Azər Allahverənov: “Maarifləndirmə qaydaları gücləndirilməlidir”
Son illər paytaxtımızda xeyli yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Köhnə keçidlər də təmir olunaraq əhalinin istifadəsinə verilib. Artıq Bakıda piyadaların rahatlıqla istifadə edə biləcəyi keçidlərin sayı kifayət qədərdir. Onların funksiyası yol hərəkətini tənzimləmək, piyadaların təhlükəsizliyini təmin etmək və tıxacların yaranmasının qarşısını almaqdır.
Amma təəssüf ki, əhali keçidlərdən lazımi səviyyədə istifadə etmir. Özü ilə bərabər sürücülərin həyatını təhlükəyə atır. Yol hərəkəti qaydalarına belə biganə münasibət isə qəzaların və ölümlərin günbəgün artmasına səbəb olur. Məhz bu səbəbdən də bəzi ekspertlər piyadalara şamil olunan sanksiyaların daha da sərtləşdirilməsini, cərimələrin artırılmasını təklif edir. Hesab edirlər ki, bu zaman vətəndaşlar qanunun tələblərinə əməl etmək məcburiyyətində qalacaqlar.
Piyadaların yol hərəkəti qaydalarına qarşı səhlənkar yanaşdıqlarını vurğulayan ekspert Azər Allahverənov bildirib ki, piyadaların iştirakı ilə baş verən yol qəzalarının əksəriyyəti də elə piyadaların ərincəkliyidir: "Piyadaların təhlükəsiz keçidi üçün nəzərdə tutulan zolaqlara yaxınlaşanda sürücülər birmənalı qaydada sürəti azaltmalıdırlar. Hətta qaydalara görə, piyada keçid zolaqlarının bir neçə yüz metrliyində piyadaların diqqətini çəkən nişanlar da quraşdırılmalıdır. Amma piyadaların müəyyən bir hissəsi bütün bu qaydalara etinasız yanaşır, harda gəldi yolu keçirlər. Bununla da yolda hərəkət avtomobillərin hərəkətinə maneçilik törədir, qəza şəraiti yaradırlar. Öz həyatları ilə yanaşı, sürücülərin də həyatına təhlükə yaradırlar. Dəfələrlə Dram Teatrının qarşısındakı yolda şahidi olmuşam ki, insanlar qrup şəklində yol - hərəkəti qaydalarını pozmağa meyillidirlər. Hesab edirlər ki, insanlar kütləvi şəkildə qanun pozuntusuna yol verdiyi halda yol polisləri cərimə yazmazlar. Halbuki qanunda belə bir istisna yoxdur”.
Ekspertin sözlərinə görə, maarifləndirmə işinin gücləndirilməsi, müvafiq qurumlar tərəfindən mütəmadi reydlərin təşkil olunması kimi addımlarla bu sahədə ciddi irəliləyişlərə nail olmaq olar. Amma çox vacibdir ki, həmin tədbirlər hədəfli və əsaslandırılmış şəkildə aparılsın: "Bəzən il ərzində bir neçə dəfə qaydaları pozan piyadalara qarşı cəzaların sərtləşdirilməsi və ya cərimələrin artırılması kimi təkliflər olunur. Amma mən bu cür sanksiyaların da tərəfdarı deyiləm. Sadəcə olaraq, maarifləndirmə qaydaları gücləndirilməlidir. Tez-tez qaydaları pozan insanlar arasında araşdırma aparıb, onların meyllilik səbəblərini aradan qaldırmaq lazımdır”.
Cərimə yazan polislərlə piyadalar arasında yaranan mübahisələrin obyektiv səbəbləri olduğunu vurğulayan A.Allahverənov deyib ki, bəzən vətəndaşlar polisləri insanlar arasında ayrıseçkilik etməkdə, daha çox xanımları cərimələməkdə ittiham edirlər: "Yol hərəkəti qaydasını pozan insanlar qrup halında olmadıqda bəzən onların hər birini saxlayıb cərimələmək mümkün olmur. Bu ancaq o halda baş verir ki, həmin anda bir neçə polis əməkdaşı dayansın. Bir polis əməkdaşı ancaq bir nəfəri saxlayıb cərimələyə bilər. Çünki protokol tərtibatı, şəxsiyyətin müəyyənləşdirilməsi bir xeyli vaxt aparır. Polisin bir piyadaya başı qarışan zaman digər vətəndaşlar cərimələnməsi üçün gözləməyəcək ki!”
Şəymən