Akif Nağı: “Biz də çox arzu edərdik ki, girovlarımız azadlığa qovuşsunlar”
Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətinə rəsmi cavab verib.
Qurumdan verilən məlumata görə, komitə prezidenti Rəşad Quliyevə məsələni gündəmə gətirdiyi üçün təşəkkür edib. Komitə sədri məsələnin ciddi surətdə diqqətdə saxlandığını deyib:
"Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda fəaliyyət göstərən nümayəndələri davamlı olaraq hər iki girovun saxlanma şəraiti ilə maraqlanır. Onların müalicə və müayinəsini nəzarətdə saxlayırlar. Hər iki şəxslə bağlı rəsmi qurumlarla danışıqlar gedir. Gizlilik anlaşmasına görə, danışıqların detalları ilə bağlı açıqlama verə bilmərik. Çox əminəm ki, ciddi əməkdaşlıq və qarşılıqlı dialoq sayəsində hər iki şəxslə bağlı müsbət nəticələr əldə olunacaq”.
Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev hər iki girovumuzla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdi. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da feysbuk səhifəsində müraciət edən şəxslərə təşəkkür edib: "Rəşad müəllim, Sizə atam və ailəm adından təşəkkür və minnətdarlığımı bildirirəm. Ümid edirəm, Allahın köməkliyi ilə gördüyünüz işlərin bir nəticəsi olacaq və atam azadlığa qovuşacaq”.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən QAT sədri Akif Nağı BQXK-nin açıqlamasına etibar etmədiyini deyib. Onun sözlərinə görə, Komitə sədri Peter Maurerin ifadələri şübhəlidir:
"Biz BQXK-nin Bakı nümayəndəliyi ilə dəfələrlə görüşmüşük, girovlarla bağlı məsələni gündəmə gətirmişik. Lakin onlar hər şeyi boyunlarından atıblar və deyiblər ki, vəzifələri sadəcə "məktub daşımaqdır”. O baxımdan mərkəzi ofisin cavabı məni qane etmir. Hər halda Komitə rəhbərinin cavabına ümidlə yanaşanlar var. Şübhəsiz, biz də çox arzu edərdik ki, girovlarımız azadlığa qovuşsunlar. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı məsələyə ciddi yanaşmırlar”.
Komitənin vurğuladığı dialoq məsələsinə münasibət bildirən QAT rəhbəri hesab edir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar nəzərdə tutula bilər:
"Bir neçə gün əvvəl Rusiyanın Əsir və Girovlarla bağlı Beynəlxalq İşçi Qrupu girovlara baş çəkdilər. Ola bilər, qurumlar arasında hansısa müzakirələr, razılaşmalar əldə olunub. Təbii ki, söhbət təkcə Dilqəm və Şahbazla bağlı deyil, bəlkə də Rusiyanın maraqlarına cavab verən başqa məqamlar da gündəmə gətirilib. Hətta ola bilsin, bloger Aleksandr Lapşin və digər şəxslərin məsələsi müzakirə edilib”.
İsmayıl