Fazil Mustafa: “Bayramda hündür yox, alçaq hasarlı evlərə papaq atacaqlar, onların da papağa qoymağa bayramlığı yoxdur”
Papaq söhbəti...
Parlamentə bayram çox erkən gəlmişdi
Fazil Mustafa: “Bayramda hündür yox, alçaq hasarlı evlərə papaq atacaqlar, onların da papağa qoymağa bayramlığı yoxdur”
Fazil Mustafa: “Bayramda hündür yox, alçaq hasarlı evlərə papaq atacaqlar, onların da papağa qoymağa bayramlığı yoxdur”
Oqtay Əsədov: "Narahat olma, sən hansı qapıya papaq atsan, inanmıram ki, papağın boş qayıtsın”
Siyavuş Novruzov: "Hökumətin hesabatını məqbul hesab edib səs verək ki, Fazil Mustafa gedib papağını atsın”
Ötən gün Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov deputatları və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdikdən sonra, gündəlik təsdiq olunub. Gündəlikdəki əsas məsələ olan Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabat barədə O.Əsədov ümumi məlumat verərək bildirib ki, ötən il ölkə inkişafı yüksək templə davam edib: "Makro və mikroiqtisadi sabitlik qorunub saxlanıb, 2,8 faiz ümumi iqtisadi artım qeydə alınıb”.
"Azərbaycan ordusunun döyüş qabiliyyəti gündən-günə artır”
Bundan sonra baş nazir Artur Rasizadə hökumətin hesabatını təqdim edib. Baş nazir ilk öncə Qarabağ münaqişəsi haqqında fikirlərini bildirib: "Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib. Ermənistanın tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzanmasına səbəb olur”. O bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır: "Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur”.
A.Rəsizadə həmçinin iqtisadi inkişaf tempinin yüksələn xətlə getdiyini diqqətə çatdırıb.
"Cəbhəyanı kəndlərdə qaz problemi var”
Hökumətin hesabatını dəyərləndirən millət vəkilləri sənədin normal olduğunu söyləyiblər. Bununla yanaşı, çatışmazlıqları da Nazirlər Kabineti üzvlərinə çatdırıblar.
Xanım millət vəkili Qənirə Paşayeva seçildiyi Tovuz rayonunda cəbhəyanı bəzi kəndlərdə qaz probleminin olduğunu bildirib və hökumətdən bunun həllini xahiş edib. Daha sonra deputat orqan transplantasiyası ilə bağlı qanunvericiliyin icrası yönündə addımlar atılmasının vacibliyini deyib: "Azərbaycanda böyrək, ürək transplantasiyası ilə bağlı addımlar atılır. Bunun üçün yaxşı mütəxəssislər də yetişməkdədir. Transplantasiya cüt və artan orqanlar, yəni sağlam insan orqanları hesabına baş tutmalıdır. Amma qanunvericilikdə bu məsələ ilə bağlı boşluqlar var. Bu problemin həlli orqan transplantasiya probleminin həllinə kömək edərdi”.
"Qarabağ əlillərinin pensiya təminatında problemlər qalır”
Deputat Musa Quliyev isə bildirib ki, əsas problemlərdən biri Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır və pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yaranıb: "Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanlar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Stajı az olan Qarabağ əlillərinə verilən müavinətin də minimum pensiya həddinə çatdırılmasını təklif edirəm”. O, ölkədə sosial evlərin tikilməsinin də vacibliyini vurğulayıb.
Millət vəkili Eldar İbrahimov isə bildirib ki, 2014-cü ildə ölkədə kənd təsərrüfatı sahəsində 5,2 milyard manatlıq məhsul istehsal olunub. Bununla yanaşı, E.İbrahimov həllini gözləyən bəzi məsələlərin olduğunu hökumətin diqqətinə çatdırıb. O, ölkəyə Geni Modifikasiya Olunmuş (GMO) məhsulların idxalına ciddi nəzarət edilməsinin vacibliyini qeyd edib.
