Rauf Arifoğlunun Müsavatdan getməsi ən uyğun addım hesab olunur
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından gedəcəyini açıqlayıb. Doğum günündən sonra rəsmi istefa ərizəsini partiya rəhbərliyinə göndərəcəyini bəyan edən baş redaktor bildirib ki, dünyada qəbul olunan normaya görə, jurnalistlər konkret partiya üzvü ola bilməzlər.
R.Arifoğlu bildirib ki, partiyadan getmək barədə qərarı çoxdan qəbul edib və onun həyata keçirilməsi zaman məsələsidir: "Uzun müddətdir Müsavatın opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər”. Baş redaktorun sözlərinə görə, jurnalistikanın prinsipləri ilə partiyalılıq prinsipləri arasında ziddiyyət var: "Biri hər şeyi açıq tutmağı, gündəmə çıxartmağı, digəri isə gizlətməyi, qapalılığı tərcih edib. Bunların ikisi bir yerdə mümkün deyil. Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər öz məsləklərinə aid olmalıdır”. Rauf Arifoğlunun partiya sıralarından gedəcəyi ilə bağlı anonsundan sonra qəzetin digər əməkdaşları da analoji addım atacaqları barədə qərar qəbul ediblər. Bu addımı ilk olaraq tanınmış jurnalist, "müsavat.com” saytının baş redaktoru Xalid Kazımlı atacaq. O, uzun illərdir, partiyanın mətbuatdakı əsas fiqurlarından biri hesab olunurdu. Lakin Arif Hacılı başqan seçiləndən sonra aparılan "təmizləmə” işlərinə istər sosial şəbəkələrdə, istərsə də köşə yazılarında etirazını bildirirdi: "Rauf Arifoğlu bu addımı atmaqda qərarlı və israrlıdırsa, onda gərək mən daha uyğun zamanı gözləyim. Yoxsa bu, kampaniya səciyyəsi daşıyar, doğma, əziz partiyamıza zərbə olar”.
R.Arifoğlunun istefa qərarına münasibət bildirən Müsavat Partiyasının başqan müavini Elman Fəttah "Şərq”ə açıqlamasında deyib ki, jurnalistlərin siyasi mənsubiyyətsizliyi peşəkarlığın vacib elementidir: "Müsavat Partiyası hər zaman mətbuat azadlığı üçün mübarizə aparıb. Mənim şəxsi fikrim budur ki, jurnalist, mətbuat orqanı siyasi partiyalardan müstəqil fəaliyyət göstərməlidir. Xüsusilə də hakimiyyətdən asılı olmamalıdır. Rauf Arifoğlu Azərbaycanın ən uğurlu media meneceridir, hər zaman bütün gücünü "Yeni Müsavat”a həsr edib. Ancaq bir sıra qərəzli insanlar qəzetin Müsavat Partiyası tərəfindən idarə olunduğunu iddia etməyə israrla davam edirlər. Halbuki, "Yeni Müsavat” hər zaman partiyamızdan müstəqil fəaliyyət göstərib. Bu baxımdan Rauf Arifoğlunun Müsavatdan istefa niyyətli açıqlaması bu aydın həqiqətin hamıya nümayiş etdirilməsidir. Düşünürəm ki, bu niyyət həm "Yeni Müsavat”, həm də Müsavat Partiyası üçün ən uyğun addım, media ictimaiyyəti üçün isə pozitiv nümunə olacaq”.
Partiya başqanının digər müavini, Divan üzvü Səxavət Soltanlı isə deyib ki, Müsavata üzv olmaq və qurumdan getmək hər kəsin fərdi seçimidir: "Partiya hər kəsin şəxsi fikrinə və düşüncəsinə hörmətlə yanaşır. Müsavat Partiyası hansısa üzvünün istefa verəcəyini gözləməklə deyil, yeni üzvlərin cəlb olunması ilə məşğuldur. Biz əsas diqqətimizi buna yönəltmişik. Partiyamız mətbuat siyasətini daha da yaxşılaşdırmağı düşünür. Müsavatın mövqeyini işıqlandıran, fikirlərini olduğu kimi dərc edən istənilən mətbuatla işləyəcəyik”.
İsmayıl