"Hərbi məsələlərlə bağlı senzura mətbuatın azadlığını boğmaq üçün qoyulmayıb”
Bu sözləri "Sherg.az”a Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişikliyin edilməsinə münasibət bildirərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Azərbaycanın müharibə şəraitində olduğunu söyləyən Ş.Ramaldanov qeyd edib ki, hazırda bu məsələ müəyyən şəkildə tənzimlənib:
"Y əni Müdafiə Nazirliyinin mətbuat xidməti mediaya lazım olan məlumatı verir. İnformasiya imkanları düşmən üçün kəşfiyyat xarakterli məlumat ola bilər. Ona görə mütəmadi olaraq hərbi hissələrin nömrələri, onların yerləşdiyi məkanlarla bağlı sosial şəbəkələrdə məlumat verilməməlidir. Bu mənada hesab edirəm ki, son dəyişiklik çox zəruridir. Çünki hərbi vəziyyət yarananda mətbuat o vəziyyətə uyğun işləməlidir.
Məlumat ötürülməzdən əvvəl həmin hadisəyə dair informasiya aidiyyəti qurumlarla birlikdə dəqiqləşdirilməlidir. Mətbuat nümayəndələri bəzən düşmənin işinə yarayan kəşfiyyat xarakterli xəbərlər verir. Bunun kəşfiyyat xarakterli xəbər olduğunu bilmir. Çünki bu, onun ixtisası deyil. Həmin məlumat isə separatçı ölkə üçün kəşfiyyat xarakterli məlumat mənbəyi olaraq qalır. Düşmən ondan hərbi vəziyyət yaranan zaman istifadə edə bilər. Son dəyişiklilər də ona görə edilib ki, kəşfiyyat xarakterli məlumatlar düşmənin əlinə keçməsin".
Hazırda informasiya müharibəsinin yaşandığını söyləyən polkovnik diqqətə çatdırıb ki, cəbhədə güllə səsləri eşdilməsə də, informasiya müharibəsi davam edir:
"Zaman keçdikcə görürük ki, informasiya müharibəsi həddindən artıq xüsusi bir vəziyyət yaradıb. Intensiv şəkildə məlumatlar gedir. O məlumatlar cəmiyyətə sızdırılır. Ona görə indi Müdafiə Nazirliyinin mətbuat xidməti bu məsələyə çox diqqətli yanaşır. Mətbuat orqanlarına informasiya müharibəsində işini düzgün aparması üçün köməklik göstərir.
Məlumatı mətbuat orqanlarından gizlətmirik. Ancaq çatdırıla bilən məlumatı hansı formada tərtib edib, çatdırmaq lazım olduğunu təbliğ edirik. Bu, məhdudiyyət kimi qəbul oluna bilməz. Bu müharibə şəraitində olan dövlətin məlumatlarının düzgün qaydada ifadə olunması və cəmiyyətə çatdırılması ilə bağlıdır. Ona görə də hesab edirəm ki, qanunda olan son dəyişiklik çox vacibdir. İstərdim ki, mətbuat orqanları buna düzgün yanaşsın. Belə məsələlərdə bizə yardımçı olsunlar. Düşmənin işinə yarayan xəbərləri verməsinlər !"
Qeyd edək ki, Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bugünlərdə keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.Əlavələrə görə, hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.
Kənan Eynuroğlu