“Peyğəmbər sünnəti”nin nəticəsi niyə ölüm olsun?!”- Professor







"Hipospadiyanın – anadangəlmə "peyğəmbər sünnəti”nin nəticəsi niyə ölüm olsun?!”.

Bunu "Sherg.az”a 17 yaşlı oğlanın 7 dəfə səhv əməliyyat olunması nəticəsində dünyasını dəyişməsindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. 

O bildirib ki, bu əməliyyatdan sonra müəyyən hallar baş verə bilər:

"Amma belə xırda əməliyyatdan ölüm olması inandırıcı deyil. Hər halda narkozdan, yaxud başqa əlavə səbəbdən ölüm baş verə bilər. Bu məsələ araşdırılmalı, məsələyə qiymət verilməlidir. Ölümün birbaşa səbəbi bilinmədən qiymət vermək çətindir”.

A.Qeybulla diqqətə çatdırıb ki, əməliyyat səhv olunsa belə, təhlükəli məsələ olmadığı halda ölüm baş verə bilməz:

"Ola bilər ki, əməliyyatın funksional nəticəsi olmasın. Bu, mümkündür. Amma yenə də ölüm halı baş verə bilməz. Əməliyyat prosesi zamanı digər ağırlaşmalar ola bilər.

Əvvəlki əməliyyatların hansı səviyyədə olması, ölümün birbaşa səbəbi deyilməmiş, xəstəxana tərəfindən bu açıqlanmamış məsələyə rəy vermək olmaz. Ölümün səbəbinə aydınlıq gətiriləndən sonra yol verilmiş yanlışlığı da qiymətləndirmək olar”.

Qeyd edək ki, Bakıda 7 dəfə əməliyyat olunan gənc oğlanın əməliyyatlarının hamısı səhv aparılıb. Sonradan xəstənin ailəsi tanınmış uşaq cərrahı, uroloq Fuad Hüseynova müraciət edib. 17 yaşlı oğlanın problemi cinsiyyət orqanının qüsuru, sidiyə normal getməmə və sidik kisəsindən tüklərin çıxması ilə bağlı olub.

Aysel Aslan