Nəticədə yanlış adamlar yanlış yerə hədəfə alınır, ölkənin ali qanunvericilik orqanının nüfuzdan salınmasına cəhd göstərilir
Parlament televiziyasının yaradılmasına çox böyük ehtiyac var
Milli Məclisin iclaslarından hazırlanan reportajların böyük əksəriyyəti qüsurlu olur
Nəticədə yanlış adamlar yanlış yerə hədəfə alınır, ölkənin ali qanunvericilik orqanının nüfuzdan salınmasına cəhd göstərilir
Nəticədə yanlış adamlar yanlış yerə hədəfə alınır, ölkənin ali qanunvericilik orqanının nüfuzdan salınmasına cəhd göstərilir
Millət vəkili Tahir Kərimli Azərbaycanda parlament televiziyasının açılmasını təklif edib. Belə bir televiziyaya çox böyük ehtiyac olduğunu qeyd edən T.Kərimliyə görə, parlamentin fəaliyyətinin, o cümlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı. Deputat hesab edir ki, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: "Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı".
Qeyd edək ki, bir neçə ay əvvəl də parlament televiziyasının yaradılması məsələsi deputatlar tərəfindən gündəmə gətirilmişdi. Milli Məclisdə qəbul edilən qanun layihələrinin izahının Milli Məclisdə akkreditasiya edilən jurnalistlər tərəfindən əhatəli verilmədiyini qeyd edən deputatlar hesab edir ki, hər bir qanunun mahiyyəti açıqlanmalıdır.
"Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı sahəvi media orqanlarının yaradılmasına qarşı olduğunu deyib:
"Söhbət təkcə Parlament Televiziyasının yaradılmasına olan münasibətimdən getmir. Bəlkə də həqiqətən parlament televiziyasının açılmasına ciddi ehtiyac var. Bəlkə də belə bir televiziya olsa, müzakirə edilən layihələr, qəbul edilən qanunlar barədə ictimaiyyətin maarifləndirilməsinin müsbət təsirləri ola bilər. Amma ümumi yanaşdıqda hər dövlət qurumunun özünə bir sayt, qəzet açmasına qarşıyam. Demək olar ki, hər nazirliyin, hər komitənin özünün onlayn saytı, jurnalı, qəzeti fəaliyyət göstərir. Halbuki bu qurumların fəaliyyətinin işıqlandırılması üçün mətbuat xidmətləri var. Mətbuat katibləri də hər gün ölkədə fəaliyyət göstərən müstəqil KİV-lərə bir neçə material göndərib onların çap olunmasını xahiş edirlər. Bilirlər ki, ictimaiyyət dövlət orqanlarının rəsmi saytlarını yox, məhz biz jurnalistlərin hazırlayıb yayımladığı xəbərləri oxuyur, müstəqil KİV-ləri izləyir. Heç kimin oxumadığı media orqanları nə dövlətə, nə də oxucuya lazımdır. Dövlət büdcəsindən bu qurumlar üçün ayrılan vəsaiti reklam şəklində ölkənin tirajlı kütləvi informasiya vasitələrinə versələr, effekti daha böyük olar. Bir daha təkrar edirəm ki, bütün qurumlarda mətbuat xidməti var. Dövlət strukturları, məmur aparatı, icra hakimiyyəti orqanları mediaya açıq olmalıdır. Bu, qanunla tənzimlənən bir məsələdir. Onların vəzifələrindən biri cəmiyyətə informasiya verməkdir. İnformasiya vermək, ölkəni, cəmiyyəti informasiya ilə təmin etmək isə biz jurnalistlərin işidir”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Milli Məclisin iclaslarında səsləndirilən fikirlərin məqsədyönlü şəkildə təhrif olunaraq ictimaiyyətə təqdim edilməsi, bu kontekstdə bəzilərinin sensasiya axtarışı, yaxud hansısa korporativ maraqlardan çıxış edərək problemlərimizi açıq şəkildə dilə gətirən, həlli yollarını göstərən, qərəzsiz, dialoqa açıq, təşəbbüskar insanların gözdən salınmasına cəhd göstərilməsi parlament televiziyası ideyasının aktuallığını bir daha gündəmə gətirir. O bildirib ki, işi ilə əlaqədar olaraq Milli Məclisin iclaslarından sonra orada səsləndirilən bütün fikirlərlə tanış olur:
