Tədris ilinin başlaması ilə uşaqlar arasında soyuqdəymə hallarının artdığı bir vaxtda pediatr Yekaterina Melnik məktəblilərin xəstəliklərdən qorunması üçün əsas tövsiyələri açıqlayıb.
Həkimin sözlərinə görə, əsas profilaktik tədbirlərdən biri milli peyvənd təqviminə uyğun vaksinasiya və qripə qarşı peyvənddir. Uşağın kifayət qədər yatması da vacibdir - məktəblilər üçün gündə 9–10 saat yuxu tövsiyə olunur.
Sherg.az xəbər verir ki, pediatr qidalanmada “Harvard boşqabı” prinsipinə əməl etməyi məsləhət görüb. Bu yanaşmaya görə, boşqabın yarısını tərəvəz və meyvələr, dörddə birini zülal, digər hissəsini isə tam taxıllı karbohidratlar təşkil etməlidir.
Həkim həmçinin əllərin gigiyenasına diqqət yetirməyi, fərdi dəsmallardan istifadə etməyi və D vitamini qəbulunu həkimlə müzakirə etməyi tövsiyə edib.
Mütəxəssislər evdə havanın rütubətini qorumağı, smartfonları mütəmadi təmizləməyi və stressi azaltmağı da məsləhət görürlər.
Allergiyanı respirator virus infeksiyasından fərqləndirmək üçün isə əsas əlamətlərə diqqət yetirmək lazımdır. Allergiya zamanı burunda qaşınma, asqırma, gözlərin sulanması və qızarması, adətən isə hərarətin olmaması müşahidə edilir. KRVİ zamanı isə halsızlıq, baş ağrısı, bədən ağrıları, iştahanın azalması və yüksək temperatur daha xarakterikdir.