"Otel sahibi uçotda olmayanları işlədibsə, məsuliyyət daşıyacaq" - İşçi ölümü




"Otelin, çoxmərtəbəli binanın sahibi təmizlik xidməti göstərən hüquqi və ya fiziki şəxslə müqavilə bağlayır. Həmin müqavilə əsasında təmizlik xidməti göstərilirsə, bu zaman baş verən bədbəxt hadisəyə görə, otel rəhbərliyi məsuliyyət daşımır”.

Bunu Sherg.az-a paytaxtda otellərinin birində təmizlik işləri aparan 2 şəxsin 7-ci mərtəbədən yıxılması hadisəsinə münasibət bildirən zaman Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. 

O bildirib ki, hər hansı hüquqi və ya fiziki şəxslər insanları bu fəaliyyətə cəlb edib, xüsusi avadanlıqlarla təmizlik xidməti göstərir:

"Sifariş əsasında xidmət həyata keçirilən zaman, rəsmiləşdirmə mümkünləşibsə, sözsüz ki, həmin xidməti göstərən tərəf məsuliyyət daşıyır.

Binanın sahibi, heç bir vergi orqanında qeydiyyatda olmayan, özü fərdi şəkildə təmizliklə məşğul olan, uçotda olmayan şəxsləri cəlb edib, işlədirsə, onda həmin şəxs məsuliyyət daşıyacaq. Bu, istehsalatda bədbəxt hadisə sayılır. Nəticədə işçilər sığorta olunubsa, sığorta şirkəti tərəfindən onların sağlamlığına dəyən ziyanın aradan qaldırılmasına dəstək, əmək qabiliyyətini itiribsə, aylıq ödənişlər, yardımlar sığorta şirkəti tərəfindən həyata keçiriləcək. Həmin şəxslər vəfat edibsə, sığorta şirkəti ailə üzvlərinə kompensasiya ödəməli olacaq.

Həmin işçilər sığorta olunmayıbsa, məsuliyyət onu işə cəlb edən tərəfin üzərində qalır. Bu məsələnin maddi tərəfidir. Cinayət işi qaldırıldıqda müvafiq tədbirlər görülməlidir”.

Qeyd edək ki, faciə nəticəsində paytaxt sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması ilə 7-ci mərtəbədən yıxılıblar. Xəstəxanaya yerləşdirilən S. Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Aysel Aslan