəhətdən tənəzzülə uğrayan dövlətlər var. Hətta Avropa İttifaqının özünün tərkibində iqtisadi tənəzzülə uğrayan dövlətlər mövcuddur. Digər tərəfdən, bir çox yerdə müharibə gedir, bir çox yerdə dövlətlərin özlərinin daxilində təlatümlər var. Azərbaycan da dünya birliyinin üzvüdür və ətrafımızda nə baş verdiyini də başa düşür, bilirik. Sözsüz ki, öz işimizi də görürük. Çalışırıq ki, Azərbaycan belə çağırışlara həmişə hazır olsun”.
Z.Əsgərov bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının I Avropa Oyunlarını boykot etməyə yönəlik çağırışlarına da toxunub. O, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağıran bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarına, insanlara sözün həqiqi mənasında yazığı gəldiyini vurğulayıb: "Görünən dağa nə bələdçi? Ortada iş, inkişaf, Azərbaycanın həm siyasi, həm humanitar göstəriciləri, xalqımızın həyat şəraiti və xalqla iqtidarın birliyi var. Belə olan halda bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, bəzi dövlətlərdəki müəyyən qruplar və sapı özümüzdən olan baltalar bu mənasız işə baş qoşublar. "Eurovision” Mahnı Müsabiqəsində olduğu kimi, budəfəki cəhdlər də iflasa məhkumdur”.
Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, "Freedom House” və bu qəbildən olan bir neçə beynəlxalq təşkilatın Azərbaycanda və Türkiyədə azad media və vətəndaş cəmiyyəti ilə bağlı keçirmək istədikləri tədbir bu ölkələrə təzyiq vasitəsindən başqa bir şey deyil. T.Rzayev qeyd edib ki, bu təşkilatlar birinci dəfə deyil ki, guya Azərbaycanda və Türkiyədə söz və mətbuat azadlığının, insan hüquqlarının pozulduğunu iddia edirlər: "Bunların iddialarının hamısı cəfəngiyyatdır. Biz Türkiyənin də, Azərbaycanın da mətbuat həyatı ilə yaxından tanışıq. Əgər bir ölkədə yüzlərlə qəzet çap olunursa, yüzlərlə xəbər saytı fəaliyyət göstərirsə, yüzlərlə ictimai-siyasi təşkilat və QHT varsa, orada hansı söz və mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilər?”.
Millət vəkili bildirib ki, dünyanın əksər ölkələrində Azərbaycandakı və Türkiyədəki qədər qəzet çap olunmur, bu qədər xəbər saytları, informasiya vasitələri yoxdur: "Əgər bu gün hər hansı bir informasiya vasitəsində çalışan jurnalist öz sözünü açıq deməyi bacarırsa, iqtidarı tənqid edə bilirsə, ölkədə və dünyada gedən ictimai-siyasi proseslərə öz fikrini bildirirsə, orada söz və mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilərmi? Əlbəttə, gedə bilməz. Çox adamlar var ki, mətbuat azadlığını əllərində bir sipər ediblər, insanları təhqir edirlər, dövlətlərin əleyhinə qarayaxma kampaniyası aparırlar”. T.Rzayev deyib ki, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsindədir, eyni zamanda bu il parlament seçkilərinin keçirilməsi ilidir. Qərb istəyir ki, bu ərəfədə yenidən şantaja əl atsın: "Müsəlman ölkələrin inkişafı bu təşkilatların havadarlarının maraqlarına xidmət etmir. Türkiyə bu gün dünyada iqtisadi və siyasi cəhətdən inkişaf edən, beynəlxalq aləmdə tanınan və gündən-günə nüfuzu artan bir dövlətdir. Artıq Türkiyə beynəlxalq proseslərə yaxından qoşulan, dünyada baş verən hadisələrə münasibət bildirən və bu mövqeyində möhkəm dayanan bir dövlətdir. Eləcə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri oldu, bu Şuraya sədrlik etdi, bir çox mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir, Azərbaycan artıq dünyanın bir çox qabaqcıl ölkələri sırasındadır. Türkiyənin və Azərbaycanın inkişaf etməsi bu qüvvələrin marağında deyil. Ona görə də bu cür tədbirlər keçirməklə hər iki ölkənin nüfuzuna xələl gətirməyə çalışırlar”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə anti-Azərbaycan qüvvələrinin fəaliyyətində yeni bir mərhələnin başlandığını deyib: "Qarşıdan gələn ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi onların planlarına böyük problem yaradır. Bir qayda olaraq bu qüvvələr Azərbaycanı beynəlxalq aləmdə mənfi rakursda təqdim etməyə çalışırlar və olmayan prosesləri və ya halları Azərbaycanın adına yazırlar. Hazırda Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qazandığı uğurlar, Azərbaycanın insan hüquqlarının qorunması istiqamətində atdığı addımlar bu gün dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Azərbaycan inkişaf edən, beynəlxalq birlikdə fəal iştirak edən bir ölkədir. Bu isə əlbəttə ki, Azərbaycanda xüsusi siyasi və iqtisadi maraqları olan xarici dairələri ciddi narahat edir”.
Millət vəkili Sevinc Fətəliyeva da deyib ki, biz Azərbaycanda insan haqlarının vəziyyətini çox yaxşı bilirik. Ona görə də hər hansı bir xarici təşkilatın mövqeyi Azərbaycanda gündəm olmalı deyil: "Belə beynəlxalq təşkilatlar hansısa sifarişləri həyata keçirirlər. Biz bunu çoxdan anlayırıq. Amma nədənsə, onların mövqeyi gündəmimizdən düşmür, müzakirə olunur və biz çalışırıq ki, belə beynəlxalq təşkilatların mövqeyi naminə nəyisə edək. Düşünürəm ki, bu düzgün deyil. Çünki, bizim siyasi kursumuz çox düzgün müəyyən edilib və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı çoxlu işlər görülüb. Biz qoşulduğumuz bütün konvensiyaların tələblərinə əməl edirik. Məsələn, əgər insan haqlarının pozulması məsələsi Ermənistanın, Gürcüstanın gündəmində deyilsə, nədən Azərbaycanın gündəmində olmalıdır? Ona görə də belə qərəzli hesabatlar bizim gündəmimizdə olmamalıdır. Düşünürəm ki, belə fikirləri ciddi qəbul etməməliyik”.
İsmayıl