Parlamentin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə zərurət yaranıb

Növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı ötən ilin əvvəlindən başlayan müzakirələr 2019-cu ildə də davam etməkdədir. Yeni ildə ilk müzakirəni iqtisadçı Qubad İbadoğlu gündəmə gətirib. Lakin ötən gün millət vəkili Fəzail Ağamalı da mediaya açıqlamasında bildirib ki, 2019-cu ilin oktyabr və digər aylarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər. 
Deputat növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyini bu cür izah edib: "Bunu daha çox əsaslandırırlar ki, 2020-ci ildə parlament seçkiləri keçirilsə, növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməli olacaq. İndiyə qədər eyni ildə prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təcrübə heç bir ölkədə yoxdur. Hər iki seçki vacib məsələdir. Hesab edirəm ki, hər iki seçkinin bir ildə keçirilməsi ölkəni çətin vəziyyətə sala bilər. Çünki seçki zamanı bütün qüvvələr səfərbər olur. Mən də bu məntiqə söykənərək düşünürəm ki, 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”.
Yenidən gündəmə gətirilən məsələ ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi Azər Həsrət ötən ilin aprelində, yəni prezident seçkisi keçiriləndə bu fikirlər geniş müzakirə edilib. Ekspertin sözlərinə görə, doğrudan da 2025-ci ildə həm prezident, həm də parlament seçkisi keçirmək Azərbaycan üçün asan olmaya bilər: 
"O baxımdan parlament seçkilərinin 2019-cu ilin yazında keçirilməsi ən ağlabatan variant kimi qəbul edilə bilər. Çünki bu ilin dekabrında bələdiyyə seçkiləri olacaq və ikisini birdən keçirmək də asan deyil. Hərçənd, bu variantı da istisna etmirik. Bütün bunlarla bərabər demək istərdim ki, Azərbaycanın daha çevik parlamentə ehtiyacı artıq özünü ciddi şəkildə göstərməkdədir.
 Özəlliklə il başlayandan ictimai rəyi məşğul edən məsələlər və onlara qlobal müstəvidə verilən reaksiyalar bunu deməyə əsas verir. Əlavə olaraq biz həm də struktur və kadr islahatlarını nəzərə almalıyıq. Bu islahatlar parlamenti də əhatə etməlidir. Ona görə də islahatları toplu şəkildə həll etmək baxımından parlamentin buraxılmasına və vaxtından əvvəl seçkilərin keçirilməsinə zərurət yaranıb”.
A.Həsrətin fikrincə, seçkilərin keçirilməsi üçün ən uyğun vaxt önümüzdəki aprel-may aylarıdır: 
"Bizi qarşıda çox böyük işlər gözləyir və o işlərin öhdəsindən gələ bilmək üçün parlament səviyyəsində səfərbər olmaq lazımdır. Lakin indiki tərkib o tələblərə cavab vermir”.
Politoloq Azər Rəşidoğlu da "Şərq”ə açıqlamasında yeni parlamentə ehtiyac olduğunu deyib: 
"Yeni siyasi mərhələ başladığına görə, yeni parlamentə də ehtiyac yaranıb. Dünyada və ölkədə tamamilə yeni situasiya yaranıb və kənardan görünən budur ki, hazırkı Milli Məclis öhdəsinə düşən missiyanı həyata keçirə bilmir. 
Düşünürəm ki, yeni parlament seçkiləri keçirilsə, qanunverici orqanın tərkibi keyfiyyət və kəmiyyət baxımından xeyli fərqlənəcək. Müstəqil düşüncəli insanların deputat seçkilərində iştirakı cəmiyyətin xeyrinə olar. 
Digər tərəfdən, parlament və prezident seçkilərinin eyni ildə keçirilməsi kataklizmlərə səbəb ola bilər. Bu baxımdan parlament seçkilərinin məhz bu il keçirilməsini məqsədəuyğun hesab edirəm. Onu da qeyd edim ki, bu seçkilərin zərurətini ilk olaraq vurğulayanlardanam”.
İsmayıl