"Ayrı-ayrı internet resurslarında Milli Məclisin iclaslarında səslənən fikirlər, müzakirə olunan məsələlərlə bağlı yayımlanan materialları müqayisə etmək imkanım olur. Milli Məclisin iclaslarından hazırlanan reportajların böyük əksəriyyəti qüsurlu olur. Bunu əks iddiada bulunan istənilən şəxsə açıq debatda sübut edə bilərəm. Millət vəkilləri adətən öz çıxışlarını müzakirəyə çıxarılan qanunlar ətrafında qururlar. Qanun layihələri isə öncədən bütün millət vəkillərinə paylanılır. Bildiyim qədər, media nümayəndələri də istədikləri vaxt bu sənədləri əldə edə bilirlər. Deməli, bu və ya digər qanun layihəsi ilə bağlı çıxış edən millət vəkili sənədlə digər həmkarlarının tanış olduğunu nəzərə alaraq, konkret müddəalar üzrə konkret təklif və ya iradla çıxış edir. Onun təklif və iradları parlamentin rəhbərliyi, qanun layihəsini hazırlayan qrupun üzvləri və təbii ki, millət vəkilləri üçün aydın olur. Amma layihə ilə tanış olmağa ərinən və marığda dayanan ovçu kimi havadan "söz tutmağa” gəlmiş bəzi KİV təmsilçiləri söhbətin nədən getdiyini başa düşmürlər və təbii ki, bu halda müzakirə olunan məsələ ilə bağlı öz təsəvvürlərinə, yaxud təmsil etdikləri media qurumunun informasiya maraqlarına uyğun gələn məlumat hazırlayırlar”.
E.Mirzəbəylinin sözlərinə görə, nəticədə yanlış adamlar yanlış yerə hədəfə alınır, ölkənin ali qanunvericilik orqanının nüfuzdan salınmasına cəhd göstərilir:
"Bu problem yeni deyil, illərdir ki, bizimlə yanaşı "yaşayır”. Bundan öncə də parlamentdə təmsil olunan jurnalistlər üçün davamlı məşğələlərin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdim. Düşünürəm ki, onlar qanunlarla işləməyi öyrənməlidirlər. Dünyanın hər yerində parlamentdə təmsil olunan jurnalistlər qanun yaradıcılığı ilə bağlı ən müfəssəl bilgilərə malik olurlar. Parlament jurnalistikası ayrıca sahədir və bəlkə də ixtisasdır. Bu işə ciddi yanaşmaq lazımdır. Əks təqdirdə fəsadları çox ağır ola bilər. Ola bilsin ki, ayrıca parlament televiziyasının yaradılması və fəaliyyət göstərməsi böyük vəsait tələb edir. Amma bunu fəaliyyətdə olan telekanalların birinin bazasında gerçəkləşdirmək olar. Bu gün qanunvericiliklə bağlı maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var. Əgər bu gün ölkədə şəffaflığın təmin edilməsi istiqamətində addımlar atılırsa, islahatlar aparılırsa, bu islahatların mahiyyəti barədə də cəmiyyətə məlumat verilməlidir, maarifləndirmə işi həyata keçirilməlidir. Cəmiyyətin iştirakı olmadan heç bir islahat uğur qazana bilməz”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də bu praktikadan dünyanın müxtəlif ölkələrində istifadə olunduğunu qeyd edib:
"Parlament televiziyası qanunverici orqanın fəaliyyətini cəmiyyətə çatdırır, qəbul olunan qanunların ətraflı izahını təmin edir. Bu baxımdan, yaxın gələcəkdə Azərbaycanda parlament televiziyasının fəaliyyətə başlaması istisna olunmur. Amma bir vətəndaş, bir jurnalist kimi bu yenilik məni sevindirmir. Bildiyiniz kimi, Milli Məclis üzvlərinin böyük əksəriyyəti mətbuatla əməkdaşlığa bir o qədər də maraqlı deyil. Hazırda jurnalistlərin Milli Məclisin iclas zalında fəaliyyət göstərməsilə bağlı müəyyən qadağalar var. Parlament televiziyasının yaradılmasından sonra bu məhdudiyyətlər bir qədər də sərtləşə bilər.
