Partiya sədrləri cangüdən, sürücü, ofis saxlayırlar, amma hesabat vermirlər

Lakin bu qrantların konkret kimlərə ayrıldığı göstərilməyib. Şübhəsiz ki, həmin vəsait siyasi institutların formalaşmasına sərf olunub
ABŞ-ın Milli Demokratiya Fondu 2011-2016-cı illərdə Azərbaycana 4 milyon 600 min dollar ayırıb

"Özünü müxalifət adlandıran, hüquqi qeydiyyatdan keçməyən siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər”. Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib. O bildirib ki, həmin şəxslər qanunları kobud pozurlar:

"Biz məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur”. Baş prokuror bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb: "Həmin yoldaşlara sual olunur, onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənlər saxlayır, müxtəlif avtomobillər alırlar, xarici səfərləri nəyin hesabına edirlər? Onlar maliyyə hesabatları vermirlər”. 

Z.Qaralov əlavə edib ki, nümunə kimi hakim Yeni Azərbaycan Partiyası (YAP) həm Maliyyə Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə hesabat verir: "Bəziləri qanundan danışırlar, amma özləri isə bu cür qanunsuz qrant korrupsiyasına qoşulublar. Bunlar bilməlidirlər ki, son dövrlərdə baş verən hadisələr, aşkar edilən vəsaitlərin mənbələri tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam geniş şəkildə maliyyə mənbələrinin yoxlanılmasını təmin edək”. 

Baş prokurorun xəbərdarlığı ilə bağlı "Şərq”ə danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, bir çox siyasi partiyalar faktiki olaraq rəsmi qaydada dövlətdən pul almırlar və müxtəlif yerlərdən əldə etdikləri vəsaitlə bağlı maliyyə hesabatı vermirlər: 

"Məlumdur ki, bir sıra siyasi partiyalar xüsusi binalarda yerləşir, rəhbərlikləri cangüdənlər, sürücülər saxlayır. Ancaq bütün bunların nəyin hesabına başa gəldiyi ilə bağlı açıqlama vermirlər. Çox hallarda siyasi təşkilatlar rəsmi qaydada maliyyə hesabatı verməkdən də imtina edirlər. Bu yaxınlarda ABŞ-ın Milli Demokratiya Fondu ilə bağlı kiçik bir araşdırma apardım. 2011-2016-cı illər ərzində Azərbaycana fond tərəfindən ayrılan qrantların məbləği 5 milyona yaxın olub. Təxminən, 4 milyon 600 min dollar təşkil edib. Lakin bu qrantların konkret kimlərə ayrıldığı göstərilməyib. Şübhəsiz ki, həmin vəsait siyasi institutların formalaşmasına sərf olunub. Məbləğlər də kifayət qədər böyükdür, hər qrantın 130-140 min ABŞ dolları civarında olduğu deyilir. Təxminən, il ərzində 1 milyon 200 min dollar vəsait ayrılıb”. 

Siyasətçinin sözlərinə görə, çox güman ki, həmin vəsait onlarla əməkdaşlıq edən, radikal düşərgədə təmsil olunan partiyalara verilib: 

"İndiyə kimi alınan pulların hesabatı verilməyib. Azərbaycan qanunvericiliyinə görə, siyasi partiyaların xaricdən hər hansı bir formada qrant alması qadağandır. Burada bir neçə qayda pozuntusu var. "Siyasi partiyalar haqqında” qanunun tələbləri, vergi qanunvericiliyi, şəffaflığın təmin olunması ilə bağlı məqamlar nəzərə alınmalıdır. Onların əməli həm mülki, həm də cinayət məsuliyyəti yaradır. Baş prokuror bu faktları nəzərdə tutaraq fikrini söyləyib. Heç kim qanundan kənarda qalmaq hüququna malik deyil”.

İsmayıl