"Neftin qiyməti əhəmiyyətli dərəcədə qalxmayacaq”
"Azərbaycan hökuməti milli valyutanın devalvasiyasından faydalanmaq üçün yaxın 8-10 ay ərzində ciddi addımlar atmalıdır”. Bu sözləri isə hesabata münasibət bildirən iqtisadçı millət vəkili Əli Məsimli deyib. Deputat hökumətin devalvasiyadan sonra tədbirlər paketi hazırladığına ümid etdiyini söyləyib: "Devalvasiyadan uğurla yararlanmaq üçün hökumət 8-10 ay ərzində ciddi addımlar atmalı, ixrac imkanı olanlara əlverişli şərait yaratmalıdır. Hesab edirəm ki, Dövlət Neft Fondunun 1-2 milyard dolları ixrac potensialının inkişaf etdirilməsi, ixraca dəstək üçün istifadə edilməlidir”. Ə.Məsimli qeyd edib ki, hazırda Azərbaycan bəzi məhsullar üzrə özünü 80-85 faiz təmin edir: "Lakin taxıl üzrə bu göstərici 60 faizdir. Hesab edirəm ki, bu göstəricinin artırılması istiqamətində işlər görülməlidir. Həmçinin deməliyəm ki, neftin qiyməti əhəmiyyətli dərəcədə qalxmayacaq. Devalvasiyanın təsirinin əhalinin müəyyən təbəqələrinə vurduğu zərbə, dollarla kredit alanların durumu hələ də həll olunmamış qalır. Ona görə də, hökumət ortaq məxrəcə gəlməli, tədbirlər planında bütün bunları nəzərə almalıdır”.
"Deputat həmkarım Hacı Madər 5 dəqiqəlik çıxışını mənə həvalə etdi”
İclas zamanı maraqlı anlar da yaşanıb. Millət vəkili Zahid Oruc çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan əlavə daha beş dəqiqə artıq danışmaq istədiyini deyib. Deputat Həcc ziyarətində olan həmkarı Madər Musayevin öz çıxış vaxtını ona verdiyini qeyd edərək deyib ki, parlament rəhbərliyi bu məsələyə xoşməramlı yanaşacaq.
Spiker O.Əsədovun isə buna reaksiyası maraqlı olub: "Siz nə vaxtdan hacı olmusunuz? Sizə kim vaxtını verib?”.
Deputat isə sipikerə üzünü tutaraq - "Deputat həmkarım Hacı Madər 5 dəqiqəlik çıxışını mənə həvalə etdi. Həm də qeyd etdi ki, inşallah, növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm” - söyləyib.
Spiker də "Elə buna görə də, əlavə vaxt vermirəm”, deyə, deputata cavab verib.
"Vaxt var idi, insanlar bacadan da papaq atırdılar”
Daha bir maraqlı an isə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın çıxışı zamanı yaşanıb. Deputat Novruz bayramında papaq atılması ilə bağlı hündür hasarların problem yaratdığını deyib. Millət vəkilinin sözlərinə görə, insanlar papağı o qapılara atacaqlar ki, həmin evlərin hasarları alçaq olsun: "Amma o alçaq hasarlı evlərin papağa qoymağa bayramlığı demək olar ki, yoxdur. Xüsusilə də manatın devalvasiyasından sonra insanların yaşayış səviyyəsi aşağı düşüb. Ən əsası da banklardan kredit götürən şəxslər üçün həmin kreditlər indi ağır yükə çevrilib. Hökumət isə onlara aydın olacaq mesajlar vermir ki, gələcəyə hansısa ümidlə baxılsın”. F.Mustafa eyni zamanda yanvar ayından həyata keçirilən müəllimlərin 33 faizlik artımlı əmək haqlarının verilməsinin təmin edilmədiyini deyib: "Müəllimlər yanvar və fevral ayından hələ də artırılması nəzərdə tutulan məbləği almayıblar. Səhiyyə sahəsində də bir çox dəyişikliklər olsa da, icbari tibbi sığortanın tətbiq edilməsinin vaxtı artıq çatıb”.
Spiker isə deputatın hasar məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə özünəməxsus cavab verib: "Vaxt var idi, insanlar bacadan da papaq atırdılar. Narahat olma, sən hansı qapıya papaq atsan, inanmıram ki, papağın boş qayıtsın”.
"İndi hansısa tənqidə ehtiyac görmürəm”
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov qeyd edib ki, ötən il Azərbaycan üçün uğurlu olub: "İqtisadi inkişafımız göz qabağındadır. Heç kəs Azərbaycanın inkişafda olduğunu dana bilməz”. Millət vəkili çıxışında həmkarlarına iradlarını bildirib: "Deputat həmkarlarıma səslənirəm ki, bu gün hər hansı təkliflə çıxış etmək mənasızdır. Bu il keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən uğurla keçən deputatlar gələn ilin dövlət büdcəsinin müzakirə olunmasını gözləsələr, daha yaxşı olar. Bu səbəbdən də indi hansısa tənqidə ehtiyac görmürəm. Hesab edirəm ki, hökumətin hesabatını məqbul hesab edib səs verək ki, Fazil Mustafa gedib papağını atsın”.
