Tramp: “İran təhdidi” ehtimalına görə bombardmançı təyyarələri geri çəkdik

ABŞ Prezidenti Donald Tramp İngiltərədəki RAF Fairford aviabazasına yerləşdirilən ABŞ bombardmançı təyyarələrinin mümkün “İranla əlaqəli təhdidlər” səbəbilə geri çəkildiyini təsdiqləyib.

Sherg.az xəbər verir ki, Tramp Ağ Evdən ayrılarkən jurnalistlərə açıqlamasında təyyarələrin yerinin dəyişdirilməsi ilə bağlı danışıb.

“Bəzi təhdidlər var idi. Düşməni təhrik etməkdənsə, onu ələ keçirib məğlub edəcəyik. Bəs niyə onları orada saxlayaq ki?” - deyə Tramp bildirib. O, təyyarələrin çox uzağa aparılmadığını və bunun az xərc tələb etdiyini vurğulayıb.

Təhdidlərin İranla əlaqəli olub-olmadığı barədə suala Tramp bunun mümkün olduğunu deyib. İranın İngiltərəyə hücum dronları göndərməsi səbəbilə təyyarələrin geri çəkilib-çəkilmədiyi sualına isə “Bunu deyə bilmərəm, amma belə ediblərsə, ağır bədəl ödəyəcəklər” cavabını verib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) da RAF Fairfordda yerləşdirilən bütün ABŞ bombardmançı təyyarələrinin ölkədəki əsas bazalarına qayıtdığını təsdiqləyib.