Pediatrın təklifi DƏSTƏKLƏNDİ:"Şagirdləri tibbi müayinədən keçirmək lazımdır"






"Hazırda orta məktəbdə təhsil alan şagirdlərin 60 faizində görmə problemi var, 70 faiz inkişafdan geri qalıb, 75 faizində isə onurğa sütunu əyriliyi var”.

Bunu "Sherg.az”a məktəblilərin dərslər başlamazdan əvvəl müayinədən keçməsi ilə bağlı təklifə münasibət bildirərkən tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov söyləyib. 

O diqqətə çatdırıb ki, sözügedən statistika şagirdlər arasında fiziki problemi olan şəxslərin olduğunu göstərir:

"Təəssüflər olsun ki, şagirdlərin müəyyən hissəsi bu xəstəlikləri gizlədirlər. Hesab edirəm ki, yeni tədris ili başlayanda bütün şagirdləri tibbi müayinədən keçirmək lazımdır. Bu zaman onların yolxucu xəstəliklərin daşıyıcısı olub-olmaması müəyyən olunar. 

Bundan başqa, uşaqların görmə qüsuru varsa, o şagirdlər ön partalarda oturmalıdır. Yaxud ürək problemi, təngnəfəslik və digər xəstəliyi olan şagirdlər bədən tərbiyəsi dərsində olmamalıdır.

Kifayət qədər ciddi xəstəliklər var ki, onun daşıyıcısı olan şagirdlər təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Onlar ümumi hamı ilə bərabər təhsil almamalıdır. Onlar üçün xüsusi təhsil olmalı, nəzarət altında keyfiyyətli təhsil almalıdırlar.

Bütün bunlar üçün də tədris ilinin başlanmasına az qalmış 4472 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin tibbi müayinədən keçirilməsi təhsilin inkişafı və keyfiyyəti üçün lazımdır”.

Qeyd edək ki, tanınmış pediatr Vaqif Qarayev də xüsusilə görmə qabiliyyətində problem olan uşaqların dərs ili başlamazdan əvvəl müayinə olunmasını təklif edib.

Aysel Aslan