Parlament sədri isə deyib ki, kiminsə seçkilərdə seçilib-seçilməyəcəyi bilinmir. Bunu bilmədiyimizdən qoy indidən təkliflərini səsləndirsinlər. İstəmirəm ki, kiminsə arzusu ürəyində qalsın”.
"Büdcəyə yenidən baxılması zərurətdir”
Deputat Zahid Oruc hökumətin ötən ilki fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınan ilk məsələ Rusiya-Ukrayna, Rusiya-Qərb qarşıdurmasına görə tətbiq olunan sanksiyalar fonunda ölkəmizdə iqtisadi sabitliyi qoruyub saxlaması olub: "Lakin 21 fevraldan sonra manatın dollara görə kursunda aparılmış 33.5 faizlik devalvasiya qərarından sonra biz hökuməti belə geniş tərkibdə ilk dəfədir ki, parlamentdə görürük və buna görə bir sıra suallara cavab verilməsi millətimizin gözləntilərinə, nigarançılığına son qoyardı. Nəzərə almalıyıq ki, ölkədə fəal ticari mühitə müəyyən qədər ziyan dəyib. Eləcə də panika və gözləmə mövqeyində olanlar, bank sektoruna inamını itirənlər malik olduqları vəsaitlərin gələcəyi barəsində bədgümandılar. Ona görə insanlara devalvasiyadan daha çox hazırkı qeyri-müəyyənlik zərbə vurur. Baxmayaraq ki, manatın dollara nisbətən kursunun 33.5 faiz aşağı düşməsi milli valyutamızın alıcılıq qabiliyyətinin və ya dəyərinin 33.5 faiz aşağı düşməsi anlamına gəlmir”. Millət vəkili bildirib ki, hazırda hökm sürən panik qiymətlər bir müddət sonra iqtisadiyyatın tələb və təklif modeli əsasında tənzimlənəcək: "Bununla belə, qiymətlərə inzibati müdaxilə onun süni vasitələrlə artması nə qədər pisdirsə, zorakı vasitələr və müdaxilələr vasitəsilə qiymətin diktəsi də o qədər pisdir. Bu, sovet iqtisadiyyatına qayıtmaq demək olardı. Ona görə mən hökumətdən məhz iqtisadi vasitələrlə, yəni, gömrük rüsumlarını, vergi dərəcələrini və bank faizlərini dəyişərək əhalinin maraqlarını qorumağa çağırıram. Belə olacağı təqdirdə həqiqətən də zəruri tələbat mallarının qiymətini qoruyub saxlamaq mümkün olacaq. Buna görə də büdcəyə yenidən baxılması zərurətini qəbul etməliyik”.
"Bəzi nazirlər sanki keçilməz qalada gizləniblər”
Millət vəkili Aydın Mirzəzadə ipotekaya ayrılan vəsaitin ehtiyacı ödəmədiyini vurğulayıb: "Ona görə də bununla bağlı xüsusi proqram qəbul edilməlidir. Bundan başqa, sosial evlərin tikilməsini də təklif edirəm. Çünki dövlət ucuz evlər tikərək onu aşağı faizlə və illik 3-4 faizlə ehtiyacı olanlara verə bilər. İkinci təklifim də odur ki, Bakı və Sumqayıt istisna olmaqla, mənzil tikintisi ilə məşğul digər şirkətlər vergidən azad olunsunlar. Büdcə bir neçə illik müəyyən gəlirdən məhrum edilsə də, əvəzində gələcəkdə yüz minlərlə insan mənzillə təmin oluna bilər”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə yenə də məmur-vətəndaş münasibətlərinin pis olmasından gileylənib: "Azərbaycanda məmur-vətəndaş münasibətləri dözülməz vəziyyətdədir. Bəzi nazirlər sanki keçilməz qalada gizləniblər. Biz millət vəkilləri hansısa nazirlə aylarla əlaqə saxlaya bilmirik. Öz seçicilərimizə necə deyək ki, bizim dövlət qurumları ilə aramızda uçurumlar var, sizin problemlərinizi vaxtında onlara çatdıra bilmirik. Mən Nazirlər Kabinetinin tərkibindən xahiş edirəm ki, bizimlə aralarında yaratdıqları baryeri qaldırsınlar, seçicilərimizin dərdlərini aidiyyəti məmurlara deyə bilək”.
Müzakirələrdən sonra hökumətin ötən illə bağlı hazırladığı hesabat sənədi qəbul olunub.
Anar Bayramoğlu