Patır, çapati və dönər...

Sosioloq 14 yaşlı uşağın dönərə görə döyüldüyünə inanmır



Sovet vaxtı Özbəkistan reallıqları barədə çəkilmiş film vardı. Filmdə ac qalmış özbək uşaq bazarda gizlicə çörək - patır (bizim fətir) oğurlamaq istəyir. Ona elə gəlir ki, pərəncə geyinmiş qadın heç nə görmür. Axı pərəncədə nə üz görünür, nə gözlər. Amma uşaq yanılırmış. Qadın pərəncənin gözlüyündən görürmüş. Uşaq çörəyə oğrun-oğrun əlini uzadanda qadın uşağın əlini tutur... Daha sonrası yadımda deyil. Özümdən uydurub uşağın bazardakılar tərəfindən döyüldüyünü yaza bilmərəm.

Eyni motiv Hindistan kinematoqrafının incisi "Avara” filmində də var. Balaca Rac aclığa artıq dözə bilməyəndə çapati oğurlamaq istəyir. Və o da ələ keçir.
Paytaxtımızda da buna bənzər olay baş verib. 14 yaşlı uşaq dönər istəyib, dönərçi verib, amma uşaq dönəri yedikdən sonra pulunun olmadığını deyib. Bunun üstündə 2 nəfər uşağı döyüb xəstəxanalıq edib.

Bu barədə "ölkə.az” saytı yazıb. Saytın xəbərinə görə, Səbail rayonu, İslam Səfərli küçəsi 3 ünvanında yerləşən restoranda 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimov 2 naməlum şəxs tərəfindən döyülüb. Uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Xəstəxanaya gələn polis əməkdaşları uşaqdan ilkin izahat alıblar. Məlum olub ki, Mirsüleyman Rəhimov yediyi dönərin hesabını verməyə pulu çatmadığı üçün əvvəlcə təhqir olunub, sonra isə döyülüb. Hazırda faktla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsində təhqiqata başlanılıb. 14 yaşlı uşağı döyən restoran işçilərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Bəlkə qorxudublar...

Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında 14 yaşlı uşağın dönərə görə döyülməsini rəzalət adlandırdı:

- Əgər həqiqətən də uşaq dönərin pulunu ödəyə bilmədiyinə görə təhqirlərə və döyülməyə məruz qalıbsa, bunun adı yalnız rəzalət, alçaqlıqdır. Və cəmiyyətimiz üçün də utancverici olaydır. Amma mənə bu hadisə barədə uşağın dedikləri, çünki hələlik yalnız uşağın ifadəsi alınıb, tam da inandırıcı gəlmədi. Bəlkə də uşağın deyə bilmədiyi, etiraf edə bilmədiyi, bilib susduğu başqa məqamlar var. Bəlkə də uşağı döyənlər onu qorxudub, təhdid edib ki, həqiqəti açıb desə, bundan da betər edərlər onu. Mən uşağın dönər yeyib pulunu verə bilmədiyinə görə döyülməsinə o qədər də inanmıram. Zənn edirəm ki, burada başqa məsələ də ola bilər. Bunu müəyyənləşdirmək artıq hüquq-mühafizə orqanlarının işidir. Bir dəfə evimizdə kiçik yaşlı oğlumu elektrik cərəyanı vurmuşdu. Şükür ki, xətasız-bəlasız ötüşdü. Amma polis əməkdaşları 5 yaşlı oğlumu xeyli sorğu-suala tutdular; anan səni çox sevirmi, atanı sevirsənmi, səni döymürlər ki... Yəni, oxşar vəziyyətlərdə hüquq-mühafizə orqanları atadan da, anadan da şübhələnir. Ailədir, hər şey mümkündür. Övladına işgəncə verən, zorakılıq tətbiq edən valideynləri azmı görmüşük?! Bu mənada polis hər detalı araşdırır və araşdırmalıdır da. Bu baxımdan hesab edirəm ki, 14 yaşlı oğlanın döyülməsi hadisəsində də bütün məqamlar nəzərdən keçirilməlidir. Bəlkə o uşaq həmin restoranda çalışdırılır, böyüklərlə arasında insident olub? Bəlkə birinci dəfə deyil həmin uşağı incidirlər, təhqir edirlər, döyürlər?! Hüquq-mühafizə orqanları bütün bunları ciddi surətdə incələməlidir və yəqin ki, belə də olacaq.

Hadisənin ictimailəşməsi xeyirlidir

L.Mehralı hesab edir ki, bu cür hadisələr barədə xəbərlərin sosial şəbəkələrdə yayılması onların ictimailəşməsinə xidmət edir və bu da ümumilikdə cəmiyyət üçün xeyirlidir:
- Bu günlərdə bir xanım sosial şəbəkədə yazmışdı ki, dönər almağa növbəyə dayanıbmış, bir qız uşağı yaxınlaşıb dönərin qiymətini souruşub. Sonra ikinci dəfə yaxınlaşıb, lakin istəməyə ürək etməyib uzaqlaşırmış, bu xanımsa qızı yaxına çağırıb və dönər alıb ona verib. Xanım bu barədə sosial şəbəkədə yazmışdı. Kimsə deyə bilər ki, özünü reklam edir, nəyə lazımdı bunu afişləmək? Amma mən əksini düşünürəm.

Belə xəbərləri mütləq yaymaq lazımdır. Fikir verirsinizsə, bu cür xəbərlərə ən müxtəlif təbəqələrdən olan insanlar şərh yazır və beləliklə baxış bucağı yaranır. Hamımız yaxşı insan deyilik. Bir manata görə qardaşın qardaşla düşmən olduğu dövrdə yaşayırıq. Bədxahlar da var. Hesab edirəm ki, yaxşılığa, mərhəmətə dəvət edən hadisələr barədə cəmiyyətimiz nə qədər çox məlumatlı olsa, bir o qədər yaxşıdır. Çünki belə hadisələr cəmiyyətə yaxşı örnək ola bilir. Şəxsən mən küçədə dilənən qaraçı uşaqlarına pul əvəzinə yemək alıram. 

Bunu artıq adətə çevirmişəm. Nə zaman mənə yaxınlaşsalar, pul yox, yeməyə nəsə alıram. Və görürəm ki, həvəslə, hətta ifadəmə görə üzr istəyirəm, acgözlüklə yeyirlər. Deməli, o uşaqların qidaya ehtiyacları var. Bəlkə onlar topladıqları pulu aparıb təhvil verdikləri adamlar onlara qarın doyusu çörək vermir. Analarıdır, valideynləridir, bilmirəm, amma o uşaqların pul əvəzinə qida aldıqda sevindiklərinə hər dəfə şahid oluram. 

Hadisələrin ictimailəşdirilməsi, yayılması bu baxımdan cəmiyyət üçün çox xeyirlidir. İstər müsbət hadisələr olsun, istərsə də mənfi. İctimai qınaq bir çox hallarda hansısa inzibati cəzadan, cinayət məsuliyyətindən daha artıq effektli və təsirli olur.

Məlahət Rzayeva