Pensiyaların ciddi artımı üçün nələr edilməlidir ?- İZAH





"Ölkədə pensiyalarla bağlı ciddi islahat aparılmalıdır”.

Bunu "Sherg.az”a gələn il üçün təqaüdlərin artması barədə danışarkən iqtisadçı-ekspert Nazim Bəydəmirli söyləyib.

Ekspertin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu özü özünü maliyyələşdirən təşkilat olmağına baxmayaraq, mahiyyət etibarı ilə dövlət büdcəsindən olan maliyyələşməsi ilbəil artır:

"Bu, onunla bağlıdır ki, ölkədə kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Dövlət Sosial Müdafiə Fonduna maaşdan ödəmələr azalır. Nəticə etibarı ilə bu ilin yekunlarına uyğun verilən ortalama 204 manat pensiyanın 110 manatı dövlət büdcəsi hesabınadır. Yəni Dövlət Sosial Müdafiə Fondu özü-özünü maliyyələşdirə bilmir. Bu isə ölkədə olan "kölgə iqtisadiyyatı”nın həcminin göstəricisidir.

O baxımdan Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta yığma funksiyası Vergilər Nazirliyinə verilməlidir. Fond özü isə ləğv olunmalıdır. Çünki aralıq olaraq, onları Dövlət Sosial müdafiə Nazirliyinə birləşdirdilər. Bu da pensiyalarla bağlı problemi həll etmir. İkili mühasibatlığı əsas qaynaqlandıran mənbə 25 faiz Dövlət Sosial Müdafiə Fonduna olan ödəniş, üstəgəl 14 faiz əmək haqqından tutulan gəlir vergisidir. Ümumilikdə bu, 39 faiz təşkil edir.

Gürcüstan təcrübəsini həyata keçirərək 2 vergini də birləşdirib, əvəzinə 20 faiz vergi tətbiq etməklə maaşların hamısının verilməsinə, eyni mühasibatlığın təmin olunmasına çalışmaq lazımdır. Onda yığılan vəsaitlər tam şəffaf olacaq. Maaş alanların, şirkətlərin və s. maaşı aşağı vergi ödəmək üçün birrəqəmli göstərilməyəcək. Belə halların yaranmasına səbəb ikili mühasibatlıqdır”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərclərinin 3 milyard 578,8 milyon manat proqnozlaşdırıldığını söyləyib. Nazirin sözlərinə görə, bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun bütün xərclərinin 97,7 faizini təşkil edəcək və 3 milyard 495 milyon manat olacaq.

Aysel Aslan