"Özümü milyarder kimi hiss edirəm"

Yaşar Türkazər: "Dil qüsurum olmasaydı, aktyor olardım"



Yeni ilin ilk iş günündə Milli Azadlıq Hərəkatının simvollarından biri və bayraqdarı olan Yaşar Türkazər (Yaşar Məmmədli) "Şərq”in qonağı olub. Əslində Yaşar Türkazər tez- tez redaksiyamıza baş çəkib, ölkədə baş verən proseslərlə bağlı öz fikirlərini bizimlə bölüşür. Bu dəfə isə Yaşar Türkazər özü haqqında danışdı. Baş redaktorumuz Akif Aşırlının iştirakı ilə baş tutan söhbət əsnasında biz soruşduq, o da suallarımızı cavabladı. Yaşarın müsahibəsinə keçməzdən əvvəl qeyd edək ki, o, Azərbaycan milli azadlığı uğrunda təmənna güdmədən mübarizə aparan az sayda vətəndaşdan biridir. Hamı onu 1987-ci ildən milli mücadiləmizin açıq formaya keçdiyi vaxtlarda ön sıralarda duran məğrur bir insan kimi tanıyır. Onun bu həyatda heç zaman pul, mal-mülk, şöhrət qazanmaq kimi amalı olmayıb. Azərbaycanın istiqlalı uğrunda mücadiləmizin sıravi əsgəri kimi həyatının və taleyinin mənasına çevirib hər şeyi.

Dediyinə görə, onun üçün Vətən amalından yüksəkdə dura biləcək başqa bir amal olmayıb. Azərbaycan, azadlıq, milli amal onun üçün Tanrıdır, inancdır, ona ibadətdir.

- Azərbaycanın bayraqdarı Yaşar Türkazər necə yaşayır?

- Mənəvi cəhətdən özümü milyarder kimi hiss edirəm. Maddi cəhətdən isə xalqın bir nümayəndəsiyəm. Azərbaycan vətəndaşları necə yaşayır, mən də o cür.

- "Azərbaycanın bayraqdarı” adı uğrunda sanki bir mübarizə gedir. İlk bayraqdar olduğunu idda edənlər çoxdur. Siz necə?

- Mənim heç vaxt belə bir iddiam olmayıb, çünki bayrağı birinci qaldıran mən olmamışam. Yalan danışa bilmərəm. Desəm ki, ilk bayraqdar mənəm, dilim quruyar. Məndən öncə bayrağı qaldıranlardan Cahid Hilaloğlunu tanıyıram.

- Cahid Hilaloğlu üçrəngli Azərbaycan bayrağını 1956-60-cı illərdə Qız Qalasının üzərinə qaldırıb. Bəs, milli hərəkat zamanı?

- Azadlıq Hərəkatı dövründə Azərbaycan bayrağını ilk dəfə meydana Elşad Ziyadovla, Fərman Hüseynov gətirmişdi (Fərman Hüseynovun adını tərəddüdlə çəkir və bir neçə dəfə öz- özünə "adı yadımdan çıxıb” deyə təkrar edir).

- Bayraq harada tikilmişdi?

- İlk dəfə meydana gətirilən bayraq kağız üzərində idi. Sonra da parça üzərində gətirdilər. Sonra isə Hatəmi meydanda yığılan pullardan verib, Bəxtiyar Tuncayın bacısı ilə anasına tikdirdi.

- Bəs, bayrağı hardan tapmışdılar, məlumatınız varmı?

- Bildiyim qədəri ilə Hatəmi danışanda onlar eşidib və axtarıb tapıblar. Amma ətraflı bilgim yoxdur. Meydan Hərəkatında həmişə tribuna ilə camaat arasındakı boşluqda dayanırdım deyə kağız bayrağı onların əlindən mən götürmüşdüm. Əvvəlcə, soruşdum ki, bu nədir belə? Dedilər, Azərbaycanın bayrağıdır. Mən də onlardan alıb, yuxarı qaldırdım və camaata göstərdim.

- Azadlıq mücadiləsində başqa hansı fəaliyyətiniz olub?

- Əsas işim küçələrdə bayraq gəzdirmək olub.1989-cu il mayın 28-də və iyulun 8-də bayraq əlimdə küçələrdə "azadlıq” hayqıranda gözümdən yumruq zərbəsi aldım. Elə həmin yumruğu da bayrağın ilk möhürü sayıram. İlk dəfə bayrağa görə həbs olunmuşam.

- Ümumilikdə nə qədər həbsdə qalmısız?

- Dəqiq deyə bilmərəm. Saatlıq, sutkalıq həbslər də olub, saymamışam. Amma onu bilirəm ki, bayrağa görə döyülən, tutulan sonuncu adam mənəm. Məndən sonra heç kimi bayrağa görə, həbsə almadılar, təzyiq etmədilər.

- Deyəsən, axı qəzet yayımı ilə də məşğul olmusuz?

- 1989-cu il noyabrın 10-dan 1992-ci il martın 3-nə qədər Bakı küçələrində və Azərbaycanın 24 rayonunda qəzet yaymışam.

- Hansı qəzetləri?

- "Yeni Müsavat”

- Başqa qəzet satmamısız?
- Yox, ancaq "Yeni müsavat”.

- Niyə?

