"Pensiyaya çıxma yaşı 65-ə qaldırıla bilər" - AÇIQLAMA




Pensiyaya çıxma yaşı büdcə xərclərini azaltmaq üçün qaldırılır.

Bunu Sherg.az-a Azərbaycanda pensiyaya çıxma yaşının artırılmasına münasibət bildirərkən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib. Onun sözlərinə görə, təqaüdlərin təmin edilməsi üçün özəl sahələrin rolunun artırılması çətinləşib:

"İnkişaf etmiş ölkələrdə pensiyanı təmin etmək üçün pul ayrılmır. Özəl sahədə çalışan hər işçi işlədiyi yerdə nə qazanırsa, ondan müəyyən məbləğ ayrılır. Dövlət sektoru da buna oxşar şəkildə tənzimlənir. Ona görə də təqaüdə çıxdıqdan sonra həmin toplanan vəsait hesabına pensiya müəyyən edilir. 

Azərbaycan isə inkişaf etməkdə olan ölkədir. İldə 1 milyarddan çox vəsait Sosial Müdafiə Fonduna ayrılır. Həmin özəl şirkətlərdən toplanmalı olan vəsait isə pensiyaçılara ödənilən vəsaitin təxmini 60 faizini təşkil edir. İllərdir ki, bu faiz daha artıq yüksəlmir. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Reallıq odur ki, sosial təminatın və pensiyaların verilməsi məsələsində özəl şirkətlərin rolunun intensivləşdirilməsi getdikcə çətinləşir. 

Pensiyanerlərin sayının davamlı olaraq çoxalması da büdcədən vəsaitin artırılmasını zəruri edir. Bu rəqəm artıq 1 milyard 300 milyona çatıb. Ona görə də, büdcədən ayrılan vəsaitin azaldılması məqsədilə pensiya yaşının yüksəldilməsi planlaşdırılır. Təbii ki, bu artım birdən-birə baş verməyəcək. Müəyyən müddətdə hissə- hissə artırılaraq 65 yaşa çatdırılmalıdır. Yenə qeyd etməliyik ki, imkanlarından asılı olaraq müxtəlif ölkələrdə təqaüdə çıxma yaşı da fərqlidir".

Ayyət