Əhməd Qəşəmoğlu:"Parklarda, ailəvi istirahət mərkəzlərində spirtli içkilərin satılması böyük bir şəbəkənin işidir"
"Bacardığımız qədər parklarda, insanların ailəvi dincəldiyi məkanlarda spirtli içkilərin satışının məhdudlaşdırılmasına çalışmalıyıq”.
Bunu "Sherg.az”a parklarda, ailəvi istirahət mərkəzlərində spirtli içkilərin satılmasına münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, bu zaman spirtli içkiləri satan şəbəkə ilə üz-üzə qala bilərik:

"Parklarda, ailəvi istirahət mərkəzlərində spirtli içkilərin satılması böyük bir şəbəkənin işidir. Maddi cəhətdən gəlir əldə etmək üçün onlara spirtli içkilərin yayılması maraqlıdır. Nə qədər bu içkilərin satışını tənqid etsək də, bu, azalmayacaq.
Ailəvi istirahət məkanı dediyimiz yerlərdə həqiqətən bu qayda-qanun qorunmur. Bir çoxlarının adı formal olaraq bu cür yazılır, lakin insan ailəsi ilə o yerlərdə istirahət edə bilmir. Ailəvi istirahət yerində ancaq pul qopartmaq məqsədi ilə qulluq edilir. Satış şəbəkələrinin hər birində insana vətəndaş kimi, humanist nöqteyi-nəzərdən baxmaq, halallıqla qulluq etmək anlayışı yadırğanıb. Həmin şəxslər özlərinə müxtəlif cür haqq qazandırır, icarə haqqının, xərcin çox olduğunu irəli sürür. Belə məlum olur ki, insanları həmin yerlərdə aldadırlar və müxtəlif kommersiya şəbəkələrinə pul ötürürlər.
Həmin dırnaqarası ailəvi istirahət mərkəzlərinə pul gətirən vasitələrdən biri də spirtli içkilərdir. Bunun qarşısını almaq çətin məsələdir. Yalnız sərt inzibati qadağalar qoyula bilər. Satış şəbəkələrinə birbaşa qadağa qoymaqla məsələ həll edilməyəcək. Bunun əsasında satış şəbəkələrinin maddi maraqları dayanır. Bununla mübarizə aparmaq isə asan deyil”.
Aysel Aslan