Hətta mən qorxuram ki, yeni TV-nin fəaliyyətə başlamasını əsas gətirib, jurnalistlərin Milli Məclisə girişinə qadağa qoyulsun. Bu isə jurnalistlərin deputatlarla əlaqələrinin tamamilə kəsilməsi deməkdir. Sonda vacib bir məqama da toxunmaq istəyirəm. Aydın məsələdir ki, parlament televiziyası dövlət vəsaiti hesabına fəaliyyət göstərəcək. Nəticədə yenə büdcə vəsaiti bir o qədər də səmərəli sayılmayan sahəyə sərf olunacaq. Bir qədər də açıq danışmaq istəyirəm: axı bizim deputatların əksəriyyəti fəaliyyətsizdir, xalq onların 90 faizini tanımır. Belə olan təqdirdə, parlament televiziyası onların hansı fəaliyyətini işıqlandıracaq? Hörmətli deputatlarımıza məsləhət görərdim ki, maaş davası, televiziya davası etməkdənsə, bir az öz seçicilərinin rifah halını yaxşılaşdırmaq barədə düşünsünlər. Azərbaycan xalqı qədirbiləndir, əgər deputatlarımız xalq üçün çalışsalar, televiziyasız da biz bundan xəbər tutacaq və alqışlayacağıq”.
Milli.az informasiya portalının baş redaktoru Anar İmanov isə Azərbaycanda ayrıca parlament televiziyasının yaradılması ideyasının çox gözəl təklif olduğunu deyib:
"Parlament televiziyası yaradılmalıdır. Belə bir televiziyaya çoxdan ehtiyac var. Son illərdə Milli Məclis tərəfindən çox sayda qanunlar qəbul olunub. Yaxşı olardı ki, qəbul olunan qanunların haqqında əhaliyə məlumat verilsin, ekspertlər onları təhlil edib, sadə dildə insanlara onların mahiyyətini çatdırsınlar. Məsələn, pensiya haqqında qanunvericilik dəyişdiriləndə, elə məhz televiziya vasitəsilə əhaliyə dəqiq, şayiələrdən uzaq, yoxlanılmış məlumat verilməlidir. Həmçinin digər qanunlarla bağlı. Digər ölkələrdə də parlament televiziyası yaradılması müzakirə olunur. Məsələn, Rusiyada dövlət telekanalında "Parlament saatı” var. Veriliş canlı yayımlanır və əhalini maraqlandıran suallara cavab verilir. Orada həmçinin qərar qəbul olunub ki, ayrıca KİV kimi "Parlament televiziyası” fəaliyyət göstərsin”.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da bir sıra ölkələrdə, o cümlədən, qardaş Türkiyədə parlament televiziyasının olduğunu deyib.
Azərbaycanda da belə spesifik bir televiziya kanalının olması mümkündür:
"Bununla belə, mən hesab edirəm ki, hazırda parlament televiziyasına xüsusi zərurət yoxdur. Birincisi, ona görə ki, bu cür televiziya kanalı olan ölkələrdə parlament televiziyaları parlamentin iclaslarını canlı yayımla verirlər. Həmçinin, həmin parlamentin iclasları demək olar ki, ay ərzində əksər günlərdə olur. Yəni deputatlar oraya əsas iş yeri kimi gedib gəlirlər. Bizdə isə vəziyyət fərqlidir. Parlamentin iclaslarından canlı yayım verilmir. Jurnalistlərin telefonları belə içəri buraxılmır. Bundan başqa, Milli Məclisin iclasları ay ərzində 2-3, maksimum 4 dəfə keçirilir. Hər iclasın müddəti isə 4 saatdır. Bu halda, parlament televiziyasının efir vaxtı necə doldurulacaq? Hansısa qanunların şərh olunmasına gəlincə, bizdə yeni qanunlarda daha çox qüvvədə olan qanunlara əlavə və düzəlişlər üstünlük təşkil edir. Digər tərəfdən, hansısa qanunun şərhi üçün kifayət qədər resurslar var. Bu baxımdan, hesab edirəm ki, indiki vaxtda Azərbaycanda parlament televiziyasının yaradılmasına xüsusi ehtiyac yoxdur”.
Şəymən