"Prezident bu çıxışı ilə hər bir azərbaycanlının ürəyindən tikan çıxardı" - Ağacan Abiyev





Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasında tarixi əhəmiyyətə malik çıxış edib. Dövlət başçısı nitqində Ermənistan prezidenti Serj Sarkisyanın iftiralarla dolu fikirlərinə və əsassız ittihamlarına layiqli cavab verib. Ölkə başçısı bəyan edib ki, Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır: "Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Erməni təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən bu ölkədə, Dağlıq Qarabağda və ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”.

Prezident İlham Əliyev ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da danışıb: 

"Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək hərbi cinayət törədib. Qətlə yetirilənlər arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var.

 Lakin Ermənistan qətnamələri həyata yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan "status-kvo”nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, "status-kvo” qəbuledilməzdir”.

Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur:

"Bu, dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.

Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Prezident İlham Əliyev deyib ki, demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır: 

"Azərbaycan BMT-nin aktiv üzvüdür. 2012-ci ildə Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər. Ölkəmiz stabil, modern, demokratik dövlətdir. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Dünya tərəfindən multikulturalizmin mərkəzi kimi tanınmış ölkələrdən biridir. Bu, Azərbaycanın dövlət siyasətidir. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır. 2016-cı il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunub. Demək olar ki, heç milli azlığın yaşamadığı Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Ermənistanda islamofobiya pik həddə çatıb. Bu ölkə vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərindəki bütün məscidlərimizi dağıdıb”. Dövlət başçısı Azərbaycanın dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirdiyini də diqqətə çatıdıb.

Sarkisyanın sərsəm açıqlamaları ölkə ictimaiyyəti tərəfindən də sərt qarşılanıb. Münasibət bildirənlərin hamısı Ermənistan prezidentinin böhtanlarına tutarlı cavab veriblər. Milli Məclisin deputatı Aydın Mirzəzadə də bəyan edib ki, Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı yalan və saxtakarlığın klassik formasıdır: 

"Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası və Türkiyəni bu gün tarixi saxtakarlıq olan "erməni soyqırımı”nda ittiham etməsindən sonra qonşulara dostluq münasibəti təklif etməsi məlumatsız auditoriya üçün qurulan bir teatr tamaşasını xatırladır. Sarkisyan sivil, demokratik, müasir düşüncəli bir lider kimi görünməyə çalışır. Ancaq Ermənistan dünyada artıq çoxdan beynəlxalq hüquq normalarına riayət etməyən, qonşu dövlətlərlə müharibə və diktə dilində danışan, öz ölkəsində demokratik dəyərləri tapdalayan bir ölkə kimi tanınır”. Deputat vurğulayıb ki, Ermənistan bu gün saxta bir oyun oynamağa, beynəlxalq ictimaiyyətdə özünün ləkələnmiş imicini təmizləməyə çalışır: "O, ölkə daxilində indiki hakimiyyətin bir güc və nüfuz olduğunu göstərməyə çalışır. Amma tarix belə saxta oyunları çox görüb. Hesab edirəm ki, Ermənistanın özünü təmizə çıxarmaq və törətdiyi cinayətlərdən yaxasını qurtarmaq mümkün olmayacaq”.

Prezidentin çıxışını müsbət qiymətləndirən millət vəkili, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abıyev "Sherg.az"a açıqlamasınmda qeyd edib ki, dövlət başçısı hər şeyi necə lazımdısa söylədi. Ən yaxşısını prezident dedi. Hər şeyi olduğu kimi, necə varsa:

"Prezidentin çıxışına şərh vermək və ya onu müzakirə etmək bizə düşməz. Prezident Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsini bütün dünyaya çatdırdı. Onun çıxışı göstərdi ki, gözəl dünyanı korlayan ermənilərdir. Amma dünya buna göz yumur. Mən prezidentimizi dəstəkləyirəm. Heç kim ondan yaxşı danışa bilməz. Prezident bu çıxış ilə hər bir azərbaycanlının ürəyindən tikan çıxardı. Möhtərəm prezident çıxışı ilə bütün faktları ın yaxşı şəkildə dünyanın gözü önünə sərdi. Bunu kimsə cənab Prezidentdən yaxşı çatdıra bilməzdi. Biz bu çıxışa görə Prezidentimizlə ikiqat fəxr edirik. BMT tribunasından bu sözləri deməyə cəsarət və bacarıq lazımdır. Bu çıxışı tarixiləşdirən də məhz elə bu cəsar və bacarıqdır. Sağ olsun möhtərəm Prezidentimiz ! "



Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 19-da BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxışı olub. Erməni mətbuatının yazdığına görə, Sarkisyan çıxışında Dağlıq Qarabağ problemindən danışıb və bir daha həyasızcasına 2016-cı ilin aprel döyüşlərinə görə birbaşa Azərbaycan tərəfini günahlandırıb. Cinayətkar rejimin başçısı deyib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb.

O, iddia edib ki, Azərbaycanın Dağlıq Qarabağa iddia etməyə heç bir hüquqi və mənəvi əsası yoxdur:

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ordakı erməni xalqının hüquqlarına heç bir təsir göstərməməlidir. Regionun hüquqi statusunun olmaması orada yaşayan insanların hüquqlarının reallaşmasına əngəl ola bilməz. Hər kəs bilməlidir ki, Dağlıq Qarabağ problemi "insan haqları problemidir”. Bu münaqişə yalnız xalqların öz müqəddaratını təyin etmə hüququ əsasında həll oluna bilər. Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla bağlı səsləndirdiyi sərsəm fikirlər erməni həyasızlığının növbəti nümunəsidir. B.Əliyev bildirib ki, ümumiyyətlə, Xocalı soyqırımını təşkil edən və həyata keçirənlərdən biri olan cinayətkar Serj Sarkisyanın BMT-nin tribunasından çıxış etməsinə şərait yaratmaq ikili standartın ən bariz nümunəsidir: "Digər tərəfdən, Serj Sarkisyanın o tribunaya buraxılması müəyyən dairələrin Azərbaycana qarşı bu cinayətkarlardan bir vasitə kimi istifadə etməsinin təzahürüdür. Ona görə hesab edirəm ki, BMT-nin yenidən formalaşdırılması barədə səsləndirilən fikirlərin həyata keçirilməsi və Serj Sarkisyan kimi cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsi vacibdir. Sarkisyan Xocalı soyqırımını törətdiyinə görə, Azərbaycan ərazilərini işğal etdiyinə və 100 minlərlə insanı öz doğma yurdundan didərgin saldığına görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir”.


Ayyət ƏHMƏD