"Status-kvonun dəyişdirilməsi məsələsi həmişə diqqət mərkəzinə gətirilir”.
Bunu Sherg.az-a Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil" açıqlamasını şərh edərkən politoloq Elşad Mirbəşir oğlu deyib.
O bildirib ki, Aİ rəsmisinin bu ifadələri yeni yanaşma tərzi deyil:
"Hətta bir neçə il öncə də münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan vasitəçilər, ayrı-ayrı beynəlxalq instansiyalar, status-kvonun yolverilməzliyi haqqında fikirlər səsləndiriblər. Təbii ki, həll olunmamış münaqişə vəziyyəti üçün status-kvo yolverilməzdir. Bunu diqqət mərkəzinə çatdırmaq, hər dəfə səsləndirmək, fikrimcə, heç nədən xəbər vermir. Bunu Avropa İttifaqının formalaşmış yeni mövqeyi kimi təqdim etmək düzgün deyil. Yəni cəmiyyəti çaşdırmaqdan başqa bir şey ola bilməz. Avropa münaqişə vəziyyətində dönüş yaratmaq istəyirsə, o hər şeydən öncə münaqişə vəziyyətinə obyektiv yanaşma tərzini sərgiləməlidir. Yəni Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bunu dilə gətirməlidir.
Aİ nümayəndələri erməni rəsmilərlə görüşü zamanı onlara desələr ki, siz Azərbaycan torpaqlarını işğaldan azad etməlisiniz, status-kvo vəziyyətini bu yolla dəyişməyə çalışmalısınız, Bu zaman münaqişə vəziyyətinə fərqli yanaşma nümayiş etdirildiyi təsdiq edə bilərik. Bu baxımdan qeyd etdiyimlə bağlı hər hansı əlamət görmürüksə, bunu başqa cür qiymətləndirə bilmərik. Çünki bir daha təkrar edirəm, münaqişəni səmərəli və ədalətli həll etmək üçün dayanıqlı sülhə nail olmaq üçün hər şeydən öncə bu prosesdə iştirak edən subyektlər münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgiləməlidir. Bunlar yoxdursa, deməli, onlar yenə də münaqişənin tənzimlənməsi istiqamətində real fikir səsləndirməkdən uzaqdırlar.
Sadəcə olaraq, bu sıradan səsləndirilmiş, şablon fikirdir. Bununla artıq uzun illərdir ki, rastlaşırıq. Münaqişənin tənzimlənməsində maraqlı olan şəxslər hər şeydən öncə Azərbaycan torpaqlarının boşaldılmasını tələb etməlidirlər. Bundan sonra təbii ki, onların səsləndirdiyi fikirlər ətrafında biz müzakirələr apararaq, qiymətləndirmə həyata keçirə bilərik”.
Qeyd edək ki, F.Mogerinin sözlərinə görə, münaqişə tez bir zamanda beynəlxalq hüquq əsasında siyasi həllini tapmalıdır.
Aysel Aslan