- Niyəsi odur ki, mən Müsavat partiyasını və Məhəmməd Əmin Rəsulzadəni təbliğ edirdim. Digər qəzetləri yaymaq mənə əngəl törədə bilərdi. Həmişə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Kamil palançı yaxşıdır yarımçıq papaqçılıqdan” misralarına söykənmişəm. Hesab edirəm ki, insan bir işi seçməli və onu sona qədər davam etdirməlidir. Onsuz da cəbhəçilərlə müsavatçılar bir ideya uğrunda mübarizə aparırdılar. Mən də düşündüm ki, iki qurumda təmsil olunub, yarımçıq iş görməkdənsə, bir qurumda olub, sona qədər onun ideologiyasını müdafiə edim. Amma onu deyim ki, ETTALAT məni həmişə cəbhəçi bilib. Günü bu gün də elə bilirlər ki, mən AXCP üzvüyəm.

- Xatirələrinini yazırsız?

- Xeyr. Sonuncu dəfə 1989-cu ildə Əbdürrəhman Vəzirov cənablarına açıq məktub yazmışam.

- Uzun müddət qəzet yayımı ilə məşğul olan biri olaraq, heç media orqanı təsis etməyi düşünmüsüz?

- Heç vaxt. Mən yaxşı döyüşərəm, danışaram, amma jurnalistika mənlik deyil. Özümün dil nəzəriyyəmi həyata keçirə bilsəm, bu mənim üçün ən böyük iş olar. Bütün yaradıcılığım feysbuk səhifəmdə yer alıb.

- Feysbukda fəalsız?

- Özüm işlətmirəm. Daha doğrusu, sosial şəbəkələrdən istifadə edə bilmirəm. Düzü, heç kompüterim də yoxdur. Səhifəmi bacım qızları işlədir. Mənim dil nəzəriyyəmlə bağlı yazılarımı onlar yerləşdirir, səhifədə.

- Deyəsən, hansısa filmdəsə rol almısız?

- Bəli, "Haray”da, həm də erməni rolunda.

- Erməni rolunda oynamaq sizin üçün çətin deyildi?

- Əksinə, zaldakı söyüşlər və qarğışlar mənə xoş təsir edirdi. Əsas odur ki, realda erməni düşüncəsindən yad olaq. Səhnədə erməni obrazını yaratmaq və düşmənə qarşı nifrət yaratmaq mənim üçün çətin deyildi.

- Necə oldu, filmdə yer aldız?

- Eldəniz Quliyevlə, Oruc Qurbanov məni dəvət etdilər, "Haray” filmində erməni rolunu canlandırmağım üçün. Oruc Qurbanov məni 70-ci illərdən tanıyırdı. Həmin vaxtlar "Nizami” dərnəyində Ələsgər Məmmədoğlu ilə birlikdə işlədikləri bir tamaşada yer almışdım.

- Bəs, niyə bu sənətin arxasınca getmədiz?

- Səbəbi dil qüsuru olmağımdır. Türkiyədə belə şeylərə bir o qədər də əhəmiyyət vermirlər. Amma bizdə dil qabiliyyəti çox ciddi məsələdir. Ömrüm boyu aktyor olmağın həsrətini çəkmişəm.

- Mədəniyyət işçisi olmasanız da, təcrübəniz var. Sizcə, Məhəmməd Əmin Rəsulzadə haqqında film çəksələr, onun obrazını ən yaxşı kim canlandıra bilər?

- Vaxtı ilə Gənc Tamaşaçılar Teatrında Teyyub Qurbanovun əsəri üzrə "Azərbaycan, Azərbaycan, Azərbaycan” adlı tamaşa qoyulub və həmin tamaşada mənim müəllimim Rafiq Hüseynli Rəsulzadə obrazını çox məharətlə canlandırıb.

- Bəs, indi elə bir aktyor varmı?

- Bunu rejissorlar daha yaxşı bilər. Hərənin bir baxışı var.

- Xalq artisti Rasim Balayev bir sıra tarixi şəxsiyyətləri canlandırıb, Rəsulzadəni də oynaya bilərmi?

- Niyə də, yox. Yaxşı ssenari olsa, məncə oynaya bilər.

- Azyaşlı bir qızınız var, adı nədir?

- Bəli, 5 yaşı var. Adı da Turqanaydır.

- Ad seçimi kim edib?

-Özüm qoymuşam. Hələ o, dünyaya gəlməmişdən əvvəl övladımın adı ilə bağlı 3 şərt qoymuşdum: adı türkcə, ahəng qanununa uyğun olmalı və heç bir dildə təhrif olunmamalıdır.

- Mənası nədir, haradan götürmüsüz?

- Turqan turan deməkdir. Amma adın iki anlamı var. Birincisi, turan balası, digəri isə türk anası deməkdir. Haradan götürməyimə gəldikdə isə əvvəla onu deyim ki, böyük rus yazıçısı İvan Turgenev yazmışdı: "Mən tatar xanı Turgeneyin törəməsiyəm”. Turgeney sözümü isə ana dilimizə, yəni ahəng qanununa uyğunlaşdıranda, Turqanay alındı. Sonra isə öyrəndim ki, Əmir Teymurun anasının adı da Turqanay olub. Bu adda Keniyada da bir göl var və ona Turqana gölü deyirlər.

- Deyəsən qızınızın opera müğənnisi olmasını istəyirsiz?

- Hər şeyi zaman deyəcək. Mən indidən onun barəsində heç nə deyə bilmərəm. Qızımdan başqa iki oğlum, bir nəvəm var.

- Nəvənizin adı nədir?

- Nənəsi adını Fatimə qoyub. Amma mən onun adını Uğur qoymuşam. Dedim, siz nə istəsəniz yazdıra bilərsiniz, o mənim Uğurumdur.

Hazırladı: Şəymən